"Bu, unikal konsert olacaq..." FOTO


Şou-biznes 20 Noy 2017 22:03:00 385 0

"Bu, unikal konsert olacaq..."  FOTO

"Mir" telekanalının efirində "Vo ves qolos" musiqili şounun ikinci buraxılışı nümayiş etdirilib.

Məşhur müğənni Emil Qədirovun başçılıq etdiyi Azərbaycan komandasının heyətinə solistlər Rüstəm Kərimov və Suada Ələkbərova, habelə Humay Eminzadə və Kamran Məmmədovun "Buta" dueti daxildir.

Müsabiqənin informasiya tərəfdaşları MDB, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq məsələləri üzrə Federal Agentlik (Rossotrudniçestvo), Moskva şəhərinin Mədəniyyət Departamenti və Azərbaycan Dövlət İnformasiya Agentliyidir (AZƏRTAC).

Son.az bildirir ki, komandanın rəhbəri Emil Qədirov AZƏRTAC-ın müxbirinə verdiyi müsahibədə uşaqlarla iş barədə, "Mir" telekanalının yeni layihəsi və gələn il Moskvada özünün solo konserti barədə fikirlərini bölüşüb.

- Emil, siz komandanın rəhbəri rolunda ilk dəfə çıxış edirsiniz. Bu rolda özünüzü necə hiss edirsiniz?

- Bəli, komandanın rəhbəri rolunda ilk dəfə çıxış edirəm, lakin qəribə də olsa, bu rolda özümü kifayət qədər inamlı hiss edirəm, ona görə ki, bu illər ərzində toplanmış kiçik təcrübəmi bölüşmək mənə xoşdur. Uşaqların səni dinləməsini, sənin məsləhətlərini qəbul etmələrini görmək çox maraqlıdır.

- Xahiş edirəm, öz yetirmələriniz barədə danışın...

- Uşaqlar çox istedadlı, xarizmatikdirlər, hamısının inanılmaz dərəcədə gözəl səs tembri var. Layihənin başlanğıcında onlar bir qədər sıxılırdılar, lakin mən bu istiqamətdə ciddi iş apardım, onları ruhlandırmağa və səhnə ilə maraqlandırmağa çalışdım. Həqiqətən, bu uşaqlar hamısı qoçaq uşaqlardır. Öz vəzifələrinin öhdəsindən gəlirlər, hamısı çox qabiliyyətli və əməksevərdir. Xarizmatik gənc artist olan Rüstəm Kərimov Bakıda keçirilmiş "Zima" müsabiqəsində və uşaqlar arasında "Eurovision" müsabiqəsində özünü göstərib. Rüstəmin qeyri-adi xoreoqrafik hazırlığı var - yaxşı rəqs edir. Üstəlik, o, kifayət qədər artistik gəncdir, mənim fikrimcə onun uzunmüddətli və uğurlu artistlik karyerası üçün çox yaxşı şansı var. Suada isə hətta Filip Kirkorovla oxuyub. İndi o, yaşa dolub, böyük qız olub, buna görə bir qədər sıxıntı hiss edirdi. Hazırlıq prosesində onunla bərabər səhnədə sıxıntı hissini aradan qaldırmağa çalışdıq və mənə belə gəlir ki, müsabiqə səhnəsində özünü hərtərəfli göstərə biləcək.

Bir neçə kəlmə də Kamran və Humayın "Buta" dueti barədə. Kamranın səsi artıq uşaq səsi deyil və mənim fikrimcə, gələcəkdə o, çox yaxşı bariton olacaq. Humayın çox gözəl səsi var və müsabiqədəki həmkarlarımın çoxunun fikrincə bu, Azərbaycanın səsidir. Elə səslər var ki, səhnəni, zalı sehrləyir. Humayın məhz bu cür səsi var, o, əsl vokal nümunəsi göstərir. Humay səhnəyə ilk dəfə çıxır. Bu müsabiqə onun debütüdür və hesab edirəm ki, "Vo ves qolos" müsabiqəsi ona yalnız fayda gətirəcək.


Xəbərə aid fotolar