Şərq Tərəfdaşlığı ölkələrinin musiqiçiləri Brüsseldə azərbaycanlı pianoçunun rəhbərliyi altında konsert verib


Digərləri 24 Noy 2017 21:27:05 176 0

Şərq Tərəfdaşlığı ölkələrinin musiqiçiləri Brüsseldə azərbaycanlı pianoçunun rəhbərliyi altında konsert verib

Qrupa Amina Fiqarovanın rəhbərlik etməsi tamaşaçılar tərəfindən diqqətəlayiq hal kimi qiymətləndirilib

Brüssel İncəsənət sarayında (BOZAR) V Şərq Tərəfdaşlığı Zirvə Toplantısına həsr olunmuş konsert proqramı təşkil edilib.

Azərbaycanın Belçikadakı səfirliyindən “Report”a verilən məlumata görə, tədbirin ilk hissəsində Avropa İttifaqı və Şərq Tərəfdaşlığına üzv ölkələrdən olan musiqiçilərdən ibarət qrupun ifasında caz musiqisindən nümunələr təqdim olunub.

Bu musiqi qrupuna əslən Azərbaycandan olan Belçika vətəndaşı, tanınmış caz ustası və pianoçu Amina Fiqarovanın rəhbərlik etməsi tamaşaçılar tərəfindən diqqətəlayiq hal kimi qiymətləndirilib, onların böyük marağına səbəb olub.

Daha sonra Şərq Tərəfdaşlığına üzv ölkələrin nazir və ya səfirləri, həmçinin Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri çıxış edərək, bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini önə çəkərək, mədəni və humanitar əlaqələrin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığın həyata keçirilməsində oynadığı vacib rolu vurğulayıblar.

Səfir Fuad İsgəndərov öz çıxışında tədbir iştirakçılarına təşəkkürünü bildirib, Azərbaycanın klassik və caz musiqi janrlarında əldə etdiyi tarixi nailiyyətlərdən bəhs edib, mədəniyyətlərarası dialoqun və bütün dinlərə hörmətin Azərbaycanın daxili və xarici siyasətinin qayəsində bərqərar olduğunu diqqətə çatdırıb. Səfir onu da vurğulayıb ki, Cənubi Qafqazda baş verən münaqişələr dini və etnik ayrı-seçkilikdən deyil, konkret siyasi amillərdən qaynaqlanır.

Tədbirin ikinci hissəsində Şərq Tərəfdaşlığı ölkələrini təmsil edən 6 pianoçu tərəfindən bəstəkar Frans Listin “Heksameron” əsəri ifa edilib. Azərbaycan Respublikasını təmsil edən, 2017-ci il “Gənclər üçün Prezident mükafatının” qalibi, gənc və istedadlı pianoçu Vurğun Vəkilov öz ifası ilə tamaşaçıları heyran edib.

Konsertdən sonra təşkil olunmuş milli mətbəx nümunələrinin təqdim olunduğu qəbul zamanı Azərbaycan təamları xüsusi marağa səbəb olub.

Tədbir yerli KİV-də işıqlandırılıb.