İDEA İctimai Birliyi Lənkəranda xeyriyyə aksiyası keçirib - FOTO


Sosial 24 Noy 2017 10:21:17 333 0

İDEA İctimai Birliyi Lənkəranda xeyriyyə aksiyası keçirib - FOTO

Aztəminatlı ailələr üçün meyvə bağları salınıb

İDEA İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı (FA0) təşkilatı, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi tərəfindən ayrı-ayrı rayonlarda aztəminatlı ailələr üçün meyvə bağları salınır.

“Report”un Cənub bürosunun məlumatına görə, İDEA İctimai Birliyi növbəti aksiyanı Lənkəranda keçirib. Rayonun Moğonojba kəndi ərazisində yeni çəkilən Ələt-Astara magistral avtomobil yolunun kənarında Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Aprel döyüşləri zamanı qəhrəmancasına həlak olmuş 2 şəhid ailəsinə və 1 nəfər üzvü Qarabağ veteranı olan aztəminatlı ailəyə təqdim olunmuş ümumi sahəsi 2 hektar olan torpaq sahəsində ekzotik sitrus meyvəsi olan feyxoadan ibarət 3 meyvə bağı salınıb. Bağlarda ümumilikdə 1100 ədəd məhsuldar növlü feyxoa ağacı əkilib. Yeni əkilən ağaclar suvarılaraq dayaqlarla bərkidilib.

Bu münasibətlə keçirilən mərasimdə İDEA İctimai Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı (FAO) təşkilatının, "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri, Lənkəran ŞİH başçısı Taleh Qaraşov, rəsmi şəxslər, rayon ictimaiyyətinin və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə T.Qaraşov çıxış edərək bildirib: “Maarifləndirmə yolu ilə gənclərin və yeniyetmələrin ətraf mühitin və ekologiyanın qorunması işlərinə cəlb olunmasına nail olmağı qarşısına məqsəd qoyan İDEA İctimai Birliyi Heydər Əliyev Fondunun vitse-prezidenti, gənc, tanınmış ictimai xadim Leyla xanım Əliyevanın rəhbərliyi ilə geniş fəaliyyət göstərərək qısa zamanda böyük uğurlar qazanıb”.

Təşkilatın təşəbbüsü ilə ölkədə ağacəkmə aksiyalarının keçirildiyini, təmizlik işlərinin aparıldığını, tullantıların yığıldığını, nadir heyvan və bitki növlərinin qorunmasına davamlı olaraq qayğı göstərildiyini söyləyən natiq bu tədbirlərdə Lənkəran rayonunun ictimaiyyətinin, xüsusilə gənclərin yaxından iştirak etdiyini, minlərlə ağac və gül kollarının əkildiyini, tonlarla kağız tullantısının və istifadə olunmuş plastik qab qalıqlarının yığışdırıldığını diqqətə çatdırıb.

Eyni zamanda bu tədbirlərin gənclərin və yeniyetmələrin ekoloji tərbiyəsi ilə yanaşı onlarda vətənə məhəbbət, doğma təbiətə qayğıkeş münasibət formalaşdırdığını da xüsusi vurğulayan İcra başçısı İDEA İctimai Birliyinin həyata keçirdiyi xeyirxah təşəbbüslərin bundan sonra da rayon gəncləri tərəfindən dəstəklənəcəyini bildirib. Sonra İcra başçısı feyxoa ağaclarının əkildiyi torpaq sahələrinin mülkiyyət hüququna dair şəhadətnamələri Aprel döyüşləri zamanı şəhid olmuş Ağayev Rusif İbrahim oğlunun atası Ağayev İbrahim Rəhim oğluna, İslamov Əlizamin Fərrux oğlunun anası Kərimova Hurinisə Şahrza qızına və Qarabağ müharibəsi veteranı Ağayev Sayyad Abasqulu oğluna təqdim edib. Sonra İcra başçısı, qonaqlar və şəhid ailə üzvləri ilə birgə ağac əkiblər.

Mərasimin sonunda milli müsiqi sədaları altında gənclərin flaşmob aksiyası keçirilib.