Bir kəndi işıqlandıran məscid


Digərləri 26 Noy 2017 19:25:00 261 0

Bir kəndi işıqlandıran məscid

Mərakeşdə bir məscid ziyarətçilərinə namaz qılıb, dua etmək şəraiti yaratmaqla yanaşı, işıqlarını daim yanıq saxlayır. Bu kiçik kənd, dünyanın başqa yerləri üçün ibrət ola bilərmi?

Tadmamet kəndi Mərakeşin eyniadlı səs-küylü şəhəri Mərakeşdən cənuba bir saatlıq maşın yolu məsafəsində yerləşir. Amma sanki başqa dünya qədər uzaqdır.

Yüksək Atlas dağlarının döşündə yerləşən və insanlarının sadə kənd həyatı sürdüyü 400 sakinli kəndə ən yaxın yaşayış yeri, 40 km uzaqlıqda yerləşir.

Kənddə gəlirin əsas mənbəyi arpa, kartof və alma satışıdır. İnsanların əksəriyyətinin maşını yoxdur. Nə ağıllı mobil telefonlar, nə də internet tapmaq olmaz. Hətta, kəndə elektrik enerjisi də məhdud şəkildə gəlib çatır. Xüsusilə də şaxtalı qış günlərində.

Amma onların enerji ehtiyacını təmin edən yeni bir yol mövcuddur. Və bu enerjinin mənbəyi gözlənilməz bir yerdir: kəndin məscidi.

Keçən il Tadmamet bir ilkə imza atmışdı: ölkədə günəş enerjisi ilə təchiz olunan ilk məscid. Məscidin damı fotovoltaik (FV) günəş lövhələri ilə örtülüb. Buradan o qədər enerji alınır ki, nəinki məscid və onun yanında yerləşən imamın evini, eləcə də bütün kənd işıqlanır.

"Bu, ölkədəki ilk pozitiv enerji məscididir," layihənin dəstəkçisi olan Almaniya dövlət agentliyi Almaniya Beynəlxalq Əməkdaşlıq Korporasiyasıdan (ingiliscə GİZ) Jan-Christoph Kuntze deyir.

Tadmamet məscidi unikaldır və bu qəbildən olan başqa məscidlər üçün də bir cığır açır. Bu, üç il əvvəl Mərakeş hökuməti tərəfindən başladılan 'yaşıl məscid' layihəsi təşəbbüsünün bir hissəsidir.

Layihənin məqsədi, ölkədəki 51,000 məsciddən başlayaraq ictimai binalardakı enerji istehlakını azaltmaqdan ibarətdir.

Məscidlərdə enerji daha çox işıqlandırılmaya sərf olunur. Bundan başqa, azan vaxtı səs gücləndiricilərin istifadəsi və tozsoranla təmizləmə kimi gündəlik işlər üçün də enerji lazım gəlir.

"Məscidlərin enerji istehlakı başqa binalardakı qədər çox olmasa da, başlanğıc üçün yaxşı seçimdir," Kuntze deyir.

Mərakeş müsəlman ölkəsidir və məscidlər cəmiyyətdə mühüm rol oynayır.

Tadmamet məscidi həm də kəndin yeganə ictimai binasıdır. Eləcə də məsciddə dərslər tədris olunur, çünki məktəb binası istifadəyə yararsızdır.

"Artıq uşaqlar burda gəlib istədikləri vaxt dərs oxuya bilərlər, çünki işıq var," kənd assosiasiyasının rəhbəri Brahim İdbdslaam deyir.

"Məktəbdə işıq yox idi"

Yeni məscidin tikilməsi üçün torpaq ianəsi edən kənddəki sakin ailənin üzvü Taouli Kəbirə insanların şam işığında namaz qıldığı günləri xatırlayır.

"Külək əsən zaman şam sönürdü və insanlar namazlarına qaranlıqda davam etməli olurdular," o deyir.

Məscid həmçinin gecə vaxtı küçə işıqlarına enerji ötürür. Əvvəllər gün batdıqdan sonra, kənd qaranlığa qərq olarmış.

Və artıq enerji ilə isə irriqasiya üçün nasosla quyudan su çəkilməsi ilə bağlı planlar cızılır.

Tadmamet məscidi günəş su qızdırıcısı ilə də təmin olunub. Beləliklə, insanlar dəstəmaz alarkən isti sudan istifadə edə bilirlər. İçəridə isə enerji-səmərəli LED lampalardan istifadə olunur.

"Evlərdə isti su yoxdur," Kuntze deyir.

"Artıq insanlar məscidin yuyunma otağında isti duş qəbul edə bilərlər."

Elektrik enerjisi çox bahadır və Kəbirə deyir ki, buna görə də kəndlilər evlərində də günəş enerjisindən istifadə etmək istəyirlər. FV lövhələr və günəş su qızdırıcılarının qiymətləri aşağı düşsə də, Tadmamet kimi aşağı gəliri ərazilərdə şəxsi istifadə mümkün deyil.

Bununla belə, layihə yaşıl enerji ilə bağlı maarifləndirməyə böyük kömək olur və sistemi almaq istəyənlər də tapılır. Əslində günəş enerjisinin istifadə müddəti baxımdan bu xərci çəkməyə dəyər: kəndin sakinlərinin pulu ciblərində qalır.

"Köhnə məscidin enerji fakturası icma üzvləri arasında bölüşdürülürdü, indi isə bir qəpik də ödəmirik," İdbdslaam deyir.

Paris iqlim sazişi çərçivəsində Mərakeş, 2030-cu ilə qədər emissiyanı 34%-ədək azaltmaq niyyətindədir. Keçən il yaşıl məscid sınaq layihəsi əsasında 100 məscid yenidənqurma prosesindən keçib. Buraya Mərakeş şəhərinə yerləşən iki böyük məscid də daxildir.