Bu sənəd Azərbaycanın ABdən Ermənistana təzyiq tələbinə əlavə əsas verəcək


Siyasət 25 Noy 2017 13:15:00 294 0

Bu sənəd Azərbaycanın ABdən Ermənistana təzyiq tələbinə əlavə əsas verəcək

"Azərbaycan Aİ-ni elan etdiyi təhlükəsizlik prinsiplərinə sadiq qalmağa və işğalçı Ermənistana təzyiq etməklə işğal faktına son qoymağa dəvət edə biləcəkdir".

"Noyabrın 24-də Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammiti başa çatdı və yekun sənəd olaraq Birgə Bəyannamə qəbul edildi. Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəkləndi. Bunu Azərbaycanın uğuru kimi də qiymətləndirmək olar".

Bunu son.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru Hikmət Babaoğlu bildirib.

Millət vəkili yaxın tarixə müraciət edərək AB daxilində baş qaldıran narahatlığı və onun səbəblərini xatırladıb: "Xüsusi vurğulanmalıdır ki, Birgə Bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad edilib. Bu strategiya isə 2016-cı ildə üzv dövlətlərin ortaq rəyi əsasında formalaşan strategiyadır və çox mühüm əhəmiyyət kəsb edir.

Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan etdi

Hələ 2016-cı il iyunun 20-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerini Brüsseldə keçirilən  sammitdə strategiyanı rəsmən Avropa İttifaqının üzv dövlətlərin rəhbərlərinə təqdim edərək onunla bağlı yazdığı müqəddimədə bildirmişdi ki, Avropa İttifaqının məqsədi, hətta mövcudluğu şübhə altındadır: "Ancaq vətəndaşlarımıza və dünyaya indi əvvəllər olmadığı qədər güclü Avropa İttifaqı lazımdır. Bu, hətta Böyük Britaniyadakı referendumdan sonra da aktualdır. Bizə həqiqətən Avropa İttifaqının necə fəaliyyət göstərdiyinə yenidən baxmaq lazımdır. Ancaq biz gözəl bilirik ki, nə üçün fəaliyyət göstəririk, prinsiplərimiz, maraqlarımız və prioritetlərimiz nədir. Qeyri-müəyyənliyə zaman yoxdur, Avropa İttifaqına strategiya lazımdır. Bizə ümumi baxış və birgə fəaliyyət lazımdır".

O dövrdə bu fikirlərin səsləndirilməsini zəruri edən beynəlxalq şərtlər var idi Çünki Böyük Britaniya Avropa İttifaqını artıq tərk etmək üzrə idi və bu hadisə birliyin nəinki genişlənməsini, hətta mövcudluğunu belə təhlükə altında qoyurdu. Vəziyyət olduqca mürəkkəb idi. Artıq elə bir vəziyyət yaranmışdı ki, Birləşmiş Krallığın başçılığı ilə Millətlər Birliyi, Fransanın rəhbərliyi ilə Frankofoniya Beynəlxalq Təşkilatı, İspaniyanın lider olduğu İbero-Amerikan Dövlətləri Təşkilatı, Portuqaliyanın himayəsində Portuqal Dilli Ölkələrin Birliyi dünya geosiyasətində fərqli maraqları önə çəkirdilər. Beləliklə, Avropa İttifaqının ortaq xarici siyasətinin formalaşdırılıması və uzlaşdırılması müşkül məsələyə çevrilirdi. Çünki Aİ-yə daxil olan ölkələrin hər biri daha çox müstəqil siyasət yeritmək, milli maraqlarını daha çox irəli çəkməklə yeni dünya düzəninin formalaşmasında daha çox söz sahibi olmağa çalışırdılar. Bu isə beynəlxalq hüququn və onun əsas prinsiplərindən biri kimi qəbul edilmiş dövlətlərin əarazi bütövlüyü məsələsində fikir ayrılıqlarına səbəb olurdu".

Politoloq qeyd edib ki, buna baxmayaraq, nəhayət, 2016-cı ildə Aİ xarici siyasət və təhlükəsizlik üzrə qlobal strategiya müəyyənləşdirə bildi: "Strategiyada qeyd edilir ki, Avropa İttifaqı gələcəkdə də Şərq Tərəfdaşlığı ölkələrində həlli uzanan münaqişələrin həllində iştirak edəcək, ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və münaqişələrin sülh yolu ilə həlli Avropa təhlükəsizliyinin aparıcı elementləri olacaq. Bu prinsiplər həm Aİ daxilində, həm də Aİ sərhədlərindən kənardakı ölkələrə tətbiq ediləcək. Göründüyü kimi, məhz bu strategiyada öz əksini tapan prinsiplər Azərbaycanın da maraqlarına cavab verir və İttifaqla əməkdaşlığımızda başlıca prinsip kimi çıxış edir".

H.Babaoğlu hesab edir ki, Şərq Tərəfdaşlığı Sammitində qəbul edilmiş Birgə Bəyannamə işğalçı Ermənistana təzyiq göstərməyə əlavə əsas verəcək: "Biz bilirik ki, Azərbaycan hələ 1996-cı ildən Aİ ilə Əməkdaşlıq və Tərəfdaşlıq Sazişi, daha sonra 2004-cü ildən Avropa Qonşuluq Siyasəti, nəhayət, 2009-cu ildən Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlıq etsə də, münasibətlər irəliləyib keyfiyyətcə yeni fazaya daxil olmurdu. Çünki Azərbaycan Aİ tərəfindən ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının tanınmasını tələb edirdi. Nəhayət, Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq hüquqa söykənən qətiyyətli mövqeyi sayəsində Aİ-nin 24 noyabr 2017-ci il Birgə Bəyannaməsində bu prinsiplər öz əksini tapdı. Hər şeydən öncə bunu milli diplomatiyamızın növbəti uğuru kimi qiymətləndirə bilərik. Eyni zamanda əminliklə deyə bilərik ki, önümüzdəki aylarda Aİ ilə Azərbaycan arasında imzalanacaq əməkdaşlıq müqaviləsində də bu mühüm məsələ artıq öz əksini tapacaqdır. Bu isə bir daha Ermənistanın Aİ üzvləri tərəfindən işğalçı dövlət kimi tanınması mənasına gələcəkdir. Beləliklə, Azərbaycan Aİ-ni elan etdiyi təhlükəsizlik prinsiplərinə sadiq qalmağa və işğalçı Ermənistana təzyiq etməklə işğal faktına son qoymağa dəvət edə biləcəkdir. ".

İlkin İzzət Son.az

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində