"Report": Regionda dolların bahalaşması bu dəfə Azərbaycana təsir etməyəcək


Digərləri 21 Noy 2017 12:22:44 160 0

"Report": Regionda dolların bahalaşması bu dəfə Azərbaycana təsir etməyəcək

Proqnoz: Lakin artıq 2018-ci ilin ikinci yarısından etibarən dolların məzənnəsi dəyişə bilər

Türkiyə, Rusiya və Gürcüstanda ABŞ dolların məzənnəsinin artması bu dəfə Azərbaycanda dolların bahalaşmasına səbəb olmayacaq. "Report"un analitik qrupu bildirir ki, Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə dolların məzənnəsinin yüksəlməsi müvəqqəti xarakter daşıyır. Dekabr ayının əvvəlindən başlayaraq dollar həmin ölkələrdə yenidən ucuzlaşacaq və məzənnə sabitləşəcək.

Qeyd edək ki, Türkiyədə dolların məzənnəsi son iki ayda 17%, Gürcüstanda 11%, Rusiyada isə 5% yüksəlib. "Azərbaycan bu ölkələrdə dollar ekvivalentində malların ucuzlaşmasından istifadə edərək mal idxalını artıracaq. Lakin mal idxalında artım nəzərə çarpacaq dərəcədə olmayacaq. Belə ki, Azərbaycanda əhalinin gözləntiləri və real gəlirlərinin azalması diqqətə alındıqda, yalnız uzunmüddətli istifadə üçün yararlı malların idxalında artım müşahidə olunacaq", - deyə analitiklər əlavə ediblər.

Bu səbəbdən, ilin sonuna qədər Azərbaycanda dolların bahalaşması gözlənilmir. Lakin bu tendensiyanın 2018-ci ilin ikinci yarısından etibarən sürətlənməsi proqnozlaşdırılır. Bu zaman, Azərbaycanda dolların məzənnəsində müəyyən dəyişikliklər mümkündür.