Eynəkli uşaqlar niyə çoxalır?


Digərləri 22 Noy 2017 06:30:00 302 0

Eynəkli uşaqlar niyə çoxalır?

Mütəxəssislər uşaqların açıq havada çox olması və uzaq məsafələrə baxmasının zəruriliyini vurğulayırlar

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Mütəxəssislər uşaqların açıq havada çox olması və uzaq məsafələrə baxmasının zəruriliyini vurğulayırlar 

Eynəkli uşaqların sayının çoxalmasını hər birimiz görürük. Əvvəllər yuxarı sinif şagirdlərində görünən bu problemi indi lap azyaşlı uşaqlarda və dəfələrlə çox görürük. Bu, tək hər kəsin müşahidəsi ilə yekunlaşmır, statistik rəqəmlərdə də problem əks olunub. 13 yaşa qədər uşaqların göz və gözün əlavə aparatının xəstəlikləri ilə bağlı statistikaya baxanda, son 10 ildə iki dəfəyə yaxın artım var. 2007-ci ildə ilk dəfə diaqnoz qoyulmuş xəstələrin sayı 15 402 olubsa, 2016-cı ilin statistikasında bu rəqəm 26 000-i keçib. 13 yaşa qədər uşaqların hər 10 000 nəfərinə düşən göz və göz aparatı xəstəliklərindən əziyyət çəkənlərin sayı 2007-ci ildə 80 nəfər olubsa, 2016-cı ildə bu 125 nəfərdən çox olub.

Fikir versək görərik ki, bir çox hallarda uşaqlar uzağı görmə problemi yaşayırlar. Ancaq yaxını görürlər ki, tibdə bu, miopiya adlanır. Bəs miopiyanın ildən-ilə artmasının səbəbi nədir? Eynəkli uşaqlarımızın sayı niyə çoxalır?

"Məktəbdə uşaqları 2 dəfə, hər dəfə yarım saatlığına çölə çıxarıblar"

Qeyd edək ki, bu günlərdə Kanadada yaşayan azərbaycanlı Famil Qarayev bununla bağlı bir paylaşım etmişdi və məktəblərdə tətbiq olunan üsuldan danışmışdı: "Bu gün Kalqaridə təxminən mənfi 15 dərəcə şaxta var idi və buna baxmayaraq, qızımgilin məktəbində uşaqları 2 dəfə hər dəfə yarım saatlığına çölə çıxarıblar. Əvvəllər bunu eşidəndə məktəbi qınayırdım, belə şaxtada da uşaqları çölə çıxarmaq olmaz deyə düşünürdüm. Artıq məktəbin doğru etdiyini düşünürəm".

F.Qarayev bu metodun xeyirli olmasını əks etdirən Amerika mətbuatında çap olunan bir yazını da paylaşıb. Həmin məlumatda qeyd olunur ki, dünyada məktəbdə verilən ev tapşırığına görə Sinqapur birincilərdəndir. Bunun da nəticələrindən biri odur ki, məktəbdən məzun olan şagirdlərin 80-90% miopiya, yəni uzağı zəif görmə problemindən əziyyət çəkir. Çin, Koreya, Yaponiya və dünyanın bir çox ölkələrində eyni problem epidemiya halında yaşanır. Tədqiqatlar göstərir ki, belə davam etsə, 2050-ci ildə dünya əhalisinin yarısı eynək taxma məcburiyyətində qalacaq. Tədqiqatçılar əvvəllər əsas səbəbi uşaqların kompüter, telefon ekranına çox baxmaqlarında görürdülər. Ən son tədqiqatların nəticə isə onu göstərir ki, əsas səbəb uşaqların qapalı məkanlarda çox vaxt keçirməklə gözlərini təbii gün işığından məhrum etmələridir. Bunun da nəticəsində göz lazımi qida və vitamini almamış olur. Misal üçün, buludlu havada insan gözü açıq havadakı işiqdan evdəki süni işıqla müqayisədə 30 dəfə daha çox lazımi qida və vitamin alır. Açıq günlü havada isə bu fərq 300 dəfəyə çatır.

"Yaxşı oxuyan uşaqlarda eynək taxma halı daha çoxdur"

Oftalmoloq-cərrah Günay Əliyeva"Kaspi"yə açıqlamasında bildirdi ki, problemin artması kimi, səbəbləri də göz önündədir: "Məktəbdən danışsaq, dərs rejimi düzgün deyil, ağırdır. Uşaqlar səhərdən axşama qədər yaxın məsafəyə baxırlar. Yaxın məsafəyə baxmaq göz əzələlərinin spazmına gətirib çıxarır. Göz yaxını yaxşı görməyə başlayır, uzağı görmə mənfiləşir.  Üstəlik, uşaq bütün gün dərsdə olur, evə gəlib yeməyini yeyən kimi, "get dərslərini hazırla" deyirlər. Bu kimi yüklənmə ilə yanaşı, uşaqda mənfiliyə bir az genetik meyillilik də varsa, mənfiləşməyə, spazmın proqressivləşməsinə gətirib çıxarır. Həqiqətən də yaxşı oxuyan uşaqlarda eynək taxma halı daha çoxdur. Çünki onlar bütün gün yaxına baxırlar. Eyni zamanda uşaqlar dərsdən sonra televizora bəzən çox baxırlar, kompüter, telefonlarla da vaxt keçirirlər. Bunlar da göz əzələləri üçün əlavə stressdir. Ona görə də inanılmaz dərəcədə mənfiləşmə gedir".