Dolların təzyiqi artır Tədbirli olmaq lazımdır


Digərləri 22 Noy 2017 15:58:00 384 0

Dolların təzyiqi artır  Tədbirli olmaq lazımdır

Qonşu ölkələrdə yenidən dolların milli valyutalara təzyiqinin artması müşahidə edilir. Bir sıra Qərb dövlətləri ilə münasibətləri pisləşən Türkiyədə artıq 1 dollar almaq üçün 4 lirəyə yaxın pul ödəmək lazımdır. Yalnız son 1 ay ərzində lirə dollara nisbətən 8 faizdən çox dəyər itirib. Rusiyada rubl hələlik dolların təzyiqlərinə davam gətirsə də, son 1 ayda rus pulunun kursu dollara nisbətən 4 faizə yaxın geriləyib. Digər qonşumuz, Gürcüstanda isə lari qeyd edilən dövrdə 3 faizə yaxın dəyərsizləşib.

Son.az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

İqtisadçının sözlərinə görə, Türkiyə və Rusiyada milli valyutaların məzənnəsinin dəyişməsi manata birbaşa olmasa da dolayı təsir edir: "Söhbət həm iqtisadi və həm də psixoloji təsirlərdən gedir. Belə ki, bu ilin 9 ayında 1,07 milyard dollarlıq qeyri-neft ixracatımızın 223 milyon dolları Türkiyənin payına düşür. Türkiyə qeyri-neft ixracatımızda 336 milyon dollar paya malik olan Rusiyadan sonra ikincidir. Azərbaycanla Türkiyə arasında illik ticarət dövriyyəsi isə 2 milyard 315 milyon dollardır. Bu, ümumi ticarət dövriyyəmizin 13 faizindən çoxu deməkdir. Rusiya ilə ticarət dövriyyəmiz 2,05 milyard dollardır. Bu isə o deməkdir ki, sözügedən iki ölkə Azərbaycanın xarici ticarət dövriyyəsinin ¼-ni formalaşdırırlar. Bu isə kifayət qədər ciddi rəqəmdir".