Siyavuş Novruzov deputatlara ayrılan ezamiyyə xərclərinin artırılmasını təklif edib


Digərləri 23 Noy 2017 12:24:52 167 0

Siyavuş Novruzov deputatlara ayrılan ezamiyyə xərclərinin artırılmasını təklif edib

YAP icra katibinin müavini növbəti dəfə deputatların maaşının artırılmasını təklif edib

“Ezamiyyə üçün ayrılan pullar Milli Məclis deputatlarının müəyyən tədbirlərdə iştirakı üçündür. Amma bu tədbirlərin dəqiq sayını demək mümkün deyil. Plansız o qədər tədbirlər olur ki”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, deputatların ezamiyyə xərclərinə əlavələr olunmalıdır: “Bu vəsait istifadə olunmasa geri qaytarılacaq. Beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə qərarlar qəbul edirlər. Elə Avropa Şurasının özündə də geriyə dönüş başlayıb. Bizim deputatlarımız ora səfər etməli, müəyyən tədbirlərdə iştirak etməlidirlər. Bunun üçün də vəsait tələb olunur”.

S.Novruzov qeyd edib ki, Azərbaycan Milli Məclisinin dünyanın bir çox ölkəsi ilə dostluq qrupları var və qrup üzvləri yaxşı işləyirlər: “Əsas meyar onların gedib-gəlməsi və xarici həmkarları ilə əlaqə qurmalarıdır. Dostluq qruplarının Azərbaycana dəvət olunması mühüm məsələdir. Bu sahəyə müəyyən qədər vəsait ayrılsa yaxşı olar. Bundan əlavə, Azərbaycan həqiqətlərinin dünyaya çatıdırıması üçün də müvafiq tədbirlər keçirilməlidir. Türkiyədə, Rusiyada olur ki, iş adamları da bu məsələlərə dəstək göstərirlər. Amma Avropanın elə ölkələri var ki, orada 3 nəfər azərbaycanlı iş adamı yoxdur. Bu məsələyə diqqət ayırılsa, yaxşı olar. Həmçinin kitabların çap olunmasını və tərcümə olunmasını da Milli Məclis diqqətdə saxlamalıdır”.

O, növbəti dəfə deputatların maaşının artırılmasını da təklif edib.