Marketdə nəyisə salıb sındırdınsa, pulunu verməlisən?


Digərləri 22 Noy 2017 07:28:00 255 0

Marketdə nəyisə salıb sındırdınsa, pulunu verməlisən?

Hamı deyir ki, günahkar alıcıdırsa, belə olmalıdır, amma supermarketlərdən güzəştə gedəni də var

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Hamı deyir ki, günahkar alıcıdırsa, belə olmalıdır, amma supermarketlərdən güzəştə gedəni də var 

Müasir dövrdə böyük marketlərdə alış-veriş etmək həm də bir növ əyləncəyə çevrilib. Saatlarla vitrinlərin arasında dolaşmaqdan, nələrisə seçib götür-qoy etməkdən yəqin ki, bir çoxlarımız zövq alırıq. Bəzən də kiçik bir ehtiyatsızlıq ucbatından marketlərdə sıra ilə düzülən müxtəlif məhsullara toxunub onlara zərər veririk. Belə hallar marketlərdə gündəlik hal alıb. Hətta əvvəllər bu barədə qəlibləşmiş bir ifadə də var idi ki, birdən kiminsə qatıq bankasını sındırsan, ödəməyə cibində bir az artıq pulun olsun. Bəs görəsən ehtiyatsızlıq nəticəsində hər hansı məhsula istəmədən də olsa zərər vururuqsa, bu zaman dəyən zərəri kim ödəməlidir: mağaza rəhbərliyi, yoxsa alıcı? 

"Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov bildirdi ki, alıcının diqqətsizliyi və ehtiyatsızlığı ucbatından mağazada hər hansı məhsul yerə düşüb sınarsa, yaxud xarab olarsa, alıcı dəyən ziyanı ödəməlidir: "İstehlakçı mağazanın satış zalında gəzişərkən nəyəsə toxunub sındırdığı zaman məhsulun dəyərini o özü ödəməlidir. Azərbaycandakı marketlərdə məhsulların düzülməsi üçün hər hansı standart tətbiq olunmayıb. Hətta belə bir standartların olmadığı şəraitdə belə, istehlakçı sındırdığı məhsulun pulunu ödəməlidir. Bundan başqa, istehlakçı məhsulu alarkən satıcı onu plastik torbalara yığır. Bu zaman torba cırılar və  məhsul yerə düşüb zay olarsa, bu zaman artıq alıcı günahkar deyil. Bu zaman məsuliyyəti mağaza daşıyır. Çünki bəzən plastik torbalar standartlara cavab vermir. Amma qalan bütün hallarda qeyd etdiyim kimi, alıcının günahı ucbatından mağazaya dəyən zərərin məbləğini alıcı ödəməlidir".   Hüquqşünas Ceyhun Cəfərli də bildirdi ki, təqsirin kimdə olmasına dair mübahisəli məqamlar məhkəmədə aydınlaşdırılmalıdır: "Bəzən ehtiyatsızlıqdan belə hallara rast gəlinir. Bu zaman alıcı məhsulun dəyərini mağazaya ödəməlidir. Amma alıcının təqsiri olmadan məhsul sınırsa, bu halda alıcı heç bir məsuliyyət daşımamalıdır. Çünki bəzən məhsullar düzgün formada yığılmır, yaxud normadan çox yığılır. Əgər  mağazadakı rəflər düzgün quraşdırılmayıbsa və onların aşması nəticəsində rəfin üzərindəki mallar zədələnirsə, sınırsa, bu halda məsuliyyət mağazanın üzərinə düşür. Mübahisəli məqamlar zamanı isə məsələ məhkəmədə aydınlaşdırılır. Araşdırma zamanı müəyyən edilir ki, təqsirkar kimdir. Bu zaman sübut və dəlillər toplanır. Müasir dövrdə bütün marketlərdə nəzarət-müşahidə kameraları quraşdırılıb. Görüntü vasitəsilə bütün detallar müəyyən edilir və məhsulun hansı səbəbdən aşıb sınması təyin edilir. Bu zaman görüntülər məhkəmə mübahisəsinin predmeti olur. Sübut olunsa ki məsuliyyəti mağaza və satıcı daşıyır, bu zaman istehlakçının məsuliyyəti istisna edilir. Məhsulun istehlakçının məsuliyyətsizliyi və ehtiyatsızlığı ucbatından sındığı aşkarlanarsa, o halda məsuliyyəti alıcı daşıyır. Bu, cinayət sayılmır, sadəcə olaraq mülki hüquqi məsuliyyətdir".