“Petkim” avrobond emissiyası üçün dövlətə müraciət edib


İqtisadiyyat 20 Noy 2017 18:16:27 294 0

“Petkim” avrobond emissiyası üçün dövlətə müraciət edib

Ümumi həcmi maksimum 500 mln. dollar olacaq emissiyanın xarici bazarda yerləşdirilməsi planlaşdırılır

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding” emissiya etməyi nəzərdə tutduğu avrobond emissiyasının prospektini təsdiq üçün Türkiyə Baş Nazirlik Sərmayə Bazarı Qurumuna müraciət edib.

“Report” xəbər verir ki, bu barədə şirkət Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında məlumat yayıb.

“Şirkətimizin İdarə Heyətinin oktyabrın 27-də açıqlanan qərarına əsasən, maksimum 500 mln. ABŞ dolları nominal dəyərində bondun xaricdə yerləşdirilməsi ilə əlaqədar olaraq emissiya prospektinin təsdiq edilməsi məqsədi ilə bu gün Baş Nazirlik Sərmayə Qurumuna müraciət edilib”, - deyə açıqlamada qeyd edilib.

Qeyd edək ki, “Petkim Holding” Əliağada (İzmir) inşa olunan "STAR" neft emalı zavodunda pay almaq üçün 500 mln. dollara qədər avrobond emissiyası planlaşdırdığı barədə məlumat yaymışdır.

Bildirilib ki, avrobond emissiyasının yerləşdirilməsindən əldə ediləcək vəsaitdən əlavə resurslara ehtiyac olarsa "STAR"da pay almaq üçün əlavə mənbələrdən də istifadə ediləcək.

Daha əvvəl qeyd olunub ki, “Petkim” “STAR” zavodunda dolayı olaraq 7-9% pay almaq istəyir. Məlumata əsasən, bunun üçün "Petkim Holding" "SOCAR Turkey Enerji"dən sahib olduğu "Rafineri Holding"də 12-14% almağı planlaşdırır. Son açıqlamada isə bu faizlərin dəyişəcə biləcəyi qeyd edilib.

2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir. “Petkim” Türkiyənin ilk və yeganə neft-kimya kompleksi və Egey bölgəsinin ən böyük ixracatçısıdır.