Düşmənlər dost, dostlar da düşmən olanda


Siyasət 20 Noy 2017 13:11:00 237 0

Düşmənlər dost, dostlar da düşmən olanda

Elə xəbərlər var ki, onlar ilk baxışdan sensasiya təsiri bağışlasalar da, realdır. Məsələn, əzəli və ənənəvi düşmənlər sayılan Səudiyyə Ərəbistanı ilə İsrail arasında son vaxtlar sürətlə artan təmaslar, işbirliyi və tərəfdaşlıq kimi.

Yaxın Şərqin siyasi xəritəsi dəyişir. Köhnə ittifaqlar dağılır, yeni birliklər yaranır, dostlar rəqiblərə çevrilir, əzəli rəqiblər mövqelərini yaxınlaşdırmaq və barışmaq üçün səbəblər arayırlar. Baş verənlərin əsas səbəbi ABŞ-ın Yaxın Şərq siyasətinin dəyişməsidir.

... "İnformasiyaya sahib olan dünyaya sahib olur". Natan Rotşild belə demişdi. Bu sözlərin deyildiyi vaxtdan 200 il keçib, amma deyilənlərin aktuallığı azalmayıb. Rotşildlər informasiyanı ən dəyərli xəzinə kimi qoruyur, onu şifrələrlə, xüsusi terminologiya ilə mühafizə edirdilər. Məsələn, baron Rotşildin məktublarından birindəki "quru balıq" sözlərinin, əslində, alman şahzadəsi Fridrix Vilhelmin pulları mənasını verdiyini anlamaq çox çətindi.

Lakin informasiyanı gizləməyin başqa yolları da var. Məsələn, saxtalaşdırılmış xəbərlər və bilərəkdən "sızdırılmış etibarlı məlumatlar" yolu ilə.

Belə məlumatlarda nəyin yalan, nəyin də gerçək olduğunu müəyyənləşdirmək üçün vaxt gərəkdir.

Fəqət, elə xəbərlər var ki, onlar ilk baxışdan sensasiya təsiri bağışlasalar da, realdır.

Məsələn, əzəli və ənənəvi düşmənlər sayılan Səudiyyə Ərəbistanı ilə İsrail arasında son vaxtlar sürətlə artan təmaslar, işbirliyi və tərəfdaşlıq kimi.

İsrail nazirlərinin "sensasiya"ları: qəfil sözlər, yoxsa..?

İsrailin energetika naziri Yuval Ştaynis də sensasiyalı açıqlama ilə çıxış edib. Onun dediyinə görə, İsrail hazırda nəinki Səudiyyə Ərəbistanı, habelə digər ərəb ölkələri ilə də gizli danışıqlar aparır.

İsrail ordusunun "Qaley Sahal" ("Qalats") radiostansiyasına verdiyi müsahibəsində Y.Ştaynits deyib: "İsrailin İranla qarşıdurmasında Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri bizə yardım edirlər. İranın nüvə proqramı ilə bağlı şərtlərin dəyişməsinə yönəlmiş İsrail diplomatiyasının fəaliyyəti də əhəmiyyətli dərəcədə Səudiyyə Ərəbistanına arxalanırdı. Ölkələrimiz arasında diplomatik münasibətlər olmasa da, İsraillə Səudiyyə Ərəbistanı arasında təmaslar çox intensiv, fəaldır. Əlaqələrimiz mediada əks olunmur, çünki Səudiyyə Ərəbistanı belə istəyir və biz də səudilərin istəyinə sayğı ilə yanaşırıq".

Ştaynisin açıqlaması Səudiyyə Ərəbistanının "Elaph" qəzetinə İsrail ordusunun (SAXAL) Baş Qərargah rəisi, general-leytenant Qadi Ayzenkotun eksklüziv müsahibəsindən üç gün sonra səslənib.

Onu da vurğulayaq ki, Yuval Ştaynis İsrailin iqtidarında sıradan bir şəxs deyil. O, ölkənin Təhlükəsizlik Şurasının üzvüdür və bu yaxınlaradək kəşfiyyat və strateji planlaşdırma naziri idi.

Və ən nəhayət, İsrailin rabitə naziri, milliyyətcə druz olan Əyyub Kara Səudiyyə Ərəbistanının baş müftisi Əbdüləziz əl Şeyxi tərifləyib.

Səbəb isə əl Şeyxin Səudiyyə Ərəbistanının dövlət televiziyası ilə çıxışında fələstinlilərin "terror əməllərini və yəhudiləri qətlə yetirmələrini" pisləməsi olub.

"Fələstindəki HƏMAS elə fələstinlilərə zərər vuran terror təşkilatıdır. Əl Əqsa məscidinə girişdə mühafizə tədbirlərinin gücləndirilməsinə qarşı fələstinlilərin etirazları isə mənasız çıxışlar, demaqogiyadır", - müfti deyib.

Daha sonra o, "yəhudilərə əl qaldıran müsəlmanlar günah işləyirlər" deyib.

Əyyub Kara bu açıqlamalardan razı qalıb: "Müfti cənabları çox doğru deyirlər. "Hizbullah"ın məhv edilməsi üçün Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edə bilərik. Mən müftini İsrailə dəvət edirəm. Onu burada yüksək səviyyədə, şərəflə qarşılayacaqlar".

İsrailin nəqliyyat və kəşfiyyat naziri İsraiel Kats isə söyləyib ki, Səudiyyə Ərəbistanını kralı Salman ibn abdulla Əziz əl Səud İsrailimn baş naziri Binyamin Netanyahunu Ər-Riyada rəsmi səfərə dəvət edə bilər.

Bölgəni silkələyən gün

...İŞİD-ə qarşı mübarizənin aktivləşməsi və bu terror təşkilatının sahibləndiyi ərazilərin 95 faizinin azad edilməsi ilə bağlı eyforiya başlanan kimi regionda yeni təhlükələr formalaşdı.

Yeni, çox təhlükəli gərginlik mənbəyi Fars Körfəzindəki ərəb monarxiyaları ilə İran arasındakı qarşıdurmanın güclənməsidir.

Üstəlik, artıq ikinci həftədir ki, Səudiyyə Ərəbistanındakı olaylar bütün ərəb aləmini silkələyir. Noyabrın 4-dən 5-nə keçən gecədə Yaxın Şərqdəki ölkələrdə, habelə bu dövlətlər arasındakı münasibətlərdə yeni reallığın "əsası" qoyuldu.

Söhbət Səudiyyə Əərbistanının hakimiyyət, siyasət və maliyyə elitalarındakı genişmiqyaslı "təmizləmə"lərdən gedir.

Noyabrın 4-də Səudiyyə Ərəbistanını kralı Salman ölkədə Ali Antikorrupsiya Komitəsinin yaranması və oğlu, vəliəhd şahzadə Məhəmmədin bu komitəyə sədr təyin edilməsi barədə fərman imzalayır. Cəmi 4 saat sonra komitənin göstərişi ilə 200 yüksək rütbəli məmur həbs olunur. Onların arasında əs Səud sülaləsindən olan 11 şahzadə, habelə ölkənin ən varlı adamı şahzadə əl Valid bin Təlal da vardı.

Səudiyyə Ərəbistanında korrupsiya və rüşvətxorluğa qarşı misli görünməmiş mübarizə kimi təqdim olunan proses, əslində, trivial "siyasi təmizləmə"dir.

81 yaşlı kral Salman hakimiyyəti 32 yaşlı oğlu şahzadə Məhəmmədə verməyə hazırlaşır. Şahzadə isə potensial və real rəqiblərinə qarşı çox sərt davranışı ilə tanınır. Elə indidən o, ölkənin güc strukturlarına tam nəzarət edir, Səudiyyənin xarici siyasətini müəyyənləşdirir.

Rəqiblərini "təmizləmə" ilə hakimiyyətdən kənarlaşdırandan sonra isə şahzadə Məhəmməd iqtisadiyyat və maliyyə üzərində də nəzarət rıçaqlarına yiyələnib.

Ən başlıcası isə şahzadə Məhəmməd Yaxın Şərqdə sərt, aqressiv siyasət yürüdülməsinin tərəfdarı, İranla regional geosiyasi qarşıdurmanın gücləndirilməsinə can atan adamdır.

Bu səbəbdən Suriya, Yəmən, Qətər, Livan və İraqda səudilərlə iranlılar arasında konfliktlərin daha da sərtləşəcəyi qaçılmazdır.

Bəhs etdiyimiz durumda İsraillə Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin güclənməsi təəccüb doğurmamalıdır. Ər-Riyadla Təl-Əvivi ümumi düşmən qismində Tehran birləşdirir. Səudilərlə israillilər İranı maksimum dərəcədə zəiflətmək üçün hətta "Yaxın Şərq NATO-su"nu da yaratmağı düşünürlər.

ABŞ prezidenti Donald Tramp bu ilin mayında Ər-Riyada səfər edəndə sözügedən layihəyə xeyir-dua vermişdi. Daha sonra, oktyabrda isə Tramp səuidilərlə israillilər arasında təmasların aktivləşməsinə tam əmin olandan sonra Vaşinqtonun İranla bağlı yeni strategiyasını bəyan etmişdi.

Ağ Ev İranla qarşıdurmanı gücləndirir və Tehranın düşmən obrazını yeniləyir. Birləşmiş Ştatların sabiq prezidenti Barak Obama İranla münasibətləri normallaşdırmağa çalışaraq 2015-ci ildə Tehranın nüvə proqramı ilə bağlı saziş imzalasa da, Donald Tramp hadisələrin məcrasını 180 dərəcə dəyişmək qərarına gəlib.

"Düşmənimin düşməni mənim dostumdur"

Bunun nəticəsində də Səudiyyə Ərəbistanı-İsrail alyansı və İran arasındakı qarşıdurma daha da ağırlaşıb.

