Tikintidə MONİTORİNQ: 264 nəfər əmək müqaviləsiz çalışır


Digərləri 27 Noy 2017 14:08:00 212 0

Tikintidə MONİTORİNQ: 264 nəfər əmək müqaviləsiz çalışır

264 şəxsin əmək və ya xidməti (mülki) müqavilə olmadan tikinti şirkətlərində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Son.az trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən "Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı" tikinti şirkətlərində aparılan səyyar monitorinqlərin nəticələrində bildirilir.

Bildirilir ki, monitorinqlərin keçirilməsində məqsəd tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunması, sosial təminatlardan yararlanmasının təmin edilməsi və əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsidir. Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən 22 səyyar monitorinq həyata keçirilib. Monitorinq Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 76 hüquqi və fiziki şəxsi əhatə edib.

Monitorinqlərin keçirildiyi dövr ərzində 264 şəxsin əmək və ya xidməti (mülki) müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib. Monitorinq nəticəsində aşkar olunmuş faktlar müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğa göndərilib.

Məlumatda qeyd olunur ki, dövlət orqanları tərəfindən tikinti şirkətləri ilə bağlı Mərkəzə daxil olan məlumatlar ilkin olaraq Analitik Monitorinq Sistemi vasitəsilə təhlil edilir və əsas yarandığı halda Mərkəzin Səyyar monitorinq qrupu tərəfindən tikinti obyektlərində səyyar monitorinqlər həyata keçirilir. Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (on nəfər və ondan çox olan) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.