"Qadın cinsi həzz almayanda digər şeylərdə ləzzət axtarır" Tahir Əmiraslanov FOTO


Digərləri 27 Noy 2017 19:36:00 320 0

"Qadın cinsi həzz almayanda digər şeylərdə ləzzət axtarır" Tahir Əmiraslanov  FOTO

Son.az publika.az-a istinadən Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanovla müsahibəni təqdim edir:

- Tahir müəllim, necəsiniz?

- Çox yaxşıyam. Nədən başlayaq söhbətimizə?

- Hər dəfə mətbəxdən danışırsınız? Gəlin bu dəfə özünüzdən danışaq. Tovuzlusunuz?

- Azərbaycanlıyam.

- Onda sualı belə qoyum, Azərbaycanın hansı güşəsində doğulmusunuz?

- Demək, Çingiz xanın nəvəsi Monqolustandan gəlib-çıxıb İrana, onun da nəvələri gəliblər İrəvana. O torpaqlardan da Tovuz ərazisinə köçüblər. Babam da bu nəsildəndir. Qobular kəndinə gəlib, nənəmlə evlənib. Bilirsiniz də, arvad haralı, kişi də oralı. Çox savadlı kişi olub, 8 dil bilirmiş.

- Bəs nənəniz?

- Nənəm çox güclü təbib idi. Onun ulu babaları İbn Sinanın tələbələri olmuşdular. Bu bacarıqları da nəsildən-nəslə ötürülmüşdü. Kənddəki evimiz yananda İbn Sinanın kitablarından köçürülmüş qalaq-qalaq əlyazma məhv oldu. Ancaq nənəm hamısını əzbər bilirdi. Müalicəsi olmayan xəstəlikləri sağaldırdı.

- Bu çox dəyərli faktdır. Bəs bildiklərindən sizə nə isə öyrədirdi?

- Mən onda balaca uşaq idim axı. Amma bir neçə hadisə yadımdadır. Böyrəyimdən əməliyyat olunmalı idim. Atam gətirdi ki, nənəmlə sağollaşım. Nənəm də atamı yaxşıca tənbehlədi. Məni özü müalicə elədi. Elə o xatirimdədir ki, itburnu ilə qarğıdalı saçağını dəmləyib, içirdirdi mənə. Bir dəfə də bədənim yara tökmüşdü. Hansı həkimə aparırdılar, bir əlac tapa bilmirdilər. Nənəm yenə müxtəlif otları qatdı bir-birinə, məni o suda çimizdirdi. Sonra da bir məlhəm hazırlamışdı, onu sürtdü. Səhərə heç nəyim qalmamışdı. İndiyə qədər bütün kəndimiz nənəmdən danışır.

- Çox istərdim nənənizi tanıyım.

- (Gülür) Mən də istərdim. Heyf ki, çox balaca idim. Biz ona ana deyərdik. Yaşı 80-i keçmişdi, amma üzündə bir dənə də qırış yox idi. Deyirdim, ay Gilas ana, niyə qocalmırsan? Cavab verirdi ki, ay bala, vaxtımmı var qocalmağa?!

- Neçə övladı vardı nənənizin?

- 3 oğlu, 3 qızı. Şükür edirəm ki, sevimli dayım, ağsaqqalım həyatdadır. O, mənim təfəkkürümün formalaşmasında böyük rol oynayıb. Özü riyaziyyat müəllimidir. Çox dünyagörüşlü insandır. Maraqlı bir fakt deyim. Bütün elmlərdə, lap elə humanitar sahələrdə riyazi qaydalara əməl olunmalıdır. Hətta dilin qrammatikasında matrisdən kənara çıxırsansa, ahəng də pozulur. Sözə münasibət, söz oyunu... bunların hamısını dayımdan öyrənmişəm. Bu gün yazılarım oxunursa, səbəbi odur.

- Bəs valideynləriniz?

- Atam da ziyali insan idi. Kənd Təsərrüfatı İntitutunun Mexanizasiya bölməsini bitirmişdi. Anamsa evdar qadın idi. Atam onu qaçırdanda məktəbdə oxuyurmuş. Biz 5 uşaq idik. Hamımızın dərsləriylə o, məşğul olurdu. Çox savadlı, ədəbiyyatı dərindən bilən qadındır.

- Yaşayırmı ananız?

- Şükürlər olsun ki, yaşayır. Bir dəfə məndən soruşdular ki, uşaqlığınız nə vaxt bitdi? Dedim, anam sağ olduqca mən uşaq qalacam. 60 yaşım var, amma hələ də anamın yanında özümü körpə kimi hiss edirəm.

- Madam ki, uşaqlıqdan söz saldınız, ilk oxuduğunuz kitab hansı olub?

- 5 yaşımda Molla Nəsrəddinin lətifələrini oxumuşam. Kəndimizdə işıqlar tez-tez sönərdi. Cəmi bir kanal var idi, o da gah göstərirdi, gah yox. Nənəm, xalam bizi dizinin dibinə çəkib, nağıllar, əfsanələr danışardılar. Düşüncəmin formalaşmasında bunun da böyük önəmi olub. Bir dəfə yadımdadır, 5-6 cı sinifdə oxuyuram, həyətdə idman eləyirəm. Babam dedi, ay Tahir neyniyirsən? Dedim, idman eliyirəm. Dedi, ay oğul, gücünü niyə havayı xərcləyirsən, gəl yer bellə, bir faydan toxunsun. Babamın bu öyüdü hələ də xatirimdədir. Ondan başqa Rabindranat Taqoru oxuyurdum, Hindistanı gəzirdim, Şekspirlə Avropaya gedirdim, Talstoyla Rusiyanı dolaşırdım. Yəni kitablarla dünya səyahətinə çıxırdım. Ən çox da Artur Konan Doylu sevirdim. Onun əsərləri mənim dünyaya baxışıma çox təsir edib. Hətta iki il qaraçı köçünə qoşulub, şamanlıqla məşğul olmağımın qaynağında da o, durur.

- Haqqınızda yeni bir şey də öyrəndik. Demək, qaraçılarla da yaşamısınız. Həm də şamanların öz dünyaları var.

- Bəli, bəli. Onlar bizim kimi yanaşmırlar hadisələrə. Tam fərqli dünyaları var. Sizə bir şey də deyim, uşaq vaxtı Bakıda olmağı çox istəyirdim. 7-ci sinifdə nəhayət Bakıya gəldim. Biologiya üzrə ölkə olimpiadası idi. Elə o vaxt bilirsinizmi, nəyi anladım? Dünyanı gəzmək üçün pula ehtiyac yoxdur, əsas elmli olmaqdır. Savadın varsa, bütün qapılar üzünə açılacaq. Bu yaşıma qədər o qədər ölkədə olmuşam ki, arzumu artıqlaması ilə yerinə yetirmişəm. Təsəvvür edirsinizmi, adi bir kənd uşağı hər yeri gəzib-dolaşıb.

- Elə bütün dahilər də o kəndlərdən çıxmırmı?


Xəbərə aid fotolar