“Neftçi” rəhbərliyi “Chelsea” futbolçuları ilə görüşüb


İdman 22 Noy 2017 14:31:00 342 0

“Neftçi” rəhbərliyi “Chelsea” futbolçuları ilə görüşüb

“Neftçi” rəhbərliyi Çempionlar Liqasının qrup mərhələsinin V turunda “Qarabağ”la qarşılaşacaq İngiltərənin “Chelsea” klubunun nümayəndələri ilə görüşüb.

Goal.az xəbər verir ki, paytaxt klubunun prezidenti Orxan Hüseynzadə və vitse-prezident Elnur Eyvazov “Bakcell Arena”da oyunqabağı son məşqini keçən London təmsilçisinin katibi Devid Bernard və baş məşqçi Antonio Konte ilə bir araya gəlib.

Klub rəsmiləri akademiyalar arasında əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparıblar. “Neftçi”də uşaq futbolunun inkişafına xüsusi əhəmiyyət verildiyini qonaqların nəzərinə çatdıran O.Hüseynzadə Futbol Akademiyasının istedadlı yetirmələrinin “Çelsi”də təcrübə toplaması üçün İngiltərə təmsilçisinin nümayəndələrinə təklif irəli sürüb. D.Bernard prezidentin təklifini müsbət dəyərləndirərək bu cür əməkdaşlığın faydalı olacağını vurğulayıb.

E.Eyvazov dünya şöhrətli klubu qonaq etməkdən məmnunluğunu bildirib. Qonaqpərvərliyə görə təşəkkür edən A.Konte “Bakcell Arena”dakı məşqin təşkilindən razı qaldıqlarını söyləyib. Görüşün sonunda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Chelsea” oyunu saat 21:00-da başlayacaq.