Musiqili Teatr Ceyhun Hacıbəyliyə həsr olunan əsəri səhnəyə qoyacaq


Digərləri 23 Noy 2017 15:57:56 135 0

Musiqili Teatr Ceyhun Hacıbəyliyə həsr olunan əsəri səhnəyə qoyacaq

Tamaşada dahi Üzeyir Hacıbəyli, Soltan Hacıbəyov və Niyazinin musiqilərindən istifadə olunacaq

Musiqili Teatrda yeni tamaşa hazırlanır.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yazıçı-dramaturq Əli Əmirlinin “Nuri-didə Ceyhun” əsərinin məşqləri davam edir.

Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir. 

O bildirib ki, pyesin müəllifi Əli Əmirlinin janrını musiqili yuxu-kollaj kimi təyin etdiyi iki hissəli “Nuri-didə Ceyhun” əsəri Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəylinin mühacir həyatından bəhs edir. M.Ələkbərzadə söyləyib ki, pyes Azərbaycanın müstəqil ölkə və dövlət olaraq tanıtımı üçün Paris Konfransına ezam olunmuş vətənpərvərlər dəstəsinin fəaliyyətinə ithaf olunub: "Əsər Ceyhun Hacıbəylinin həyat və fəaliyyətindən bəhs edir, amma burada Ceyhun Hacıbəyli ümumilikdə vətənsizlik yaşayan mühacirlərimizin - bütün mühacir soydaşlarımızın ümumiləşdirilmiş obrazdır. Fransada Vətən həsrətli yuxularla təskinlik tapan Ceyhun Hacıbəyli bütün təkidlərə rəğmən (anasının intizarı, həyat yoldaşı Zöhrənin istəyi və qardaşı Üzeyrin çağırış məktubları), o qürbətdə qalmağı seçir. Məşəqqət dolu həyatında bir-birinin ardınca aldığı itkilər onu psixoloji cəhətdən sarsıtsa da, ömrünün sonuna qədər mühacir həyatı sürür. Bütövlükdə bu ziyalı soydaşımızın ictimai-siyasi və şəxsi həyatını özündə ehtiva edən əsərdə Ceyhunun vətənsizliyi ön planda göstərilir. Keçirdiyi bütün sarsıntılara baxmayaraq Ceyhun inamla sabaha doğru addımlayır və elə əsər də gələcəyə doğru addımlarla yekunlaşır”.

Tamaşada rolları xalq artisti Fatma Mahmudova, əməkdar artistlər Pərviz Məmmədrzayev, Əkbər Əlizadə, aktyorlar Elçin İmanov, Gülnarə Abdullayeva, Novruz Novruzlu, Elnarə Nağdəliyeva, Ülviyyə Əliyeva, Nicat Əli, Gülçöhrə Abdullayeva, Emil Heydərov, Mehriban Zalıyeva, Firuz Məmmədov, Əliməmməd Novruzov və Şaban Cəfərov ifa edirlər.

Tamaşada dahi Üzeyir Hacıbəyli, Soltan Hacıbəyov və Niyazinin musiqilərindən istifadə olunacaq.

Tamaşanın quruluşçu dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhimov, quruluşçu baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanov, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur.