ETSN hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq yayıb


Sosial 20 Noy 2017 12:59:03 235 0

ETSN hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq yayıb

Havanın temperaturu 5-7 dərəcə aşağı enəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb. 

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 22-si gün ərzində şimal-qərb küləyinin güclənəcəyi, axşam yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında noyabrın 22-də qərb rayonlarından başlayaraq noyabrın 24-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, noyabrın 22-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı enəcək.