"Brent" və WTI neft markaları arasındakı spred 5 dollardan aşağı düşüb


İqtisadiyyat 24 Noy 2017 10:58:40 368 0

"Brent" və WTI neft markaları arasındakı spred 5 dollardan aşağı düşüb

"Report" spredin tədricən azalacağını proqnozlaşdırır

"Brent" və WTI markalı neft qiymətləri arasındakı fərq (spred) 5 dollar/bareldən aşağı enib. "Report" xəbər verir ki, sentyabrın 26-da bu fərq ilin maksimum səviyyəsi - 8,18 dollar/barelə çatdıqdan sonra geriləməyə başlayıb. Fərqin artmasına əsas səbəb ABŞ-da baş verən qasırğalar nəticəsində neftayırma zavodlarının çalışmaması nəticəsində yaranan əlavə neft ehtiyatları olub.

Qasırğaların fəsadları aradan qaldırılmağa davam etdikcə WTI markalı neft bahalaşmağa və "Brent"in qiymətinə yaxınlaşmağa başlayıb. Qeyd edək ki, cari il fevralın 28-də WTI markalı nefti "Brent"dən hətta 0,64 dollar/barel baha satılıb.

"Report"un analitik qrupu WTI markalı neftin bahalaşmağa davam edəcəyini və "Brent" markalı neftlə aralarındakı spredin ilk mərhələdə 3 dollar/barel, daha sonra isə ABŞ iqtisadiyyatının sürətlənməsi ilə neftə yaranan tələbin artması nəticəsində yenidən "Brent"in qiymətini ötəcəyini proqnozlaşdırır.

Xatırladaq ki, ötən həftə ABŞ-da aktiv neft quyularının sayının 2014-cü ilin oktyabrında qeydə alınan tarixi rekord həddən 871 ədəd və ya 54,1% aşağı olmasına baxmayaraq, ABŞ-da neft hasilatı 9,658 mln. barel/günə çataraq tarixi rekorda yüksəlib.

"Standard Chartered" bankının məlumatına görə, qiymətlərin yüksəlməsindən istifadə edən ABŞ-ın əsas neft bölgəsi - "Perm" hövzəsindəki şirkətlərin 2018-ci ildəki hasilat həcminin 72%-ni hedc edərək cari qiymətlərdən satdıqları bildirilir.