"Məclisimi verən kimi get özünə ailə həyatı qur"


Kriminal 20 Noy 2017 21:03:00 349 0

"Məclisimi verən kimi get özünə ailə həyatı qur"

"Dedi ki, mən səndən əvvəl öləcəyəm"

Əməkdar artist Ənvər Həsənovun Son.az-a müsahibəsi.

- Ənvər müəllim, zamanının ən gözəl filmlərində çəkilmisiniz. Bugünkü gündə, demək olar ki, heç bir filmə çəkilmirsiniz. Sənətinizdəki o boşluğu necə doldurursunuz?

- Sözün düzü, mənə bugünkü gündə də dəvətlər gəlir. Çox qəribədir ki, əvvəlki dövrdəki kimi məsuliyyətli rejissorlar yoxdur. Mənə deyirlər ki, sabah gəl çəkilişə. Deyirəm ki, axı mən ssenarini oxumamışam, necə olacaq? Deyir ki, siz darıxmayın. Necə darıxmayım? Bəlkə heç obraz mənə uyğun deyil? Mən bu cür yaradıcı mühitdə çəkilə bilmərəm. Bugünkü gündə də kinostudiyada işləyirəm. Əgər bir gün mən ora gedib, oranın abu-havasını hiss etməsəm, yaşaya bilmərəm. Hal-hazırda yayım şöbəsində çalışıram, bu sahənin mütəxəssisiyəm.

- İlk çəkiliş gününüzü necə xatırlayırsınız?

- Mən hələ də o nostalji xatirələrlə yaşayıram. Bəzən səhərə kimi yatmayıb o çəkiliş günlərini, çəkildiyim məkanları yadıma salıram. Siz bilirsiniz ki, mən həm də rejissor kimi bir neçə filmdə işləmişəm. Çox istərdim ki, o günləri yenidən yaşayım.

- Çox tələbatlı aktyor olmusunuz. Bir çox filmlərdə çəkilsəniz də sizi nədənsə Cəlal ("Yeddi oğul istərəm") və Murad ("Uşaqlığın son gecəsi") kimi yadda saxlayıblar. İstərdim bu filmlərə qədər çəkildiyiniz ekran işlərinə bir nəzər salaq.

- Biz universitetdə oxumaqla bərabər həm də çəkiliş meydançalarına praktikaya gedirdik. Əlisattar Atakişiyev "İstintaq davam edir" filmini çəkirdi. Bizim kursdan da 4 nəfəri bu filmdə epizodik rola dəvət etdilər. Kafedə çəkilən 4 oğlandan biri də mən idim. Daha sonra Şamil Mahmudbəyov məni 4 novelladan ibarət ("Torpaq, dəniz, od, səma") ibarət "Od" novellasında gənc əsgər roluna dəvət etdi. Bir müddətdən sonra "İstintaq davam edir" filmində Arif Babayevin rejissor asistenti vəzifəsində çalışmağa başladım. Arif müəllim mənim xasiyyətimə bələd idi. O, məndə çılğınlığı görmüşdü. Mənə dedi ki, hazırlaş, səni "Uşaqlığın son gecəsi" filmində çəkəcəyəm. Sözün düzü, ilk öncə, onun bu sözlərini ciddi qəbul etmədim. Həqiqətən də, o, məni bu filmdə Murad obrazına çəkdi.

- Deyə bilərikmi Murad o vaxtkı Ənvər Həsənovun özü idi?

- Demək olar ki, Murad 80 faiz mənəm. Çəkiliş prosesində də öz xasiyyətimi Muradın üzərinə köçürmüşdüm. Buna görə də bu rolu oynamaq üçün xüsusi bir əziyyət və zəhmət çəkmədim.

- Bu filmdən sonra ən böyük filminiz "Yeddi oğul istərəm" oldu. Siz Cəlal roluna sınaqdan keçən ilk aktyor idiniz, yoxsa sizdən əvvəl kimlərsə sınaq çəkilişlərində olmuşdu?

- Universitetə yeni daxil olmuşdum ki, çox keçmədi kinostudiyadan zəng edib dedilər ki, Tofiq Tağızadə səni axtarır. Filmdə bütün rolları təsdiq etmişdilər, təkcə Cəlal qalmışdı. Cəlal roluna Tariyel Qasımov, Elxan Qasımovu sınaqdan keçirmişdilər. Elə oldu ki, bu rola məni təsdiqlədilər. Filmdə çox gözəl yaradıcı kollektiv var idi. Bu, mənim üçün çox böyük xoşbəxtçilik idi. Hal-hazırda bu filmdən 3 nəfər qalmışıq. Mən bu haqda danışanda ürəyim ağrıyır. Çox təəssüf edirəm ki, o cür aktyorlar bizim yanımızda yoxdurlar. Bütün sənət insanları bir-birinin ardınca dünyasını dəyişdilər. Ona görə bu gün film sahəsində sakitçilik var.

- Çəkildiyiniz filmlərə baxa bilirsiniz?

- Demək olar ki, çəkildiyim filmləri hər ay göstərirlər. Hər dəfə bu filmlər ekranda göstəriləndə mənim telefonum susmur. Sevinirəm ki, tarixdə qalmışam. O ki qaldı filmlərdəki səhvlərə. Bəzən baxanda deyirəm ki, kaş filan yerində belə edərdim.


Xəbərə aid fotolar