Messi: "Ronaldo ilə həyat yolumuz tez-tez kəsişmir" - MÜSAHİBƏ


İdman 26 Noy 2017 10:50:00 314 0

Messi: "Ronaldo ilə həyat yolumuz tez-tez kəsişmir" - MÜSAHİBƏ

"Barcelona" və Argetnina millisinin ulduz futbolçusu Lionel Messi "Marca" nəşrinin suallarını cavablandırıb. Goal.az onun müsahibəsini təqdim edir.

- 13 yaşında Barselonaya gələn həmin uşqdan səndə nə qalıb?

- Mənim arzularım və futbol ehtirasım dəyişməzdir. Sözsüz, uzun illər keçib, meydandan və gündəlik həyatımda çox şeylər baş verib.

- Antonella Rokuzzo ilə nikahdan və övladlarının dünya gəlməsindən sonra ailə həyatın necə dəyişdi?

- Həyata başqa gözlə baxmağa başlayırsan. Həqiqət budur ki, ata olmaq həyatımın ən gözəl hadisəsi idi. Bizim 2 övladımız var, 3-cü yoldadır. Hər iki uşağımın dünyaya gəlməsi mənə inanılmaz sevinc bəxş etmişdi.

- Ata həyatı necədir?

- Gündəlik həyatım oğlanlarımla xeyli bağlıdır. Səhərlər onları məktəbə aparıram. Məşqdən qayıdan kimi Tyaqonu evə gətirməyə gedirəm. Onun dərsləri bitəndə Antonella və Mateo ilə birlikdə nahar yeməyinə qədər vaxtımızı birlikdə keçiririk. Axşamlar uşaqları yatızdırıb özümüzə vaxt ayırırıq. Adi ailə həyatıdır.

- Uşaqlar evdə səninlə futbol oynamağı xahiş edir?

- Mənimlə oynamaq üçün xahiş onların adəti deyil. Bəzən kiçik oğlum Mateo bunu edir. Tyaqo artıq məşqlərə gedir, amma tez-tez mənimlə oynamaq fikrinə düşmür.

- Mateo topu sənə hansı ayağı ilə atır?

- Oğlanları ikisi də sağ ayaqla oynayır.

- Evə gedəndə Antonella və ya övladlarınla futbol barədə danışırsan, yoxsa hər şey qapının arxasında qalır?

- Evdə futboldan az danışırıq. Klub və milli komandada elə ciddi bir şey baş verməlidir ki, ailədə bundan danışaq.

- Uşaqların Lionel Messinin kim olduğunu dərk edir?

- Mənimlə şəkil çəkdirən və avtoqraf alanlar hələlik Mateoya qəribə gəlir. Bunun mənasını başa düşmür. Tyaqo az-çox anlayır. Stadiona gəlib oyunlara baxmağı sevir. Amma o da hər şeyi tam dərk etmir. Bəzən məni evdə görüb azarkeşlər kimi Messi çağırır.

- Gələcəkdə nə edəcəksən? Məşqçi olmaq və ya sakit həyat yaşamaq istəyirsən?

- Nə edəcəyimi bilmirəm. Bir neçə dəfə ailə içində futbol karyeramı bşa vurandan sonra hansı işlə məşğul olacağımı müzakirə etmişik. Həmişə demişəm ki, özümü məşqçi kimi görmürəm. Bu işə həvəsim yoxdur. Müəyyən müddətdən sonra fikrim dəyişə də bilər. Amma qarşıda hələ vaxt var. Karyeramda sona yaxınlaşanda gələcəyimlə bağlı qərar verəcəm.

- Həmkarların çox sağlam olduğunu söyləyir. Formada qalmaq üçün fiziki məşqlərə, yoxsa pəhrizə fikir verirsən?

- Xüsusi üsul yoxdur. Uzun illərdir qidalanma rejiminə diqqət yetirirəm. Məşqdən sonra ayaqlarımı gücləndirirəm. Amma trenajor adamı deyiləm.

- Yemək bişirməyi sevirsən?

- Heç vaxt yemək hazırlamamışam. Bəlkə də, yemə bişirə bilərəm. Lakin bu vərdişi inkişaf etdirməmişəm.

- Pəhrizə görə hansı sevimli qidalardan imtina etmisən?

- Ən çətini şokoladın üstünə xətt çəkməkdir. İndi də bəzən şokolad pəhrizini pozuram.

- Günorta yuxusu sənin üçün vacibdir?

- Nadir hallarda yatıram. Mürgüləmək üçün vaxt yalnız milli komandanın düşərgəsində olur. Adi halda uşaqlara görə vaxt tapa bilmirəm.

- Xüsusi bir idman yarışını izləyirsən?

- Ümumiyyətlə hər şeyə, xüsusilə İspaniya, İngiltərə və Argentina liqalarına baxıram. Baxmayaraq ki günlük cədvəlim buna təsir göstərir.

- Fransa 1-ci Liqasına da baxırsan?

- Bəli, əvvəlkindən daha çox indi izləyirəm.

- Lionel Messi olmaq asandır?

- Ailəcanlı olmağa çalışan adi insanam. Düzdür, zaman-zaman hər kəsin mənə baxmadığı və diqqət mərkəzindən uzaq olan həyat istəyirəm.

- 4 "Qızıl buts" mükafatı qazanmısan...

