Günə hətta 7 fincan qəhvə də cana xeyirdir?


Digərləri 23 Noy 2017 21:35:00 282 0

Günə hətta 7 fincan qəhvə də cana xeyirdir?

"The Telegraph" yeni elmi araşdırmaya əsasən yazır ki, günə 7 fincan qəhvə içən adamlar erkən ölüm ehtimalını əhəmiyyətli dərəcədə azalda bilərlər.

Bundan əvvəl qəhvənin orqanizmə təsirinə həsr edilmiş 200-dək tədqiqatı təhlil edən yeni araşdırma bu nəticəyə gəlib ki, kofenin sağlamlığa xeyri, ziyanından qat-qat çoxdur.

Southampton və Edinburgh universitetlərində aparılmış elmi-tədqiqat göstərib ki, günə 3 və ya dörd fincan qəhvə içənlər heç içməyənlərlə müqayisədə ölüm ehtimalını 17 faiz azaldır.

Lakin hətta 7 fincan qəhvə içənlər də bu riski 10 faiz azaltmış olurlar.

Alimlər qəhvə içilməsini həm də spesifik xərçəng növləri riskinin azalması ilə bağlayırlar. Burada söhbət ilk növbədə prostat vəzi, uşaqlıqdaxili, dəri və qara ciyər xərçəngindən gedir.

Bu da qeyd olunur ki, qəhvə diabet, öd daşları, podaqra və bəzi qara ciyər pozuntuları zamanı da faydalı ola bilər.

Qəhvə içməklə Parkinson xəstəliyinin, depressiyanın və Altsaymerin riskini azaltmaq olar.

Tədqiqatın müəllifləri bildirirlər ki, kafeinli içkilərlə bağlı zərərli risklər siqaret çəkmək kimi vərdişlər nəzərə alındıqda əhəmiyyyətsiz görünür.