''Vay o günə ki, varlı yaşayasan, kasıb öləsən...''


Digərləri 27 Noy 2017 10:07:28 277 0

''Vay o günə ki, varlı yaşayasan, kasıb öləsən...''

Son.az gənc şair Xəlil Adıgözəlin şeirlərini təqdim edir.

QULaq fəlsəfəsi

Kimi Vicdanını satır içində,

Kimi vaxt öldürür, fikir dağıdır.

Millət ölü kimi yatır içində,

Bu ölkə elə bul fil qulağıdır.

İndi söz dalında yarpaqtək əsib,

Ağzına su alıb susurlar, şair.

Sözə baxmayanın dilini kəsib,

Çəkib, qulağından asırlar, şair.

Daha hələm-hələm söz düşmür ələ,

Daha qulaqları söz kar eləmir!

Hamı zirehlənib qalın gön ilə,

Deyirsən, deyirsən, söz kar eləmir.

Nə çoxdur Sözünə ağız əyənin,

İlahi, dünyanın nə çox acı var?!

Ta qulaq eşitmir ağız deyəni,

Bütün qulaqlarda söz tıxacı var.

Köhnə kişilərin qatarı gedib,

İndi səs bəs edir, qorxa "kişilər"

Qandalı qoluna bilərzik edib,

Sözü qulağına sırğa "kişilər".

Sağ ikən ölümü seçən adamlar.

Bağdadda xurmanın kalını dərər.

Günü yatmaq ilə keçən adamlar,

Durar, qulağının dalını görər.

Bu sözün başında nə qədər durum?!

Quyuya bir quyu su töksən, dolmaz.

Bunun fəlsəfəsi belədir: "Karın,

dinib-danışmağa dili də olmaz".

Gözüylə görənlər

Yığışın, ümidlər, yığışın gedək,

Yaşaya bilmirəm sözü kölgəli.

Burda insanların dili çox gödək,

Başı aşağıdır, gözü kölgəli.

Daha şeirlər də sözü götürmür,

Qulağa çatmamış söz gözə gəlir.

Sözü hər adamın gözü götürmür,

Söz üstə baş başa, göz gözə gəlir.

Sözün gen boğazdan keçməyən vaxtı,

Hərə bir tərəfdən söz vurar ki, gəl!

Zlümətdən göz-gözü seçməyən vaxtı,

Ölüm əl eləyər, göz vurar ki, gəl.

Çoxdan gözlədiyin o ölüm gələr,

Özünü təmizlər öz yaddaşından.

Əvvəl - nə bilirsən ağlından silər,

Sonra - nə görmüsən göz yaddaşından.

Bir ömür canından keçdiyin adam,

Başının üstündə ağlayar son kəs.

Bir vaxt gözlərini açdığın adam,

Əl atıb gözünü bağlayar son kəs.

Elə yaşayasan, elə öləsən,

Həyat başını yox, qəddini əyə.

Elə yaşayasan, elə öləsən,

Verdiyin son nəfəs ölməyə dəyə.

Adam var - həyatdan xəbəri olmaz,

Gözə dondan-dona girib yaşayar.

Adam var - Allahın xoş günün görməz,

Adam var - "Gözüylə görüb" yaşayar.

Yığışın, ümidlər, yığışın gedək,

Yaşaya bilmirəm sözü kölgəli.

Burda insanların dili çox gödək,

Başı aşağıdır, gözü kölgəli.

Quş baxışı

Nə var bu dünyanın lap sonrasında?!

Gör kim doğma bilir, kim ögey bizi.

Qalmışıq yer ilə göy arasında:

Nə yer qəbul edir, nə göy bizi.

Kim deyir bu həyat yuxudur, yuxu?!

Yolumuz Günəşə, Aya düşəcək.

Biz göylük adamlar deyilik axı,

Düşsə, ümidimiz suya düşəcək.

Möcüzə gəzirik, sehr eləyirik,

Yanarıq baharın qış baxışıyla.

Dayanıb dünyanı seyr eləyirik,

Qartal dimdiyindən quş baxışıyla.

Mavi gözlərindən qara yaş gəlir,

Qalmayıb dizində kələyi daha.

Açılmış sinəsi göyləri dəlir,