Meksikanın tanınmış kanalında Azərbaycana həsr olunmuş buraxılış yayımlanıb


Digərləri 20 Noy 2017 13:20:00 232 0

Meksikanın tanınmış kanalında Azərbaycana həsr olunmuş buraxılış yayımlanıb

Meksika paytaxtının tanınmış Radio Capital kanalının Capital del Turismo proqramının cümə günü buraxılışı Azərbaycana həsr olunub.

Bakı. Meksika paytaxtının tanınmış Radio Capital kanalının Capital del Turismo proqramının cümə günü buraxılışı Azərbaycana həsr olunub. Bu barədə Trend-ə Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib. Qeyd edək ki, bu proqramın geniş auditoriyasına çoxsaylı yerli turist şirkətləri də daxildir. Proqramın aparıcısı Xuan Antonio Qaska Azərbaycanın Meksika Birləşmiş Ştatlarında müvəqqəti işlər vəkili Məmməd Talıbovdan müsahibə alıb. Azərbaycan nümayəndəsi proqramın dinləyicilərinə ölkəmizin zəngin tarixi və mədəniyyəti barədə geniş məlumat verib. Asiya və Avropanın kəsişməsində yerləşdiyini, qədim İpək Yolunun keçdiyi bir ölkə olduğu və tarixən müxtəlif mədəniyyətlərin ölkəmizdə heç bir ayrı-seçkiliyə məruz qalmayaraq sülh və əmin-amanlıq şəraitində yaşadıqlarıdı bildirməklə yanaşı, Azərbaycanın Şərqdə ilk demokratik respublika olduğunu və gələn il bu dünya səviyyəsində əlamətdar hadisənin 100-illiyinin ölkəmizdə təntənəli şəkildə qeyd ediləcəyini bildirib. Azərbaycanın turistləri nə ilə cəlb etməsi barədə suala cavab verən diplomat ölkəmizin buraya səfər edən hər bir qonağın zövqünə və marağına uyğun xüsusiyyətlərə malik olduğunu deyib. O, Atəşğah, Qobustan və s. kimi qədim abidələr, həmçinin Yanar Dağ və Palçıq vulkanları kimi təbiətin möcüzələrinin Azərbaycanda qarşılamaq olduğunu bildirib. Bunların hamısının YUNESKO-nun Dünyanın Maddi Mədəni İrsi Siyahısına daxil olduğunu dinləyicilərin diqqətinə çatdırıb. Bundan əlavə o, ölkəmizdə Avroviziya, Formula 1, Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları kimi mötəbər beynəlxalq yarışların keçirildiyini və bunun da öz növbəsində ölkəmizin turistlər üçün daha da cəlbedici etdiyini deyib. Eyni zamanda, bütün bunların Azərbaycanın müxtəlif mədəniyyətləri bir yerə gətirən məkan olduğunu bir daha sübut etdiyi vurğulanıb. Azərbaycanda turistik infrastrukturdan danışan M.Talıbov ölkə rəhbərliyi tərəfindən atılan ardıcıl və səmərəli addımlar nəticəsində xüsusilə son illər ölkəmizə turist axınının hər il tədricən artdığını qeyd edib. Yeni və Xəzər dənizində ən böyük dəniz limanının tikilməsi, Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni terminalının istifadəyə verilməsi, ölkədə həm dəmir, həm avtomobil yollarının yüksək standartlara cavab verməsi, həmçinin, yüksək səviyyəli tanınmış beş ulduzlu otellərdən başlayaraq, bütün turist təbəqələrinin tələblərinə cavab verə biləcək otellərin açılması və s. barədə dinləyicilərə məlumat verilib. Qeyd olunub ki, cari ilin əvvəlindən başlayaraq ölkə rəhbərliyinin təşəbbüsü ilə ASAN Viza sistemi fəaliyyətə başlayıb və bu sistem Azərbaycanın dünyada vizasının alınmasının ən sadə olan ölkələr sırasına daxil olmasına imkan verib. Azərbaycan diplomatı hər bir Meksika vətəndaşının ASAN Viza internet səhifəsinə daxil olaraq, üç