Tanınmış jurnalistin atasını avtomobillə vuraraq öldürən şəxs özünü təqsirli bilib


Sosial 27 Noy 2017 14:40:41 362 0

Tanınmış jurnalistin atasını avtomobillə vuraraq öldürən şəxs özünü təqsirli bilib

Zərərçəkmişin hüquqi varisi olan İmdad Əlizadə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib

Nərimanov Rayon Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) işçisi Seymur Qarayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hadisədən 1 il 4 ay 18 gün sonra dünyasını dəyişmiş Qarabağ müharibəsi veteranı Əli Əliyevin oğlu, zərərçəkmişin hüquqi varisi İmdad Əlizadə vəsatət qaldırıb.

O vəsatətində xatırladıb ki, hadisə 1 il 9 ay 13 gün əvvəl baş verib, bu müddət ərzində təqsirləndirilən S.Qarayev azadlıqda olub: "Cinayət işinin materiallarından da göründüyü kimi, onun törətdiyi hadisə insan ölümü ilə nəticələnib. Bundan başqa, hadisə zamanı bir nəfər də ağır xəsarət alıb".

İ.Əlizadə təqsirləndirilən S.Qarayevin barəsində seçilmiş polis nəzarəti qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini onun məhkəmə zalında həbs olunmasını istəyib.

Hakim bildirib ki, vəsatət növbəti iclasda yazılı şəkildə təqdim edilməlidir.

Məhkəmədə zərərçəkmişin hüquqi varisi İ.Əlizadənin istintaq dövründə təqsirləndirilən şəxsə qarşı 166 min manat məbləğində mülki iddia qaldırdığı açıqlanıb. Məlum olub ki, mərhum Ə.Əliyevin müalicəsinə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) 4700, Mərkəzi Klinik Xəstəxanada 67881, “Avrasiya” Hospitalda 59050 (mərhumun ailəsinin bu xəstəxayana əlavə olaraq 11270 manat borcu qalıb), Bakı Sağlamlıq Mərkəzində 5900 manat xərclənib. Bunları təsdiqləyən rəsmi qəbzlər cinayət işinə əlavə edilib. Eyni zamanda, dəfn və yas mərasimlərinə 14000 manat civarında pul sərf olunub. Bundan başqa, zərərçəkmişin ailəsi mənəvi zərərə görə təqsirləndirilən şəxsdən 15000 manat kompensasiya tələb edir.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda bildirilib ki, S.Qarayev 2016-cı ilin fevral ayının 14-də saat 06:50 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "GAC MİNİK markalı 99-AD-434 qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə "Koroğlu" metrostansiyası istiqamətində hərəkətdə olarkən yolun Z.Bünyadov prospekti 70A saylı ünvanın qarşısına düşən hissəsində "Yol hərəkəti haqqında" qanunun 50-ci maddəsinin 1-ci hissəsinin - sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələbləri pozaraq, piyadalar Əliyev Əli Əlqəmə oğlu və Talıbov Əliəskər Məmmədli oğlunun yolu onun hərəkət istiqamətinə nəzərən sağdan sola keçdiklərini gördüyü halda idarə etdiyi nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan bütün tədbirləri görməyib və həmin avtomobilin qabaq tərəfi ilə piyadaların hər iksini vurub. Nəticədə o, ehtiyatsızlıqdan Ə.Əliyevin sağlamlığına ağır kəllə-beyin travması, kəllə əsası sümüklərinin sınığı, baş beyində çoxsaylı lokal qansızma ocaqları, yan mədəcikdə qansızma, burun sümüyünün sınığı, sol baldır sümüklərinin çox qəlpəli sınıqları, ağciyərlərdə kontuziya ocaqları, sağ VI-VII qabırğalarda öndə sınıq, hər iki döş boşluğunda sərbəst yağıntı kimi həyat üçün təhlükəli və ölümü ilə birbaşa səbəbli əlaqədə olan ağır zərər vurmaqla ölməsinə səbəb olan qəza törədib və bu zaman yol nəqliyyatı qaydalarını pozub.