- Bunun əhəmiyyətini dərk etmək gözəldir. Amma mənim prioritetim heç vaxt fərdi mükafatlar olmayıb. Növbəti Çempionlar Liqası və ya La Liqa kubokunu qazanmağa daha çox üstünlük verərdim.

- "Manchester City" bu il necə təsir bağışlayır?

- "City" PSG ilə birlikdə hal-hazırda ən güclü 2 komandadır. Buna baxmayaraq mövsüm uzundur. "Real Madrid"in titulları və təcrübəsini nəzərə alaraq, onları da qeyd etməliyəm. Həmçinin də, "Bayern Munich". Lakin ən güclülər PSG və "Manchester City"dir.

- Samuel Umititi məşqdə göründüyü qədər qorxuludur?

- Umititi oynadığı kimi də məşq edir. Heç bir güzəştə getmir. Meydandan kənarda əla oğlandır.

- Onun performansı səni təəccübləndirib?

- Samuel "Barcelona"ya yeni gələndə onnu barəsində çox şey bilmirdim. Məşqini izləyəndən sonra oyunda etdiklərindən təəccübləndirmədim. Onun malik olduğu keyfiyyətlərini görürəm.

- Nəyə görə "Barcelona" bu il daha çox müdafiə rekordları qırır?

- Neymarın gedişi oyun tərzimizin dəyişməsinə səbəb oldu. Hücum potensialının böyük hissəsini itirsək də, müdafiə baxımdan xeyir gördük. Hazırda meydanın mərkəzində daha hazırlıqlıyıq. Oyun balansı artıb, bu bizi müdafiədə gücləndirir.

- DÇ-2018-in seçmə mərhələsində Argentina millisinin üzləşdiyi çətinlikləri necə izah edərdin?

- Çətin dövrdən keçirdik. Qısa müddət ərzində 3 baş məşqçi dəyişdi. Onların hər birinə uyğunlaşmaq asan deyildi. Bu məşqçilər öz futbol fəlsəfəsi və ideyalarına malik idi. Millinin sükanı arxasına Xorxe Sampaoli keçəndən sonra cəmi 4 seçmə mərhələ oyunu və bir neçə yoldaşlıq görüşü keçirmişik. Ona görə artırmağa davam edəcəyik. Eyni zamanda təsnifat mərhələsi xeyli çətinləşib. Futbol ölkələri arasında fərqlər aradan qalxmaqdadır.

- 2014 mundialının finalında Almaniya millisinə uduzdunuz. 2018-ci il dünya çempionatnın favoritləri hansı komandalardır?

- Almaniya, həmişə olduğu kimi, favoritlərdən biridir. Çempionluğa namizədlər arasında Braziliya, İspaniya, Fransa da var. Onlar yaxşı təsir bağışlayır və dünya çempionatına yaxşı formada çıxdılar.

- Son dünya çempionatının yarımfinalında Hollandiyanı mübarizədən kənarlaşdırmışdınız. Aryen Robben kimi böyük futbolçunun növbəti mundialda olmamasını gözləyirdin?

- Dediyim kimi, Cənubi Amerika və Avropada hər komanda seçmə mərhələdə çətinliklə üzləşir. Futbol cəhətdən yaxşı təşkil olunmuş istənilən azsaylı xalq rəqiblərə problemlər yaratmağa qadirdir. Hollandiya, İtaliya kimi onilliklər boyu mundial iştirakçıları olan komandalar Rusiyada olmayacaq.

- Türkiyədə bir sıra azarkeşlər Arda turanı tənqid edir. Onun haqqında fikirlərin.

- Arda qeyri-adi futbolçudur. Onun komandada yaxşı çıxış etmək üçün tələb olunan stabillik və özünəinam sarıdan bəxti gətirmir. "Atletico Madrid"də fərqli mövqelərdə oynayırdı. Arda davamlı olaraq meydana çıxanda yaxşı işlər görür.

- İtaliya millisinin dünya çempionatından kənarda qalması barədə nə deyə bilərsən?

- Düzdür, İtaliya futbolu əvvəlki səviyyəsində deyil. A Seriyasının əsas komandalarından "Milan" və "İnter" 10 il öncə başqa cür oynayırdı. Bunlar İtaliya futboluna təsir göstərir. Yavaş-yavaş geri dönüş etməyə çalışırlar. Bu iki klub yenidən Avropada öz sözünü deməlidir.

- "Real Madrid"in istənilən nəticələri göstərməməsini nə ilə əlaqələndirirsən?

- Bu müvəqqətidir. "Real" birinci dəfə deyil ki, belə vəziyyətə düşür. Son nəticədə onlar bütün titullar uğrunda mübarizəni davam etdirəcək.

- Ronaldo "Qızıl top" mübarizəsində ən ciddi rəqibindir?

- Müasir futbolda "Qızıl top"u qazana biləcək bir çox oyunçular var. Son vaxtlar bu mükafata əsasən 2 namizəd var. Amma Neymar, Kilian Mbappe və Luiz Suarez kimi futbolçular da "Qızıl top" uğrunda mübarizə apara bilər.

- Ronaldo bir müddət əvvəl demişdi ki, gələcəkdə yaxşı dostlar ola bilərsiniz..

- Dost olacağımızı bilmirəm. Dostluq birlikdə vaxt keçirmək və bir-birini tanımaqla qurulur. Ronaldo ilə əlaqəmiz yoxdur. Bir-birimizi əsasən mükafatların təqdimetmə mərasimlərində görüb söhbət edirik. Hər şey əladır, amma həyat yolumuz tez-tez kəsişmir.