sadə addımın yerinə yetirilməsindən sadəcə üç saat sonra elektron viza əldə edə biləcəyi barədə xəbər verib. Aparıcı Meksika turist şirkətlərini Azərbaycana daha çox diqqət yetirməyə və ölkəmizə daha fəal şəkildə turların təşkil edilməsinə çağırıb, bu yeni istiqamətin olduqca səmərəli olduğuna əminliyini bildirib. Aparıcının suallarına cavab verərək diplomat Azərbaycanın müxtəlif rəngarəng ənənələri və bayramları, o cümlədən turistlər arasında xüsusi populyarlığa malik Novruz şənliklərindən, həmçinin Azərbaycanın ləziz və müxtəlif milli mətbəxindən danışıb. Hər hansı bir milli yeməyin nümunə gətirilməsi xahişinə cavab olaraq, ləziz dolmanın adı çəkilib, onlarla çeşid plovun olması qeyd olunub. Azərbaycana Meksikadan necə səyahət edilməli barədə suala cavab verərək, hazırda bir çox aviaşirkətlər vasitəsilə ölkəmizə gəlməyin mümkünlüyü ilə bərabər Azərbaycan Hava Yolları aviaşirkəti xüsusilə qeyd olunaraq, bu şirkətin sərəncamında olan təyyarələrin çox yeni olduğu, sərnişinlərə yüksək səviyyəli xidmət göstərildiyini və hazırda Meksikaya nisbətən yaxın olan Nyu Yorkdan Bakıya uçuşların həyata keçirdiyi barədə bildirilib. Ölkədə təhlükəsizliklə bağlı suala cavab verərkən bir neçə gün əvvəl işıq üzü görmüş 2017-ci il üzrə Qlobal Terrorizm Hesabatına görə, Azərbaycanın Qafqaz regionunda ən təhlükəsiz ölkə olduğu və dünyada ən təhlükəsiz ölkələr sırasında yer aldığı bildirilib. Buna Azərbaycan hökumətinin böyük diqqət ayırdığı qeyd olunub. Bundan əlavə, Azərbaycanın olduqca qonaqpərvər və tolerant bir ölkə kimi tanındığı və bütün turistlərin burada özlərini təhlükəsizlikdə hiss etdikləri bildirilib. Bununla yanaşı, regionun təhlükəsizliyinə təhdid olan yeganə problemin Azərbaycan torpaqlarının 20%-nin uzun illərdir Ermənistan tərəfindən işğal altında qalması və buradan didərgin salınmış bir milyona qədər həmvətənimizin hələ də öz doğma yurdlarına dönmək həsrəti ilə yaşadıqları bildirilib. Azərbaycan torpaqlarının azad olunması tələbi ilə BMT TŞ dörd qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistanın indiyədək onlara məhəl qoymadığı vurğulanıb. Verilişin aparıcısı son günlər Meksika mediasında geniş işıqlandırılan Meksika deputatlarının qeyri-qanuni olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərinə toxunaraq Azərbaycan səfirliyinin təmsilçisindən məsələyə münasibət bildirilməsini xahiş edib. M.Talıbov bu hadisənin çox böyük təəssüf doğurduğunu bildirib. O qeyd edib ki, Meksika ilə Azərbaycan arasında əməkdaşlıq və dostluq münasibətləri mövcuddur və Meksika həmişə olduğu kimi Azərbaycanın ərazi bütövlüyünü tanıyır, BMT TŞ münaqişə ilə bağlı qeyd olunmuş qətnamələrini dəstəkləyir: "Millət vəkillərinin bu addımına təxribatdan başqa ad vermək olmaz və onlar bu qeyri-qanuni səfəri edərkən həm Azərbaycan qanunvericiliyi, həm də Meksika Xarici Əlaqələr Katibliyinin tələblərini pozublar". Aparıcı efirdə müraciət edərək Meksika deputatlarını beynəlxalq hüquqa hörmət etməyə çağırıb, həmçinin o, “Belə çıxır ki, Ermənistan dəvəti özünün deyil, qonşusunun evinə edib, özüdə xəbərsiz” deyib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin