Fuad Muradov: "Tələbələrə kredit verilməsini asanlaşdırmalıyıq”


Digərləri 22 Noy 2017 16:28:00 202 0

Fuad Muradov: "Tələbələrə kredit verilməsini asanlaşdırmalıyıq”

2018-ci ilin dövlət büdcəsi açıq-aydın göstərir ki, Azərbaycanda həyata keçirilən islahatlar öz bəhrəsini verib.

Bakı. Elçin Mehdiyev – 2018-ci ilin dövlət büdcəsi açıq-aydın göstərir ki, Azərbaycanda həyata keçirilən islahatlar öz bəhrəsini verib. Trend-in məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov parlamentin iclasında 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib. F.Muradov bildirib ki, Azərbaycanda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, ipoteka kreditlərinin faiz dərəcələrinin aşağı salınması istiqamətində atılan addımlar, aztəminatlı ailələr üçün sosial evlərin inşası, yeni iş yerlərinin açılması və digər tədbirlər müsbət haldır: “İnşaat sektoru sadəcə hansısa bir binanın tikintisi demək deyil. İnsanlar bu obyektlərdə işləyirlər, vergi ödəyirlər. Yəni yeni iş yerləri yaradılır, insanların gəlir yerləri artır. Büdcədə ipoteka ilə bağlı artım isə onu özündə ehtiva edir ki, insanlar güzəştli ipoteka şərtləri ilə yeni mənzillərə sahib ola biləcəklər”. Komitə sədri təhsil sahəsində də sürətli islahatların getdiyini diqqətə çatdırıb. O qeyd edib ki, təhsillə bağlı görülən işlər illərlə həyata keçirilən prosesdir: "Biz bu istiqamətdə həyata keçirilən işləri və ümumilikdə təhsildəki inkişafı görür, dəstəkləyirik". Deputat vurğulayıb ki, Azərbaycanda ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələrin bir qismi təhsil haqlarını ödəməkdə çətinlik çəkirlər: “Bu isə həmin tələbələrin təhsilinin yarımçıq qalmasına və ali təhsil müəssisələrinin dayanıqlı maliyyə təminatında problemlərin yaranmasına səbəb olur. Təhsil Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildə 10 aparıcı dövlət ali təhsil müəssisəsi tərəfindən “Maarifçi” Tələbə Kredit Fondu təsis edilib. Fondun əsas missiyası aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. Biz qanunvericiliyə baxmalıyıq, tələbələrə kredit verilməsini asanlaşdırmalıyıq”. F.Muradov deyib ki, Azərbaycanda Gənclər Fondu modeli də var. O qeyd edib ki, hər bir gənc öz layihələrini bu Fonda təqdim etməklə reallaşdıra bilir: “Bu baxımdan dövlət büdcəsindən "Maarifçi" Tələbə Kredit Fondunun maliyyələşməsinin təmin edilməsi bu istiqamətdə irəliləyişə səbəb ola bilər. Təhsil Nazirliyi tələbələrə kredit verilməsi ilə bağlı ilk addımı atıb, biz də bu məsələdə öz dəstəyimizi göstərməliyik. Bununla bağlı xüsusi dövlət proqramı da ola bilər. Yaxud da “Maarifçi” Tələbə Kredit Fonduna müəyyən status verilə bilər ki, fond tələbələrə sərbəst şəkildə kredit ayıra bilsin”. Komitə sədri, həmçinin “Azəristiliktəchizat” ASC-nin fəaliyyətindən narazılığını bildirib. Məsələ ilə əlaqədar Baş nazirə müraciət edən F.Muradov Xətai rayonunda müxtəlif yataqxanalarda istilik probleminin olduğunu diqqətə çatdırıb. Millət vəkili bildirib ki, Xətai rayonu vaxtilə sənaye regionu kimi tanınıb: “Bu rayonda zavod, fabriklərə məxsus yataqxanalar olub. Bu yataqxanalardan bəziləri sökülüb. Amma qalanlarının istiliklə təchizatında problemlər var. “Azəriqaz” İstehsalat Birliyi və “Azəristiliktəchizat” ASC arasında problem var. “Azəristiliktəchizat”in “Azəriqaz”a borcu var və bu, istiliklə təminatda çətinlik yaradır. Hər ikisi dövlət qurumudur. “Azəristiliktəchizat” işini görə bilmirsə, özəlləşdirilməlidir. Bu strateji müəssisə deyil ki, özəlləşdirilməsi mümkün olmasın. Bu məsələ “Azəriqaz”a da aiddir. Əgər onlar dövlət müəssisəsi kimi fəaliyyət göstərə bilmirsə, o zaman özəlləşdirilsinlər”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin