Gənc güləşçilər İranda "Şəhidlər Kuboku" uğrunda yarışacaq


İdman 24 Noy 2017 16:44:00 354 0

Gənc güləşçilər İranda "Şəhidlər Kuboku" uğrunda yarışacaq

27 noyabr - 2 dekabr tarixlərində İran İslam Respublikasının paytaxtı Tehran şəhərində sərbəst və yunan-Roma güləşi üzrə gənclər arasında "Şəhidlər Kuboku" ("Martyrs Cup") beynəlxalq turniri keçiriləcək.

Komanda xarakterli yarış olan turnirdə gənclərdən ibarət ölkə yığma komandasının üzvləri iştirak edəcək. Yarışlar Dünya Güləş Birliyinin qəbul etdiyi yeni çəki dərəcələri ilə keçiriləcək.

27-28 noyabrda baş tutacaq yunan-Roma güləşi yarışlarında məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında Zaur Əliyev (55 kq), Zaur Nuriyev (60 kq), Həsən Məmmədli (63 kq), Namaz Rüstəmov (67 kq), Ülvü Qənizadə (72 kq), Nəsir Həsənov (77 kq), Aslan Məmmədov (82 kq), Arif Niftullayev (87 kq), Tehran Əminzadə (97 kq) və Cavid Feyziyev (130 kq) mübarizə aparacaq.

Sərbəst güləş yarışları isə dekabrın 1-2-də baş tutacaq. Böyük məşqçi Saypulla Absaidov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında Əsgər Məmmədəliyev (57 kq), İntiqam Vəlizadə (61 kq), Mahal Novruzov (65 kq), Davud İbrahimov (70 kq), Qurban Qurbanov (74 kq), Rəşad Yusifli (79 kq), İslam İlyasov (86 kq), Asxab Həmzətov (92 kq), Cavid Sadıqov (97 kq) və Umar İsrailov (125 kq) güləşəcəklər.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edəcək.