Masallı Sənaye Məhəlləsinin tikintisi vaxtından əvvəl başa çatacaq


Digərləri 21 Noy 2017 15:30:00 321 0

Masallı Sənaye Məhəlləsinin tikintisi vaxtından əvvəl başa çatacaq

"Masallı Sənaye Məhəlləsinin tikintisi ilin sonunadək başa çatacaq".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisin plenar iclasında 2018-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.

Nazir qeyd edib ki, Balaxanı Sənaye Parkında tullantıların təkrar emalı üzrə 5 müəssisə bu ilin birinci yarısında fəaliyyətə başlayıb: "Bu müəssisələrdə 400-ə yaxın yeni iş yeri yaradılıb. Bununla belə, Sənaye Parkının 2-ci sahəsində 7 istehsal sahələrinin yaradılması üzrə işlər aparılır".

Ş.Mustafayev bildirib ki, yerli əczaçılıq sənayesinin təşkili məqsədilə yaradılmış Pirallahı Sənaye Parkında "Hayat Pharm" və "Caspian Pharmed" dərman preparatları, eləcə də şpris istehsalı zavodlarının yaradılması istiqamətində işlər davam etdirilir. Bu müəssisələrdə 350-ə yaxın yeni iş yerlərinin açılması nəzərdə tutulur.

O deyib ki, Mingəçevir Sənaye Parkında 9 fabrikin yaradılması ilə 150-200 milyon ABŞ dolları investisiya qoyuluşu həyata keçiriləcək və 5 mindən çox yeni iş yeri açılacaq: "Artıq "Mingəçevir Tekstil" tərəfindən dəyəri 46 milyon ABŞ dolları olan fabrikin tikintisinə başlanılıb. 2018-ci ilin birinci rübündə istismara veriləcək müəssisədə 550 yeni iş yerinin yaradılması nəzərdə tutulur".