Ermənistan nümayəndə heyəti Brüsseldən əliboş qayıdıb


Siyasət 25 Noy 2017 21:47:00 301 0

Ermənistan nümayəndə heyəti Brüsseldən əliboş qayıdıb

Noyabrın 24-də Brüsseldə V Şərq Tərəfdaşlığı Zirvə Toplantısının Birgə Bəyannaməsi qəbul edilib.

Sənədin ikinci bəndində Avropa İttifaqının həmin proqram üzrə bütün tərəfdaşlarının ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləməsinin xüsusi qeyd edildiyini, amma millətlərin öz müqəddəratını təyin etməsi hüququ barədə bir kəlmə də danışılmadığını (nə həmin prinsipin ermənilər tərəfindən traktovkasında, nə də hər hansı digər, o cümlədən sağlam düşüncəyə əsaslanan traktovkada) nəzərə alaraq, əminlik hissi ilə demək olar ki, erməni diplomatiyası növbəti dəfə məğlubiyyətə uğrayıb. Tərəfdaş dövlətlərin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi prinsiplərinin hər hansı barəsində danışılmayan digər prinsip üzərində aliliyi yenidən təsdiq edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, əlbəttə, ermənilər Avropa İnsan Haqları Məhkəməsinin "Doğu Perinçek İsveçrə əleyhinə" iddiası üzrə qəti qərarının ertəsi günü, yaxud 2016-cı ilin aprelində məhvedici hərbi nokautdan sonra etdikləri kimi, indi də Yerevanda "qələbə" münasibətilə rəqs edib şənlənə bilərlər, amma fakt faktlığında qalır: Bəyannamədə Ermənistanın öz uğurlarından saya biləcəyi bir kəlmə də yoxdur.

Ermənilər öz məğlubiyyətini özünəməxsus tərzdə növbəti qələbə kimi təqdim etməyə, yaxud sadəcə məğlubiyyətin acısını mənasız bəhanələrlə yumşaltmağa cəhd göstərməsəydilər, erməni olmazdılar. Bax elə bu gün də sosial şəbəkələrdə məşhur olan bir qrafoman (gəlin onu reklam etməyək) yazır ki, Azərbaycanın Avropa İttifaqı tərəfindən dəstəklənməsində ermənilər üçün təhlükəli heç nə yoxdur, çünki Azərbaycanın o ərazisinin bütövlüyü nəzərdə tutulur ki, həmin ərazi "Arsaxın öz müqəddəratını təyin etməsi hüququnu qanuni şəkildə reallaşdırdıqdan sonra" bu dövlətin nəzarətində qalıb. Yəni, həmin "ekspertin" Avropa İttifaqının mövqeyi ilə bağlı traktovkasına görə, Brüssel Azərbaycanın bütövlüyünü yalnız nəzarət edilməyən (yəni işğal edilmiş) ərazilər olmadan tanıyır.

Ermənilər həmişə zəngin fantaziya ilə seçiliblər, xüsusən də ağlasığmaz fikirləri tanınmış adamların ayağına yazanda və ya Puşkinin bu və ya digər sətrinin, yaxud digər tanınmış insanların bəyanatlarının mənasının orijinal şəkildə şərh edilməsində. İndi bütün dünyaya izah etməyə başlayıblar ki, Avropa İttifaqı bu və ya digər bəyanatı verəndə nəyi nəzərdə tutur və bu ifadələr necə başa düşülməlidir.

Yeri gəlmişkən, təkcə ermənilər deyil, onların bu günə qədər Azərbaycanı BMT qətnamələrini "yerinə yetirməməkdə" ittiham edən vəkilləri də. Məsələn, Vladimir Kazimirov. O, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin mənasının orijinal traktovkasını icad edib və bu da Ermənistanın rəsmi dairələrindəki "ağıl dəryaları" tərəfindən dərhal yayılıb.

Gəlin istər ermənilərin özlərinin, istərsə də onların ehtiyatda olan vəkillərinin keçmiş səfehliklərinin təhlilinə indi baş qoşmayaq. Erməni istifadəçisinin bugünkü şərhinin mahiyyəti özünün "apriori" məntiqsizliyi ilə şok yaradır. Şərhə görə, Azərbaycanın ərazi bütövlüyü Avropa İttifaqı "nöqteyi-nəzərindən" Bakının hesablamaları ilə müqayisədə 20 faiz aşağıdır. Ermənilərin başqa insanların yerinə söz uydurmağa və öz səfehliklərini başqalarının beyninə yeritməyə (indiki halda Avropa İttifaqı nəzərdə tutulur) qeyri-sağlam meyli başqa bir müəmmanı izah etməkdə onlara çətin ki, kömək etsin: belə olan halda, nə üçün həmin proqram üzrə Aİ tərəfdaşları arasında 4-cü subyekt yoxdur? Bu subyekt o dərəcədə "qanuni şəkildə" öz müqəddəratını təyin edib və Azərbaycandan ayrılıb ki, Avropa İttifaqı ilə Bakının Azərbaycan ərazisi ilə bağlı hesablamaları arasında 20 faiz fərqin yaranması sonuncunun öz ölçüsünü "səhv" başa düşməsi ilə izah edilməlidir?

Həqiqətən, həmin istifadəçinin məntiqi üzrə mühakimə yürütsək, onda Azərbaycan ərazisinin bu 20 faizi haraya gedib? Bakı həmin ərazini hələ də özünə "aid etməyə" çalışır, Avropa İttifaqı isə öz tərəfdaşının ərazi bütövlüyünü dəstəklədiyini bəyan edəndə, həmin ərazini "hesaba almır". Əgər bütün Cənubi Qafqaz Brüsseldədirsə və o, dörd dövlətin şəxsində deyil, üç dövlətin şəxsində təmsil olunursa, həmin 20 faiz haraya gedib?

Əlbəttə, erməni ekspertlərlə mübahisə etmək özünə hörmət etməmək və öz vaxtını qiymətləndirməmək deməkdir. Erməni bloqerin fikirləri başdan-ayağa cəfəngiyatdır və o, bu fikirləri orada qəbul edilmiş Bəyannamənin müəlliflərinə aid etdikdə, xüsusilə gülməlidir. Tərəfdaş dövlətlərin ərazisi dedikdə, yalnız və yalnız hazırda işğal altında olan və nəzarət edilməyən ərazilərlə BİRLİKDƏ kvadratkilometrlərin ümumi miqdarı nəzərdə tutulur. Bu ərazinin bütövlüyü qəbul edilmiş sənəddə Avropa İttifaqı tərəfindən qeyd-şərtsiz dəstəklənib. Doğrudur, həmin sənəddə birtərəfli separatizm və bir dövlət tərəfindən digər dövlətin ərazisinin işğal edilməsinin heç adı da çəkilmir, lakin tərəfdaş dövlətlərin ərazi bütövlüyünə aid 2-ci bənddə danışıqsız dəstəkləmə faktının özü və həmin dövlətlər sırasında müxtəlif "arsax"ların olmaması belə separatizmlərin legitimləşməsinə heç bir şans vermir. Məsələyə sağlam məntiqlə yanaşdıqda, qəbul edilmiş Bəyannaməni yalnız bu cür başa düşmək olar və biz də bütün həmvətənlərimizi bu münasibətlə təbrik edirik.

Yerevanda isə növbəti "qələbə" münasibətilə rəqs edib şənlənməyə davam edə bilərlər, onlar özlərinə yalnız bununla təsəlli verə bilərlər ki, sənədin 6-cı bəndində danışıqların mövcud formatlarının dəstəklənməsi bildirilir. Biz onlara mane olmayacağıq.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin