Musiqiləri könüllər məlhəmidir


Kriminal 22 Noy 2017 21:14:00 263 1

Musiqiləri könüllər məlhəmidir

Deyirlər dahilərin ömrü qısa olur, çünki onların bütün həyatı yaradıcılığındadır. Yaratdıqları əsərlər yaşadıqca onlar da yaşayır, tarixin yaddaşında əbədiyyətə qovuşurlar. Bu gün anadan olmasının 95-ci ildönümü tamam olan görkəmli bəstəkar, SSRİ Xalq Artisti Fikrət Əmirov da belə sənətkarlardandır. O, yaratdığı hər bir əsərinin ilk notundan son notunadək xalq musiqisindən bəhrələnib, bütün yaradıcılığını dünya musiqi mədəniyyətinin nailiyyətləri ilə üzvü surətdə birləşdirə bilib. Son.az AZƏRTAC-a istinadən görkəmli bəstəkarın doğum günündə onun adını daşıyan 6 nömrəli onbirillik incəsənət məktəbinin müəlliməsi, musiqişünas Aytən Manafovanın yazısını təqdim edir.

Böyük müəllimə istedadlı tələbənin minnətdarlıq ifadəsi

Nizami dühasının qüdrəti, Məhsəti şerinin sehri, Cavad xanın qeyrəti sayılan Gəncə torpağında, 1922-ci ildə Fikrət Əmirov kimi daha bir layiqli övlad dünyaya göz açır. Görkəmli tarzən, mahir xanəndə, eləcə də istedadlı bəstəkar Məşədi Cəmil Əmirovun ailəsində dünyaya dələn F.Əmirovun uşaqlıqdan muğamlar, xalq musiqisi canına, qanına hopmuş, qəlbinə hakim kəsilmişdir. Əlindəki tar isə onun əbədi, sadiq dostuna, qəlb sirdaşına çevrilmişdir. İllər keçəcək uşaqlıqda eşitdiyi gözəl havalar bəstəkarın "Şur"u və "Kürd ovşarı"nda duyulacaq, "Azərbaycan kapriççiosu" kimi gözəl musiqi əsəri yaradacaq.

Tale Fikrət Əmirova Məşədi Cəmil kimi ata bəxş etmişdi. Məşədi Cəmil bütün varlığı ilə oğlunun onun yolunu davam etdirməsini arzulayırdı. Lakin həyatın sərt qanunlarına görə Fikrət atasını erkən itirir. Anası Dürdanə xanım Fikrəti 16 yaşındaykən Bakıya - Məşədi Cəmilin yaxın dostu Bülbülün yanına gətirir, o isə öz növbəsində Fikrəti Üzeyir bəylə tanış edir. Fikrətin istedadını duyan dahi sənətkar ona konservatoriyaya qəbul olmağı məsləhət görür. Beləliklə, Bülbülün və Üzeyir bəyin qayğısı ilə əhatə olunmuş tələbəlik illəri başlayır. Sonralar özünü Üzeyir bəyin yetirməsi adlandıran F.Əmirov bu sözlə qürur duyduğunu, fəxarət hissi keçirdiyini bildirmişdir. Elə 1948-ci ildə Üzeyir bəyə həsr etdiyi "Elegiya" əsəri böyük müəllimə istedadlı tələbənin minnətdarlıq ifadəsi idi.

Xalq mahnılarını nota salan bəstəkar

Konservatoriya illərində F.Əmirov Bülbülün rəhbərlik etdiyi "Xalq musiqisi kabineti" ilə yaxından əməkdaşlıq edərək, xalq mahnılarının toplanması və nota salınmasında fəal iştirak edir. Ümumiyyətlə, bəstəkarın yaradıcılığında xalq mahnılarının işəmələri xüsusi bir mərhələdir. Xalq musiqisinin qanunauyğunluqlarına yaxından bələd olan bəstəkar onları incə bir şəkildə səs və müşayiət üçün işləmişdi. ("Evləri var xana-xana", "Küçələrə su səpmişəm" xalq mahnıları). Bülbülün redaktəsi ilə işıq üzü görmüş iki cildli "Azərbaycan xalq mahnıları" məcmuəsinin mündəricatında kifayət qədər F.Əmirovun adına rast gəlmək olar. Konservatoriyada F.Əmirov şəxsən Üzeyir bəy tərəfindən dəvət olunmuş B.İ.Zeydmanın sinfində bəstəkarlığın sirlərinə yiyələnir. Məlumat üçün qeyd edək ki, Zeydmanın sinfində S.Hacıbəyov, S.Ələsgərov, Ə.Abbasov, C.Cahangirov, Ə.Hüseynzadə, Ş.Axundova kimi bir çox Azərbaycan bəstəkarları dərs almışlar. Fikrət Əmirovun elə ilk bəstəkarlıq təcrübələri də məhz konservatoriya illərinə aiddir: bu əsasən müxtəlif şairlərin sözlərinə yazılmış mahnı və romanslar idi. ("Koreyalının andı" - S.Rüstəm; "İki sahil" - Dorizo, "Ulduz" - Lermantovun sözlərinə). "Nizami poeziyası məni gözəlliyi, onun məna dərinliyi və mahiyyəti, surətləri əyaniliyi, yüksək mənəvi-etik ideyaları, ehtirasların çarpışması, ən başlıcası isə dramatikliyi ilə, bəzən faciəvi gərginliyi ilə cəlb edir", - deyən bəstəkar Nizaminin həyatı və poeziyasını tükənməz ilham mənbəyi hesab edirdi. F.Əmirovun Nizaminin irsinə məhəbbəti elə erkən yaradıcılıq dövründən başlayır. Konservatoriya illərində bəstəkar "Nizaminin xatirəsinə simfonik poema", 1947-ci ildə böyük ədibin adı ilə bağlı olan kamera simfoniyasını yazır. Həmçinin Üzeyir bəyin əsasını qoyduğu romans-qəzəl janrına da öz töhfəsini bəxş edən "Gülüm" romans-qəzəli də bu dövrə aiddir. Həmçinin F.Əmirov Azərbaycan bəstəkarlarının Nizaminin sözlərinə yazılmış vokal əsərlərini toplayaraq, məcmuə şəklində öz redaktorluğu ilə nəşr etdirmişdir. Maraqlıdır ki, bəstəkarın sonuncu əsəri də böyük dühanın ümumiləşdirilmiş obrazını təcəssüm etdirən "Nizami" baletidir.

