ABƏŞ SOCAR-a verilən səmt qazının həcmini 22% artırıb


İqtisadiyyat 20 Noy 2017 13:26:55 322 0

ABƏŞ SOCAR-a verilən səmt qazının həcmini 22% artırıb

Hesabat dövründə SOCAR-a 2,4 mlrd. kubmetr səmt qazı verilib

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 8,6 mln. kubmetr səmt qazı verib.

“Report” “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, ümumilikdə hesabat dövründə SOCAR-a 2,4 mlrd. kubmetr səmt qazı verilib.

Bu ilin 9 ayı ərzində SOCAR-a verilən səmt qazının həcmi ötən ilin müvafiq dövründən 21,8% artıqdr.

Bildirilib ki, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Xatırladaq ki, "AÇG" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb.

Bu il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Saziş oktyabrın 31-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub.

Yeni müqavilədə tərəfdaşların pay bölgüsü bu nisbətdədir: BP - 30,37%, AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Statoil" - 7,27%, "ExxonMobil" - 6,79%, TP - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%.