Arxiv sənədlərindən çıxarışlara görə rüsum ödəniləcək


Digərləri 24 Noy 2017 21:15:00 229 0

Arxiv sənədlərindən çıxarışlara görə rüsum ödəniləcək

Azərbaycanda arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunub.

Son.az Trend-ə istinadən bildirir ki, bununla əlaqədar "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər təklif olunur.

Qanuna təklif olunan 33-3-cü maddədə qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi şəxslərə arxiv arayışları, arxiv sənədlərindən çıxarışlar, arxiv sənədlərinin təsdiq olunmuş surətləri 3 iş günü müddətində verildikdə 20 manat, 7 iş günü müddətində verildikdə 10 manat, fiziki şəxslərə isə 3 iş günü müddətində verildikdə 10 manat, 7 iş günü müddətində verildikdə 5 manat dövlət rüsumu tutulacaq.

33-4-cü maddədə deyilir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışları, arxiv sənədlərindən çıxarışlar və arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin bu qanunun 33-3-cü maddəsində nəzərdə tutulanlardan artıq müddətdə verilməsi üçün dövlət rüsumu nəzərdə tutulmur.