Son günlər aktivləşən sürüşmə sahələri SIYAHI


Digərləri 21 Noy 2017 09:16:14 282 0

Son günlər aktivləşən sürüşmə sahələri  SIYAHI

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) son günlər ərzində aktivləşən sürüşmə sahələrinin adlarını açıqlayıb.

Son.az xəbər verir ki, ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov Trend-ə deyib ki, hazırda Bakının Xətai rayonundakı Zığ sürüşmə sahəsində, Abşeron rayonunun "Nübar" qəsəbəsində ("At yalı" adlanan yaşayış massivi), Masazır qəsəbəsindəki "Duz gölü"nün ətrafında, "Zəli gölü" adlanan ərazidə sürüşmə sahələri aktivləşib.

R.Həsənov qeyd edib ki, adları sadalanan ərazilərin hər birində sürüşmə sahələrindəki çatlarda genişlənmələr var. Hazırda həmin ərazilərdə atmosfer yağıntıları və texnogen amillərin təsiirndən sürüşmə prosesi aktiv fazadadır.

Nazirlik rəsmisinin sözlərinə görə, Zığ sürüşmə sahəsindəki aktivləşmə isə heç də Zığ qəsəbəsində 43 saylı binanın qarşısında aparılan qazıntı işləri ilə əlaqəli deyil:

"Binanın zirzəmisi qrunt suları ilə dolub. Bu, binanın çökməsinə səbəb ola bilər. Subasma həm də binada müxtəlif deformasiyalar əmələ gətirir. Bu proses sürüşmə prosesini müəyyən qədər aktivləşdirə bilir. Lakin ərazidə aparılan qazıntı işləri ümumi sürüşmə sahəsinə təsir göstərmir".

R.Həsənov bildirib ki, ərazidəki aktivləşmə atmosfer yağıntıları və texnogen amillərin təsirindən baş verir.