Mən bir zirvə tanıyıram...

Böyük vətən müharibəsinin başlanması ilə əlaqədar F.Əmirov konservatoriyadakı təhsilini yarımçıq qoyub ön cəbhəyə yollanır. Lakin Voronej cəbhəsində ağır yaralanan bəstəkar 1942-ci ildə ordudan tərxis olunur, əvvəlcə Gəncəyə gedərək, Gəncə Dövlət Filarmoniyasında, indi onun adını daşıyan musiqi məktəbində, eləcə də burada yerləşən Dövlət Dram Teatrında fəaliyyət göstərir. Lakin yarımçıq qalmış musiqi təhsili, yazıb-yaratmaq eşqi, onu Bakıya çəkirdi. Beləliklə, 1943-cü ildə F.Əmirov Bakıya qayıdaraq təhsilini bərpa edir. Müharibənin qanlı-qadalı təəssüratları isə əbədi olaraq 1943-cü ildə yazdığı "Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə" adlı simfonik poemasının partiturasına həkk olunur. Bu əsər bəstəkarın dostu, müharibədə həlak olmuş Məmməd İsrafilzadənin xatirəsinə həsr olunmuşdur. Bəstəkarın yaradıcılığında 1945-46-cı illəri əhatə edən skripka və fortepiano üçün "İkili konsert", fortepiano və xalq çalğı alətləri orkestri üçün konsert eləcə də fortepiano üçün yazdığı "Romantik sonata" müvafiq olaraq bu janrların ilk nümunəsi olub, Azərbaycan musiqi ədəbiyyatını zənginləşdirən musiqi əsərləri kimi qiymətləndirilir. 1944-cü ildə o Musiqili Komediya Teatrının açılması F.Əmirov qarşısında yeni imkanlara zəmin yaratdı. Sənət müəllimi Üzeyir bəyin möhkəm təməlli musiqili teatr ənənələrinə dayaqlanan F.Əmirov bu janrda da öz qələmini sınayır və "Ürəkçalanlar" (1944), "Gözün aydın" (1946) musiqili komediyalarını yazır. Əbəs yerə "Mən bir zirvə tanıyıram. Uca zirvə...Günəşli zirvə...Vüqarlı zirvə... O zirvə dünyanın hər yerindən görünür. Bəzən Nyu-Yorkun alqışlarından titrəyən konsert salonları o zirvəyə səcdəyə gəlir, bəzən dumanlı Londona o zirvədən şəfəqlər süzülür" deyimini Xalq Şairi Nəbi Xəzri 1949-cu ildə bəstəkarın Dövlət mükafatına layiq görülmüş iki böyük şedevri - "Şur" və "Kürd ovşarı" haqqında söyləməyib. İki tip musiqi təfəkkürünün - xalq və Avropa musiqisinin sintezi olan simfonik muğamlar yeni bir janrın əsasını qoymaqla özündən sonra elə bir zəmin hazırladı ki, bu zəmin əsasında sonradan Niyazi, S.Ələsgərov kimi bəstəkarlar öz maraqlı nümunələrini yarada bildilər. Bu əsərlərlə F.Əmirov "Şərq simfonizmi"nin əsasını qoydu.

Muğamlarımıza yeni məzmun gətirən bəstəkar

F.Əmirovun simfonik muğamlarının yüksək bədii keyfiyyətlərini dahi Q.Qarayev belə açıqlayır: "F.Əmirovun yaradıcılıq işinin məziyyəti ondadır ki, o, xalq dühasının əsrlərlə yaratdığı bütün xüsusiyyətlərini saxlamaqla bərabər, muğamlara yeni məzmun verə bilmişdir. Ölməz musiqi poemaları onun təfsirində yeni şəkildə səslənir. Əmirov öz vəzifələrini dərindən dərk edərək zəngin məzmunlu, xəlqi dilli, orijinal formalı simfonik əsərlər yaratmışdır".


Xəbərə aid fotolar