Yol qəzalarında xəstəxanalıq olanların STATİSTİKASI


Digərləri 21 Noy 2017 11:06:00 247 0

Yol qəzalarında xəstəxanalıq olanların STATİSTİKASI

2017-ci ilin ilk 10 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) 567 680-dan çox müraciət daxil olub. Bu müraciətlərdən 52 965-dən çoxu xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 65 300-dən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 10 480-dan artıq olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 1600 nəfərdən çox olub. Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 123 375, hospitalizasiya 10 287; miokard infarktı ilə bağlı müraciətlərin sayı 697, hospitalizasiya 657-yə yaxın; insultla bağlı müraciətlərin sayı 3100, hospitalizasiya 2772; doğuşla bağlı müraciətlərin sayı 2573, hospitalizasiya 2561; zədələnmələrin ümumi sayı 17 250, hospitalizasiya 10 734, bunlardan avtoqəza zamanı xəsarət alanların sayı 1937, hospitalizasiya 1691 olub ki, bu rəqəmdə də keçən il ilə müqayisədə azalma qeyd edilir.

Tibb müəssisəsindən kənar doğuşların sayı 83 olub ki, onların da hamısı hospitalizasiya olunub. BŞTTTYS-in bölmələrinə birbaşa müraciətlərin sayı 31 510, hospitalizasiya 2591 olunub.

Ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 20 893-dür. Bunlardan da 2926-sı uşaqlardır. Hospitalizasiya 1915 təşkil edir. Bədbəxt hadisələr zamanı hospitalizasiya olunanların sayı 13 962, bunların da 1915 nəfəri uşaqlardır.

Bədbəxt hadisələr zamanı xəsarət alanların çox hissəsini zədələnmələr təşkil edir. Statistik rəqəmlərə əsasən 2017-ci ilin 10 ayı ərzində BŞTTTYS-ə nəqliyyat hadisəsi səbəbindən 1937 müraciət daxil olub. Bu hadisələr nəticəsində 1691 nəfər hospitalizasiya olunub.

Ötən ilin analoji dövrü ilə müqayisədə avtoqəzaların sayında azalma müşahidə olunur. Belə ki, 2016-cı ilin 10 ayı ərzində baş verən 2020 nəqliyyat hadisələri nəticəsində 1771 nəfər hospitalizasiya olunub. Bu da avtoqəzaların sayında 83, hospitalizasiyada isə 80 halda azalma deməkdir.