Pərvinin bəyənmədiyi kişilərimiz, Fuad Poladovdan öldürücü zərbə, Təranəni canlı yayımda öpmək, transseksual sənətçilərimiz


Şou-biznes 27 Noy 2017 07:21:00 288 0

Pərvinin bəyənmədiyi kişilərimiz, Fuad Poladovdan öldürücü zərbə, Təranəni canlı yayımda öpmək, transseksual sənətçilərimiz

Son.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (149-cu say) təqdim edir.

Model-aktrisa Pərvin Abıyeva Türkiyə mətbuatına müsahibə verib. Deyib ki, türk kişilər romantik və səmimidirlər, Azərbaycan kişiləri kimi deyillər. Azərbaycanlı kişiləri isə kobud, bir az da köhnə fikirlidirlər, türk kişiləri kimi romantik deyillər.

Pərvinin müsahibəsindən olan bu hissə iki gündür sosial şəbəkələrdə kişilərin narazılığına səbəb olub. Ardınca aktrisa daha bir açıqlama verib ki, yenə daş oldum düşdüm başınıza və sair. Yəni, necə deyərlər, sözünün üstündə durub.  Qulpqoyan dayı buradan mənə deyir ki, bala, mən cəhənnəm, heç olmasa bu cavan uşaqları gedib oralarda biabır eləməyəydin. Elə bu cümlələri yazanda dostum Məmmədin yazdığı status gözümə dəyir: "Pərvin Abıyevaya demək lazımdır ki, türk lirəsi xeyli dəyər itirib. Min manat min lirədən daha dəyərlidir".

Yəni, dostum bununla demək istəyir ki, pulu burada qazanırsan, burdakılardan qazanırsan, burada yaşayırsan, nöşün ordakıları tərifləyirsən? Hələ sən türklərin bircə dənə "bulki"sini yeməmisən, amma 27 ildir Azərbaycanın çörəyini yeyib, suyunu içirsən. Həm də ölkə əhalisinin 51 faizini kişilər təşkil edir ki, bu da təxminən 5 milyon kişi deməkdir. Bir qadın 5 milyon kişinin xarakterini hardan bilə bilər ki?

Mənim illərdir deyib, ancaq heç kimin vecinə almadığı sözü xalq artisti Fuad Poladov bir cümləylə ifadə edib: "Mədəniyyət və Turizm Nazirliyi adında qurum tanımıram, ancaq turizm var, mədəniyyət yox".

Bu cümlədən, daha doğrusu öldürücü zərbədən sonra nəyisə şərh etmək də çətindir. Ancaq məlumdur ki, sənətkar xərçəng xəstəliyindən əziyyət çəkir. Otellərin açılışına qaça-qaça gedənlər isə maddi sıxıntıdan əziyyət çəkən sənətkarlara nəinki baş çəkmirlər, heç veclərinə də almırlar. Belə olmasaydı, Rasim Balayev boyda sənətkar dilə gələrdimi? Adam dedi ki, aldığım təqaüd dərmana gedir. Əllərinin altındakı saytlar vasitəsilə xəbərlər yaydılar ki, guya kişi 3000 manat pul alırmış. Sadəcə, özü necə deyərlər, şadlığına şitlik eləyir.