“Neolit”, “Qızılqaya” və bir neçə restoran sökülə bilər VİDEO


Digərləri 21 Noy 2017 17:39:00 222 0

“Neolit”, “Qızılqaya” və bir neçə restoran sökülə bilər  VİDEO

Bir müddət əvvəl "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Bakı və Abşeronda onlarla obyektin sökülməsi üçün yerli rayon məhkəmələrində iddia qaldırması məsələsi ictimai maraq doğurub. "Azərsu"nun iddiasına görə, onlarla sahibkarın obyekti və yaşayış evləri su-kanal xətlərinin mühafizə zolağında inşa edilib. 

Belə ki, təkcə Bakıda 200-dən çox, Abşeronda 47 kommersiya obyekti, 2 mindən çox fərdi yaşayış evi magistral su kəmərlərinin və daşıyıcı kollektorların üzərində inşa edilib. 

Son.az xəbər verir ki, qafqazinfo ictimai maraq doğuran hadisə ilə bağlı bəzi məlumatlar əldə edib. Məlum olub ki, Bakıda illərdir fəaliyyət göstərən bir sıra məşhur restoranlar magistral su kəmərlərinin üstündə tikilib. Bu restoranlar paytaxtın Nizami rayonu Mikayıl Əliyev və Bəkir Çobanzadə küçəsində yerləşir.

Həmin şadlıq evlərinin siyahısında "Neolit", "Qızılqaya", "Ay işığı", "Xəmsə", "Sarı gəlin", "Xarı bülbül", "Xan qızı", "Yeddi gözəl" kimi restoranlar var. 

Bu restoranlar "Azərsu"nun 1000-1200 diametrli yüksək təzyiqli magistral su kəmərlərinin üstündə tikilib. 

Artıq "Neolit" və "Qızılqaya" restoranının sökülməsi üçün "Azərsu" tərəfindən iddia məhkəməyə təqdim olunub. Hazırda 121 obyektin işinə məhkəmədə baxılır. Əlavə 60 obyektlə bağlı sənədlər isə hazırlanıb bu yaxınlarda məhkəməyə təqdim olunacaq. 

Eyni zamanda magistral su kəmərinin yaxınlığında və ya üzərində tikilən çoxsaylı yaşayış evləri və bəzi kiçik obyektlər də var. Bunlar isə daha çox Binəqədi rayonu, Biləcəri qəsəbəsindədir.  

Biləcəri qəsəbəsindəki vəziyyət müşahidə edilib. 

Məlum olub ki, həmin ərazidəki bir neçə obyekt icarədarlarının məsələdən xəbəri yoxdur. Çünki onlar obyekti icarəyə götürüblər. Sahibini isə demək olar ki tanımırlar.

Ordubadi küçəsində elə evlər var ki, sözügedən kəmərlər onların həyətindən keçir. Üstündə hətta tikinti işləri də aparılıb. Sakinlər isə bildirir ki, həmin evləri 10-15  il bundan qabaq tikiblər. Vaxtilə bu evləri tikən zaman icra nümayəndəliyi onlara təhlükənin olacağı barədə heç nə deməyib. Sakinlər iddia edir ki, onlardan razılıq aldıqdan sonra ev tikməyə başlayıblar. 

"Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı söhbət zamanı bildirib ki, son beş ildə mühafizə yerlərinin yaxınlığında ev və ya obyekt tikilməsinə onlar tərəfindən  icazə verilmir: "Biz bununla bağlı müvafiq  siyahını hazırlayıb hökumətə təqdim etmişik. 5200-dən artıq belə tikinti var. Onlardan 3300- ü yaşayış evi, qalan 1900-ü isə müvafiq  tikili və obyektlərdir. Təkcə 2500-ü  Binəqədi rayonu, xüsusilə də Biləcəri qəsəbəsi ərazisindədir. Belə ki, Ceyranbatan-Binəqədi xətti üzrə 3 magistral xətt bu rayonun ərazisindən keçir. Demək olar ki, hər yerdə bu mühafizə zonası pozulub. Yaşayış evinin və ya obyektin mühafizə zonasından nə qədər aralı yerləşməsi təzyiqdən asılıdır. Bu 5 metr, 10 metr, 15 metr də ola bilər. Ən yüksək təzyiqli 1200-1400 diametrli xətlərdə isə bu 20-25 metr təşkil edir. Sabah qəza baş verəcəyi halda onu necə aradan qaldıracağımız müşkül məsələyə çevrilib. Hətta qəza insan təlafatı ilə də nəticələnə bilər.

Hətta elə evlər var ki, xətti öz hasarına alıb və kəmərdə "stayak" quraşdıraraq havayı başa gələn suyu su maşınlarına doldurub 25-30 manata camaata da satırlar".

Sözügedən sayt bu kimi halların baş verməsində məsuliyyət daşıyan orqanlarla yanaşı, məsələnin hüquqi və iqtisadi yollarını, həmçinin vəziyyətdən çıxış yollarını da araşdırıb. 

Qeyd etdiyimiz kimi, sözügedən şadlıq sarayları Nizami rayonu ərazisində yerləşir.  Rayon icra hakimiyyəti başçısının müavini İldırım Məmmədov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Bəkir Çobanzadə və Mikayıl Əliyev küçəsində faktiki fəaliyyət göstərən şadlıq evləri hardasa 15-20 il əvvəl tikilmiş restoranlardır: "Yəni bu, bugünün, dünənin işi deyil. Göz qabağında olmuş işlərdir. Bu gün gəlmiş icra başçısı nə bilsin ki, orada neçə il əvvəl iş necə olub? Orada restoran bir, ya iki deyil. "Azərsu" yəqin ki, araşdırma aparıb, müəyyən qədər məlumatı var. Sökülmə ilə bağlı iddia təmin edilsə belə o restoranların hamısının sökülməsi qeyri- mümkün olan işdir. "Azərsu" da bu günün təşkilatı deyil. O şadlıq evləri də bu günün deyil. Məhkəməyə verilən restoran sahibləri  bizə bu barədə müraciət etməyiblər. Yəqin ki, müraciət etsələr məsələ aydınlaşdırılar".

Bu arada qeyd edək ki, sözügedən məsələylə bağlı Binəqədi RİH-yə müraciət etsək də, hələ ki, cavab verilməyib.

Məsələnin hüquqi tərəflərinə toxunan vəkil Xəyal Bəşirov sayta bildirib ki, bu məsələ ölkəmizdə, xüsusilə də paytaxt Bakı şəhərində çox böyük və ciddi problemdir: "Geniş tikinti işləri aparılarkən həm tikintini aparanlar, həm də müəyyən səlahiyyətli şəxslər tərəfindən sui-istifadə hallarına yol verilib. Haqqında danışdığımız bu cür neqativ halların acı nəticələri çox təəssüflər olsun ki, bu gün də cəmiyyətimizdə yaşanmaqdadır ki, hazırda da onların aradan qaldırılması dövlətə və müvafiq qurumlara əlavə yeni problemlər yaradır. 

Qüvvədə olan qanunvericiliyimizə əsasən bütün magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililər qanunsuz hesab olunur.