AMB banklararası pul bazarının müvəqqəti təminatçısı ola bilər


İqtisadiyyat 24 Noy 2017 16:01:33 300 0

AMB banklararası pul bazarının müvəqqəti təminatçısı ola bilər

ABA nəzdində yaradılmış Hərrac Mərkəzi gələn ildən fəaliyyətə başlayacaq

Azərbaycan Banklar Assosiasiyası (ABA) ölkədə yaradılması gözlənilən banklararası pul bazarının təminatlı olmasını, Azərbaycan Mərkəzi Bankının müvəqqəti olaraq təminatçı qismində çıxış etməsini, tədricən isə bu prosesdən kənarlaşmasını təklif edir.

“Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda ABA-nın sədri Zakir Nuriyev deyib.

“Bununla bağlı məsələ yəqin ki, ilin sonuna qədər həllini tapacaq. Çünki Maliyyə Sabitliyi Şurasının da banklararası pul bazarı ilə bağlı qərarı var”, - deyə o, qeyd edib.

Z.Nuriyev həmçinin deyib ki, rəhbərlik etdiyi qurumun nəzdində yaradılmış Hərrac Mərkəzi gələn ildən fəaliyyətə başlayacaq: “Hazırda müəyyən texniki problemlər var, bu hərracın fəaliyyəti üçün hüquqi baza yoxdur. Amma ilin sonuna qədər qonşu ölkələrin təcrübəsi öyrəniləcək və gələn ildən Hərrac Mərkəzi fəaliyyətə başlayacaq. İndi mövcud olan özəl hərrac mərkəzlərindən fərqli olaraq ABA-nın bu törəmə qurumu elektron platforma üzərində fəaliyyət göstərəcək”.