Eyni zamanda, digər zərərçəkmiş Ə.Talıbovun sağlamlığına qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, burun sümüyünün yeriini dəyişən sınığı, 12-ci döş fəqərəsinin kompression sınığı, sağ diz oynağında sümüyünün kondiluslardan keçən yerdəyişməyən sınığı, sağ diz oynağında incik sümüyünün başının sınığı, hər iki diz oynağının hematrozu, başın təpə nahiyəsinin, hər iki saidin, sağ əlin 2-ci barmağının sıyrılmış yaraları kimi sağlamlığa ağır zərər vurmasına səbəb olmaqla yol nəqliyyatı qaydalarını pozub.

Elan olunmuş ittiham üzrə S.Qarayev özünü təqsirli bildiyini deyib. Amma mülki iddianı qəbul etmədiyini bildirib. O, sərbəst ifadəsində hadisə barədə danışıb.

Daha sonra təqsirləndirilən şəxs hakimin, prokurorun, vəkilin və zərərçəkmişin, zərərçəkmişin hüquqi varisinin suallarını cavablandırıb.

Prosesdə zərəçəkmiş Ə.Talıbov dindirilib. O, da hadisə barədə danışıb və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu söyləyib: "Hadisədən sonra Seymur Qarayev mənə heç bir köməklik göstərmədi. Qəzadan sonra aldığım xəsarətlərə görə işləmirəm. Hazırda sosila vəziyyətim çox acınacaqlı durumdadır. O, mənə yalnız xəstəxanada olan zaman bir az yardım göstərdi. Daha sonra isə mənə heç bir köməklik etmədi. Hətta Seymur Qarayev xəstəxanada mənim MRT müayinə cavablarını özü ilə aparıb və bu günə qədər də qaytarmayıb. O, mənə dedi ki, "get rayona, sənə orada yardım göstərəcəm". Lakin Seymur Qarayev dediyinə əməl etmədi. Hətta ona zəng edəndə dəfələrlə mənə deyib ki, gəlib sənə baş çəkəcəm. Amma bir dəfə də gəlmədi və dediklərinin hamısı yalan çıxdı".

Zərərçəkmiş Ə.Talıbov bildirib ki, təqsirləndirilən S.Qarayev istintaqda və məhkəmədə yalan ifadələr verib: "O, bizi gördüyü halda maşının əyləcini basmadı, maşını nə sağa, nə də sol tərəf istiqamətinə çəkdi. Yalnız bizi vurduqdan sonra maşını saxladı. İndi yalandan deyir ki, guya biz qəfildən avtomobilin qarşısına çıxmışıq. Bunlar hamısı yalandı".

Məhkəmə zərərçəkmişin hüquqi varisi İ.Əlizadəyə ifadə verməsi üçün söz verib. Lakin o, ifadə verməyə hazır olmadığını, növbəti iclasda danışmaq istədiyini qeyd edib.

Məhkəmənin növbəti iclası dekabrın 8-nə təyin edilib.

Qeyd edək ki, S.Qarayev Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma), bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Qeyd edək ki, 2016-cı ilin fevral ayının 14-də baş vermiş qəzadan sonra Ə.Əliyev 7 ay Mərkəzi Klinikada, 8 ay 17 gün isə "Avrasiya Hospital"ında müalicə alıb. Daha sonra o, Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. 504 gün komada qalan Ə.Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.

Xatırladaq ki, Ə.Əliyev erməni işğalı nəticəsində ata-baba yurdundan didərgin düşmüş ziyalılardan biri olub. O, 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib. Ə.Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Ə.Əliyev və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən "54 gün mühasirədə” adlı sənədli film çəkilib. O, həmçinin "54 gün erməni mühasirəsində” kitabının müəllifidir. Ə.Əliyev altı övlad böyüdüb. Tanınmış jurnalist İmdad Əlizadənin atasıdır.