Rafiq Tağının qızı: “Son görüşümüzdə dedi ki...”


Digərləri 23 Noy 2017 23:03:00 446 0

Rafiq Tağının qızı: “Son görüşümüzdə dedi ki...”

Rafiq Tağı... Bu adın ardınca heç nə yaza bilmir adam. Və adam o vaxt heç nə yaza bilmir ki, ya sözü olmur, ya da həddindən artıq çox olur.

Rafiq Tağı barədə acı-şirin təəssüratlarım o qədər çoxdur ki, yazmaqla bitməz. Yazıçı kimi... Həkim kimi... Dost kimi... İnsan kimi...

Son.az lent.az-a istinadən xəbər verir ki, amma bu dəfə onu Ata kimi xatırlayacağıq: faciəli ölümünün ildönümündə, qızı Qəmərlə...

- Əvvəlcə özünü təqdim elə, tanımayanlar tanısın...

- Qəmər Tağılı. Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində ekologiya ixtisası üzrə təhsil alıram. 18 yaşım var. İkinci kursdayam.

- Atan səni həkim görmək istəyirdi, məncə...

- Yox. Bunu mən özüm arzulayırdım. Atam gözəl həkim idi deyə bu peşəni sevdirmişdi mənə. O, istəmirdi həkim olmağımı. Deyirdi, ağır işdir, çətinlikləri çoxdur. Yayındırırdı məni. Qismət... Amma çox istəyərdim atam kimi həkim olum. Məncə onun humanistliyi həm də həkimliyindən gəlirdi. Gözəl həkim, gözəl yazıçı, gözəl insan...   

- Səncə asandı belə olmaq?   

- Yoox (gülür). Çox çətindi, bilirəm. Amma həmişə arzulamışam.

- Bütün yaşananlara rəğmən, Rafiq Tağı deyəndə mənim yadıma ilk olaraq bir topa işıq düşür... Sən ilk nəyi xatırlayırsan? 

- Yaxşılıq sözünü. Çünki o, ata kimi mənə həyatda hər şeyin ən yaxşısını öyrədib. Atam məni də, qardaşımı da tam inandırdıb ki, insan düşdüyü vəziyyətdən asılı olmayaraq insanlığını, humanistliyini itirməməlidir. Eyni zamanda ekstremal şəraitdə təmkinli olmağı öyrədib. Sadəcə sözdə deyil, hərəkətlərində, davranışlarında da! Heç o hadisə baş verən gün də bizə heç nə bildirmədi.

- Uşaq idin onda...

- 10-cu sinifdə oxuyurdum. Qapını mən açdım. Əynində palto vardı. Heç bir qan ləkəsi-filan yox idi. Üzünə baxanda da heç bir şey hiss etmədim. Əyin-başı da həmişəki kimi səliqəli idi. Yerişində də qeyri-adi heç nə yox idi. Bircə ondan şübhələndim ki, məni qucaqlamadı. Axı o, həmişə işdən gələndə mənimlə qucaqlaşıb görüşürdü... Bu dəfə sadəcə "Qızım necəsən?" - söylədi. İçəridə anama deyəndə eşitdim. Dedi, uşaqlara bildirmə, məni bıçaqlayıblar. Ana da inanmadı. Çünki inanılası heç nə yox idi. Paltonu çıxarandan sonra məlum oldu hər şey.  

- Deyirlər, mühafizəkar olub ailədə...

- Nə mənada?

- Yəni, qadının qadın yeri, kişinin kişi...

- Hə. Amma bu, sözün yaxşı mənasında belə idi. Bizi incidəcək, qəlbimizə dəyəcək həddə yox.

- Qardaşın səndən böyükdür də...

- Hə. O, 91-dir. Ali məktəbi də bitirib, əsgərliyini də çəkib.

- Tərəfkeşlik olmasın, nədənsə mənə elə gəlir ki, səni qardaşından çox istəyirdi...

- Yox-yox... Elə deyildi... Bizə fərq qoymurdu. Sadəcə bir deyim var ki, qızlar atalara daha yaxın olur, o mənada belə görünür. Mən gözümü açandan atama çox bağlı olmuşam. Düzdür, anamı da çox sevirəm, amma atamla başqa cür idi. Biz həm də yaxın dost idik.