Millət vəkilləri heyvanların ağrısını başa düşürmü?


Digərləri 21 Noy 2017 22:22:00 289 0

Millət vəkilləri heyvanların ağrısını başa düşürmü?

"The Independent" yazır ki, Britaniya millət vəkilləri heyvanların hissiyyatı barədə maddənin Avropa İttifaqından ayrılma qanununa daxil edilməsinin əleyhinə səs veriblər. Bu maddədə heyvanların da emosiya və ağrı hissinə malik olduqları təsbit edilirdi.

Parlamentin bu addımı heyvan haqları fəallarının kəskin tənqidinə səbəb olub. Onlar deyirlər ki, bu səsvermə ekologiya naziri Michael Gove-un verdiyi vədə tamamilə ziddir. Nazir Brexit və ya Avropadan ayrılma prosesində heyvan haqlarının müdafiə olunacağına söz vermişdi.

Məqalədə deyilir ki, ümumiyyətlə, heyvanların rifahına dair əksər qanunvericilik aktları Avropa İttifaqından gəlir. Britaniya hökuməti qarşısında Avropadan ayrıldıqdan sonra Avropa qanunlarının müstəqil qəbul edilməsi vəzifəsi qoyulub, lakin göründüyü kimi parlament heyvan hissiyatı barədə müddəanı rədd edib.

Hökumət bildirib ki, bu maddə Heyvanların Rifahı Haqqında 2016-cı il tarixli qanuna daxil edilib.

Britaniya Heyvanlara Qarşı Qəddarlıqla Mübarizə Kral Cəmiyyəti (Royal Society for the Prevention of Cruelty to Animals) hökumətin iddialarını rədd edir.

Cəmiyyətin ictimaiyyətlə əlaqələr üzrə direktoru David Bowles deyib ki, heyvan hissiyyatı barədə maddənin post-Brexit qanunlarına salınmaması təəssüf doğurur.

O deyib ki, sözü gedən 2006-cı il qanunu yalnız ev heyvanlarına aiddir və bu qanunda heyvan hissiyyatından ümumiyyətlə söhbət getmir.

"Biz bilirik ki, Aİ-də heyvan hissiyatı konsepsiyasının qəbul edilməsi bütün region boyunca heyvanların rifahının təmin edilməsində həlledici rol oynayırdı" - David Bowles deyib.

Dünya Fermerləri Birliyində rəğbət siyasəti üzrə direktor Nick Palmer deyib ki, bu maddəni rədd etdikdən sonra Birləşmiş Krallıq bütün dünyada heyvanların müdafiəçisi titulunu daşıya bilməz.