Azərbaycan qeyrineft sektorunda Çin şirkətlərinin daha fəal təmsil olunmasında maraqlıdır FOTO


Siyasət 21 Noy 2017 19:20:00 270 0

Azərbaycan qeyrineft sektorunda Çin şirkətlərinin daha fəal təmsil olunmasında maraqlıdır  FOTO

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Çinin Terrorçuluqla mübarizə və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi Çen Qopinqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, E.Məmmədyarov Çin və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edb və bu baxımdan iki ölkənin dövlət başçılarının dostluq münasibətlərinin, həmçinin son dövrlər intensivləşən səfərlər mübadiləsinin rolunu xüsusi vurğulayıb.

Azərbaycanın Çinin "Bir Kəmər, Bir Yol" təşəbbüsünü yaxından dəstəklədiyini deyən E.Məmmədyarov 30 oktyabr 2017-ci il tarixində istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmiryolunun bu çərçivədə yük və sərnişin daşınması baxımdan əməkdaşlıq üçün geniş imkanlar yaratdığını nəzərə çatdırıb. Həmçinin, Azərbaycan iqtisadiyyatının xüsusilə qeyri-neft sektorunda Çin şirkətlərinin daha fəal şəkildə təmsil olunmasında ölkəmizin maraqlı olduğunu deyib.

Çen Qopinq Çin hökumətinin Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib və iki ölkənin əməkdaşlığı üçün böyük potensialın olduğunu qeyd edib. Azərbaycanın İpək Yolunun vacib iştirakçılarından biri olduğunu qeyd edən Çen Qopinq "Bir Kəmər, Bir yol" layihəsinə Azərbaycanın yaxından iştirakına ümidvar olduğunu diqqətə çatdırıb.

Çen Qopinq Azərbaycan və Çin hökumətləri arasında strateji əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin terrorizmə qarşı mübarizə sahəsində də davam etdirilməsinin vacibliyini vurğulayıb. Bu xüsusda, E.Məmmədyarov Azərbaycanın terrorçuluğun bütün forma və təzahürlərinə qarşı mübarizəni dəstəklədiyini və beynəlxalq təşkilatlar çərçivəsində bu sahədə irəli sürülən təşəbbüslərlə bağlı Çinlə Azərbaycanın eyni mövqedən çıxış etdiyini vurğulayıb.

Görüşdə beynəlxalq və regional xarakterli digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Xəbərə aid fotolar