Nazir: “Türkiyə, Azərbaycan və Gürcüstanın birgə reallaşdırdığı layihələrə qoşulmaq niyyətində olan ölkələr var”


İqtisadiyyat 28 Noy 2017 13:15:57 265 0

Nazir: “Türkiyə, Azərbaycan və Gürcüstanın birgə reallaşdırdığı layihələrə qoşulmaq niyyətində olan ölkələr var”

"Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzrum, Bakı-Tbilisi-Qars və TANAP layihələri dünya üçün mühüm əhəmiyyət kəsb edir"

“Türkiyə, Azərbaycan və Gürcüstan birlikdə təkcə bizim region üçün deyil, Avropa və Asiya üçün mühüm əhəmiyyət kəsb edən layihələr reallaşdırır. Bu layihələr bu gün Tbilisidə keçirilən İpək yolu konfransında da müzakirə olunub”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan söyləyib.

Nazir deyib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzrum, Bakı-Tbilisi-Qars və TANAP layihələri dünya üçün mühüm əhəmiyyət kəsb edir: "Bizim bu layihələrimiz təkcə nəqliyyat, enerji təhlükəsizliyi sahəsində deyil, xalqlarımızın mədəni dəyərlərinin inkişafında, rifah halının yaxşılaşdırılmasında da çox faydalıdır. Artıq bütün dünya Azərbaycan, Türkiyə və Gürcüstanın reallaşdırdığı layihələrin faydasını görür. Bugünkü müzakirələr bir daha bunu sübut etdi".

Ə.Arslan başqa ölkələrin nümayəndə heyətləri ilə keçirdikləri görüşlərdə də bu məsələləri müzakirə etdiklərini, həmin ölkələrin də Türkiyə, Azərbaycan və Gürcüstanın birgə reallaşdırdığı layihələri dəstəklədiklərini və bu layihələrə qoşulmaq niyyətlərini bəyan etdiklərini bildirib.