İsraillə İran onillərdən bəri geosiyasi düşmənlərdir. Yaxın Şərqdə ABŞ-ın dayağı olan İsrail İranın regional liderlik cəhdlərinin qarşısında maneələr yaradır. İranın hakimiyyət dairələri isə İsraili dövlət kimi tanımır və bu ölkənin "süni, saxta" olduğunu bəyan edir.

İsrail-ABŞ tandemi ilə qarşıdurma çərçivəsində İran raket və nüvə proqramını işə salıb. İsrail narahatdır, çünki nüvə başlıqlı ballistik raketlər İrana elə bir kart-blanş verəcək ki, Tehranla hesablaşmamaq mümkün olmayacaq. İndi İsrail etiraf etməsə də, Yaxın Şərqdə nüvə silahına malik yeganə ölkədir. İranın nüvə raketlərinə yiyələnməsi isə Tehranı Yaxın Şərqin regional liderinə çevirəcək.

İsrailin Səudiyyə Ərəbistanı ilə gizli təmasları da elə İrana qarşı savaş üçündür. Ər-Riyadla Təl-Əvivin məqsədi son illərdəki regional münaqişələr sayəsində İranı təsir imkanlarına yiyələndiyi ölkələrdən çıxarmaqdır.

Həmin ölkələr Suriya, İraq, Livan və Qətərdir.

Suriyada İsraillə Səudiyyə Ərəbistanını faktiki məğlubiyyətindən sonra İran bu ölkədə fəallığı artırb. Qətərlə bağlı situasiya isə İranın bu ölkədə daha da güclənməsinə, Səudiyyə Ərəbistanının ambisiyalarına müqavimət müstəvisində Türkiyə ilə yaxınlaşmasına səbəb olub.

Səudiyyə Ərəbistanı İranla indi yenidən, amma fərqli meydanda "savaşmaq" fikrindədir. Məkan qismində Livan seçilib. Livanın baş naziri Səad Həririnin Ər-Riyada çağırılaraq istefaya vadar edilməsi, İsrailin bu prosesi dəstəkləməsi Beyrutdakı siyasi böhranı daha da dərinləşdirib.

Livanlıların dediklərinə görə, yaşadıqları ölkə indi Səudiyyə Ərəbistanı ilə İran arasında toqquşma yerinə çevrilib.

İsrail baş verənlərdə əsas zərbə qüvvəsi, İrana qarşı taran qismində çıxış edir. İranın dəstəklədiyi "Hizbullah" hərəkatı Livanda çox jüclü olmala yanaşı, İsrailin sərhədlərinin yaxınlığındadır. Təl-Əviv də bu qrpulaşmanı şimala doğru sıxışdırmaq, "Hizbullah"ın Livandakı əsas bazalarını məhv etmək istəyir.

Yeni savaş küləyi əsir?

İranın Yaxın Şərqdə güclənməsi İsrailin və Səudiyyə Ərəbistanının maraqlarına əsla cavab vermir. Səudilərin Yəmənə qoşun yeritməsi ilə başlamış əməliyyatların uğursuzluğa düçar olması, Suriyadakı olaylarla Ər-Riyadla Təl-Əvivin uduzması, İraqın şimalındakı Kürdüstan Muxtariyyətindəki "müstəqillik referendumu"nun puç olması və İranın bu bölgədə möhkəmlənməsi, ən nəhayət Səudiyyə Ərəbistanının Qətərə qarşı blokadasının və sanksiyalarının tragikomediyaya çevrilməsi Tehranı daha da gücləndirib, Səudiyyə Ərəbistanı və İsrailin qonşuluğundakı ölkələrdəki hadisələrə bilavasitə təsir imkanlarını artırıb.

İran indi Suriya, İraq, Livan, Yəmən və Qətərdə ciddi söz sahibidir.

Bundan başqa, Səudiyyə Ərəbistanının sabiq tərəfdaşı Türkiyə Suriya və kürdlər məsələsində Rusiya və İranla trio yaradıb.

Ər-Riyadın digər müttəfiqi İordaniya böyük maliyyə itkiləri və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin "suriyalı müxalifətçilərə kömək" proqramlarının biabırçılıqla sonuclanması səbəbindən Suriyadakı proseslərdən tam kənara çəkilib.

Misir hazırda Səudiyyə Ərəbistanından asılı olsa da, Qahirə səudilərin marionetkası deyil.

Bütün bunları milli maraqlarına təhlükə sayan Səudiyyə Ərəbistanı ilə İsrail regiondakı qüvvələr balanasını dəyişmək, situasiyadan mümkün qədər çox yararlanmaq, İranı zəiflətmək üçün aktivləşiblər.

Zəifləmiş mövqelərini gücləndirməyə can atan Səudiyyə Ərəbistanı indi İsraili öz tərəfindən oyuna cəlb etməyə çalışır. Fəqət, İsrailin Suriyada genişmiqyaslı hərbi əməliyyatlara başlaması ağlamadan deyil: Təl-Əviv bütün diqqətini və gücünü Livana yönəldəcək.

Üstəlik, İsrail "düşmənlərimin qovğası məni gücləndirir" prinsipi ilə hərəkət edir.

Elçin Alıoğlu Son.az