Avropa İttifaqı "dəllal QHTlər"dən niyə imtina etdi?..


Siyasət 26 Noy 2017 16:34:00 252 0

Avropa İttifaqı "dəllal QHTlər"dən niyə imtina etdi?..

Şərq Tərəfdaşlığı sammiti müstəvisində üzə çıxan məqamlar

Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı sammiti çərçivəsində baş tutan Zirvə görüşünün yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi Azərbaycanın son dövrlərdə qazandığı ciddi nailiyyətlərdəndir. Baxmayaraq ki, Avropa Birliyinə daxil olan ölkələr ikitərəfli münasibətlərdə Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyiblər, amma erməni lobbisi bu prinsipin Aİ-nin ümumi bəyannaməsində görünməsinə qarşı çıxıb, Azərbaycanın haqlı mövqeyinin tanınmasını əngəlləməyə çalışıb. Rəsmi Bakı baryeri qıra bildi, Aİ-nin Şərq Tərəfdaşlığı sammitinin ümumi bəyannaməsində Ermənistanın deyil, Azərbaycanın maraqları ifadə olundu.

Üstəlik, Avropa Komissiyasının Ticarət üzrə Baş direktorluğunun rəsmi internet səhifəsində Avropa İttifaqı (Aİ) şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində kommersiya fəaliyyətinə görə yaranacaq məsuliyyət barədə xəbərdarlıq yerləşdirildi. Xəbərdarlığın mətni Azərbaycan qanunvericiliyinə istinadən qurulub. Elanda bildirilir ki, "Azərbaycan qanunvericiliyinə əsasən, Dağlıq Qarabağ və ətraf ərazilərdə birbaşa və ya filialları vasitəsilə kommersiya fəaliyyəti göstərən Avropa İttifaqı (Aİ) şirkətləri mülki və cinayət məsuliyyətinə cəlb olunma riski daşıyırlar. Bu cür fəaliyyət Azərbaycanda həmin fəaliyyəti aparan fərdlər və müvafiq biznes barəsində cinayət təqibi tədbirlərinin görülməsi ilə nəticələnə bilər; həmçinin gələcəkdə Azərbaycana səfər etmə imkanına təsir edə bilər". AK saytında yerləşdirilən xəbərdarlıq işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlar üzərində Azərbaycanın hüquqi statusunun tanınması kimi şərh edilir. Hansı ki, erməni lobbisi proseslərin bu məcraya yönəlməməsi üçün əlindən gələni etmişdi. Sammitə hazırlıq dövründə Azərbaycanla Aİ-nin münasibətlərinin korlanması üçün çeşidli maxinasiyalar qurmuş, Avropa Parlamentinin Azərbaycan barədə qondarma mövzular üzrə qətnamə qəbul etməsinə də nail olmuşdular. AP-nin 15 iyun tarixli qətnaməsinin yalançı tezislər üzərində qurulmaqla, erməni şəbəkəsinin təsiri ilə, təxribat məqsədilə hazırlandığı dərhal üzə çıxmışdı. Bircə faktı xatırlatmaq kifayətdir ki, qətnamə Aİ-də yetərsay olmadan, mətni 4 dəfə dəyişdirilməklə qəbul edilmişdi. Canfəşanlıq göstəriməsində məqsəd aydın idi: qondarma, könül bulandıran oyunlarla rəsmi Bakının səbrini daşırıb küsdürmək, münasibətləri korlamaq, Brüssel sammitində Ermənistanın rahat manevrlərinə şərait yaratmaq. Amma plan baş tutmadı, rəsmi Bakı Brüssel sammitinə qatıldı, erməni maraqlarına zidd olan nailiyyətlər qazandı. Erməni şəbəkəsinin bu dönəmdə məqsədə çatmaq üçün istinad etdiyi variantlardan biri də "dəllal QHT-lər"dən faydalanmaq oldu. Uzun illər ərzində anti-Azərbaycan ruhunda formalaşdırılmış, təlimatlandırılmış, tərkibində həm "beynəlxalq", həm də "milli QHT-ləri" birləşdirən şəbəkənin Şərq Tərəfdaşlığı sammiti ərəfəsində kifayət qədər aktivləşdirildiyi diqqət çəkdi. Şəbəkənin təsir dairəsində olan beynəlxalq və "milli QHT-lər" noyabrın 15-də  Avropa İttifaqı rəhbərliyinə yalvarış notları ilə köklənmiş müraciət ünvanladılar. Müraciət müəlliflərinin istəyi bu idi ki, Aİ rəhbərliyi noyabrın 24-də Brüsseldə keçiriləcək sammitə qatılacaq Azərbaycan prezidenti İlham Əliyevə "təzyiq göstərsinlər" ki, Azərbaycanda " insan haqlarına basqılar" dayandırılsın: "Biz sizdən sammit vaxtı bütün imkanlardan istfadə edərək prezident Əliyevə təzyiq göstərməyi.... rica edirik"...!, məktubda deyilir. Şəbəkənin çabaları sammit gününə qədər davam etdi. Sammiti keçirildiyi bina önündə "boynu bükük" dayanıb binaya gələnlərdə Azərbaycan əleyhinə rəy formalaşdırmağa qədər hər vasitəyə əl atdılar, sosial şəbəkələrdə kampaniya keçirdilər. QHT adı altında formalaşdırılan bu anti-Azərbaycan şəbəkənin fəaliyyəti yeni deyil. Uzun illər boyu "Qrant" adı altında milyonlarla vəsait sərf edilib fəaliyyətlərinə, təlimatlandırılıblar, aktivləşdiriliblər. Azərbaycanda keçirilən bütün qlobal tədbirlər vaxtı ölkəmizin uğuruna kölgə salınmasına, məyus edilməsinə çalışıblar. 2012-ci ildə Bakıda keçirilən Avroviziya Mahnı Müsabiqəsi, 2015-ci ildə Bakı 1-ci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunlar zamanı, həmçinin, Qarabağ danışıqlarının həlledici müstəviyə keçdiyi bütün məqamlarda bənzər davranışları aydın şəkildə dəfələrlə müşahidə edilib.   Eyni fəaliyyəti Şərq Tərəfdaşlığı sammiti ərəfəsində də təkrarladılar. Faktlar sübut edir ki, beynəlxalq güclər milli dövlətlərə təzyiq etmək mexanizmlərindən biri kimi QHT sektorundan çox məharətlə istifadə ediblər. Müasir dövrdə media, hüquq müdafiə təşkilatları, beynəlxalq qurumlar sırasında formalaşdırılan süni şəbəkələr müstəqil inkişaf yolunda olan ölkələri nəzarətdə saxlamaq üçün istifadə edilən əsas alətlərdəndir. Beynəlxalq güclərin maraqları bu ölkələrdə təhlükəyə düşəndə peyk QHT-lərin "prinsipiallıq duyğusu" da baş qaldırır; peyk QHT-lər insan haqları mövzusunda qondarma ittihamları gündəmə gətirməklə milli hökumətləri fakt qarşısında qoyur, güzəştlərə sövq etmək üçün səfərbər olunurlar. Belə mexanizmlərin işlək halda saxlanılmasında Aİ-nin də özünəməxsus rolu var. Avropada yüzlərlə "milli QHT"lər var ki, dəllal missiyalı bu QHT-lər öz fəaliyyətlərini qurmaq üçün Aİ-nin yardımlarından da istifadə edirlər. İndi diqqət çəkən məqam budur ki, Şərq Tərəfdaşlığı sammiti ərəfəsində yenidən aktivləşdirilən "QHT şəbəkəsi"nin "təklifləri" nəinki Aİ rəsmilətinin gündəminə çıxarılmadı, ümumiyyətlə, ciddiyə alınmadı. Bu, uzun illər boyu formalaşdırılmış "QHT şəbəkəsi"nə etimadsızlıq göstərilməsinə dair ilk nümunə deyil. Tendensiya son bir il ərzində qabarıq şəkildə ortaya çıxıb. Məsələn, 2015-ci ildən başlayaraq, Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) təşkilatında ciddi qərəzlə üzləşdi. Ölkədə "insan hüquqlarının durumundan narazı qalan" bir qrup QHT-nin (məlum şəbəkəyə daxil olan QHT-lərin) müraciəti əsas götürülərək, Azərbaycanın MSŞT-də üzvlük statusunun endirilməsi müzakirəyə çıxarıldı. Azərbaycanın belə münasibətə etiraz olaraq MSŞT-də üzvlükdən imtina etməsi isə, qarşı tərəfdə əsl şok yaratmışdı. Onlar açıq tekstlə bildirirdilər ki, Azərbaycanın belə davranışını hesablamayıblarmış. Çünki, Azərbaycan "Cənub Qaz Dəhlizi" layihəsini davam etdirmək üçün Avropa Yenidənqurma və İnkişaf Bankı ndan kredit almaq istəyirmiş və Bank belə kreditləri verəndə, MSŞT-nin də rəyini nəzərə alırmış. Bədnam şəbəkə də hesablayıbmış ki, Azərbaycan kredit almaq naminə onların şıltaqlığına dözək, istənilən təkliflərini qəbul edəcək. Azərbaycan MSŞT-nin təhdidlərinə boyun əymədi, onların planlarını alt üst-etməyi bacardı. Ən maraqlısı isə budur ki, Avropa Yenidənqurma və İnkişaf Bankı MSŞT və "dəllal QHT şəbəkəsi"nin rəyinə əhəmiyyət vermədən, 2017-ci il ərzində Azərbaycana 500 milyon dollar məbləğində kredit ayrılması üçün qərar verdi. Beləliklə, bədnam QHT şəbəkəsi məyus oldu. "QHT şəbəkəsinin" əhəmiyyətsizləşməsi tendensiyası davam edir. Bu tendensiya noyabrın 24-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammiti çərçivəsində bir daha özünü göstərdi. Maraqlıdır, "QHT şəbəkə"yə qarşı münasibət niyə dəyişib: şəbəkənin istifadə müddətimi bitib; sahibləri qarşısında etimadlarına kölgə salan hansısa yanlışa yol veriblər? Yoxsa Azərbaycanla təzyiq dilində danışmağın əks effekt verdiyini anlamağa başlayıblar?

Müşfiq Ələsgərli