Bakıda beynəlxalq statuslu Əmək Mərkəzi yaradılır FOTO


Digərləri 23 Noy 2017 16:57:00 222 0

Bakıda beynəlxalq statuslu Əmək Mərkəzi yaradılır FOTO

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin İstanbul (Türkiyə) şəhərində keçirilən 33-cü sessiyasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov İƏT-in mənzil-qərargahı Bakı şəhərində yerləşəcək beynəlxalq statuslu Əmək Mərkəzinin Nizamnaməsini ölkəmiz tərəfindən imzalayıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, İƏT əmək nazirlərinin 2013-cü ilin aprel ayında Bakı şəhərində keçirilmiş ikinci konfransında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edərkən Azərbaycan Prezidenti İlham Əliyev İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılması təklifini irəli sürüb. Bu təklif konfrans iştirakçıları tərəfindən yekdilliklə dəstəklənib. Ötən dövrdə Mərkəzin Konsepsiya Sənədi və Nizamnamə layihəsi hazırlanaraq baxılması üçün üzv dövlətlərə göndərilib. 2014-cü ilin iyun ayında İƏT-in Əmək məsələləri üzrə Rəhbər Komitəsinin Bakı şəhərində təşkil etdiyi iclas zamanı iştirakçı dövlətlərin və İƏT qurumlarının nümayəndələri tərəfindən Əmək Mərkəzi ilə bağlı sənədlərin layihəsi ətraflı müzakirə edilib. İƏT Xarici İşlər Nazirləri Şurasının 2014-cü ilin iyun ayında Ciddə (Səudiyyə Ərəbistanı) şəhərində keçirilmiş 41-ci sessiyasında qəbul edilən iqtisadi məsələlər üzrə Qətnamədə dövlətimizin başçısının İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılması barədə təklifi bir daha alqışlanıb, bu sahədə Azərbaycanın səyləri dəstəklənib.

2015-ci ilin oktyabr ayında İƏT əmək nazirlərinin Cakarta (İndoneziya) şəhərində keçirilən üçüncü konfransında qəbul olunmuş qərarla Mərkəzin Nizamnamə layihəsi təsdiqlənməsi üçün İƏT Xarici İşlər Nazirləri Şurasının 43-cü sessiyasına təqdim olunub və 2016-cı ilin oktyabr ayında Daşkənd (Özbəkistan) şəhərində keçirilən həmin sessiya zamanı Əmək Mərkəzinin Nizamnaməsi təsdiq edilib. Mərkəzin təsis edilməsi üçün onun Nizamnaməsinin 10 üzv ölkə tərəfindən imzalanması tələb olunur ki, artıq Türkiyə və Azərbaycan tərəfindən sənədin imzalanması təmin edilib.

Nizamnamənin Azərbaycan tərəfindən imzalanmasından sonra sessiyanın bağlanış iclası keçirilib və iclasda yekun söz Azərbaycan tərəfinə verilib. S.Müslümov çıxışında ilk növbədə Türkiyə Prezidenti və İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin sədri Rəcəb Tayyib Ərdoğana, belə bir mötəbər beynəlxalq tədbirin yüksək səviyyədə təşkilinə, eyni zamanda nümayəndə heyətlərinə göstərilən yüksək qonaqpərvərliyə görə Türkiyə hökumətinə minnətdarlığını ifadə edib.

Ticarət və iqtisadi sahədə səmərəli əməkdaşlıq səylərinin daha da güclənəcəyinə əminlik ifadə edən S.Müslümov geniş bir coğrafiyanı əhatə edən İslam ölkələri arasında nəqliyyat dəhlizlərinin genişləndirilməsi və yenilərinin inşasının bu ölkələrin uzunmüddətli inkişafına mühüm töhfələr verəcəyini və ümumən qlobal miqyasda onların rəqabətədavamlı iqtisadiyyata malik olmalarını asanlaşdıracağını vurğulayıb. Nazir bu mənada sessiyada aparılan müzakirələrin ölkələrimiz üçün uğurlu olmasını və gələcəkdə səmərəli layihələrə səbəb olmasını arzulayıb.

S.Müslümov bildirib ki, İslam dünyasının bir hissəsi olan Azərbaycan da İslam həmrəyliyinin güclənməsinə mühüm töhfələr verir. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci il "İslam Həmrəyliyi İli" elan edilib. Bu il Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi isə İslam həmrəyliyinin möhkəmlənməsinə ölkəmizin mühüm töhfəsi olub.

Eyni zamanda, mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli dialoqun qurulması üçün hələ 2008-ci ildən "Bakı prosesi"ni uğurla həyata keçirən ölkəmizdə ötən dövrdə mütəmadi olaraq Mədəniyyətlərarası Ümumdünya Forumları, Beynəlxalq Humanitar Forumlar, 2010-cu ildə Dünya Dini Liderlər Sammiti, 2016-cı ildə BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu uğurla təşkil olunub. Azərbaycan eyni zamanda Birinci Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, IV İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq səviyyəli möhtəşəm idman oyunlarına yüksək səviyyədə ev sahibliyi edib.


Xəbərə aid fotolar