Səfir: "Fransa Azərbaycanla Aİ arasında əlaqələrin daha sıx olmasını dəstəkləyir" FOTO


Siyasət 20 Noy 2017 08:04:00 249 0

Səfir: "Fransa Azərbaycanla Aİ arasında əlaqələrin daha sıx olmasını dəstəkləyir"  FOTO

Son.az Fransanın Azərbaycandakı səfiri Orelia Buşezin Trend-ə müsahibəsini təqdim edir.

Azərbaycan - Fransa əlaqələri

Fransa ilə Azərbaycan arasında güclü əlaqələr mövcuddur və son illərdə bu, əhəmiyyətli dərəcədə inkişaf edib. İki ölkə arasında ən yüksək səviyyədə müntəzəm siyasi dialoq aparılır. Prezidentlər arasında mütəmadi görüşlər, nazirlər arasında görüşlər, Fransanın Minsk qrupundakı həmsədri kimi səfir Stefan Viskontinin Qafqaza daimi səfərləri buna misal ola bilər. Mühüm beynəlxalq və regional məsələlər, terror riski, iqtisadi əlaqələr sahəsində belə inamlı və açıq siyasi dialoqdan, mədəniyyət və akademik əməkdaşlıqdan əlavə, fransız yerli hakimiyyət orqanları ilə əməkdaşlıq prioritet sahələrdəndir və biz azərbaycanlı tərəfdaşlarımızla bu istiqamətlərdə fəal əməkdaşlıq edirik. Bizim məqsədimiz sülh, rifah və tərəqqi üçün çalışmaqdır.

Mən həmçinin də Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin daha sıx olmasına Fransanın dəstək verdiyini də qeyd etmək istərdim. Bu baxımdan, noyabrın 24-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı sammiti çox mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda əminəm ki, Prezident İlham Əliyevin iradəsi ilə başlayan iqtisadi islahatların davam etdirilməsi qeyri-neft sektorunda, xüsusilə də kənd təsərrüfatı, ərzaq, ətraf mühit və nəqliyyatda sərmayələrin və xarici kapitalın iştirakını daha da stimullaşdırmağa xidmət edəcək. Artıq bu sahələrdə Fransız şirkətləri mühüm müqavilələr əldə edib.

Təbii ki, biz həmçinin, fransız xalqına, eləcə də azərbaycan xalqına doğma olan bəşəri dəyərlərə hörmət uğrunda çalışmağı da vacib sayırıq.

Mən həmçinin şadam ki, 2018-ci il bizə Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyini bayram etmək fürsəti verir.

Fransa Azərbaycanı Avropa ve Asiya arasında körpü olaraq görür

Azərbaycan Cənub Qaz Dəhlizi ilə Fransanın dəstəklədiyi və bir sıra fransız şirkətlərinin (Total/Engie) qatıldığı Şərq-Qərb enerji yol layihəsində artıq əsas rol oynayır. Biz Azərbaycanın həmçinin regional nəqliyyat fəaliyyətinə qətiyyətlə diqqət yetirməsinə də çox böyük bir maraqla yanaşırıq. Bakının Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində beynəlxalq ticarət və tranzitdə əsas regional mərkəz olmaq ambisiyaları var. Oktyabrın 30-da Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımının, Qazaxıstanın baş naziri Baxıtjan Saqintayevin, Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin, Özbəkistanın baş naziri Abdulla Aripovun və həmçinin Tacikistan və Türkmənistanın nümayəndə heyətlərinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı Bakının regional və beynəlxalq mərkəzə çevrilməsində mühüm addımdır. BTQ-ni lokomotivlərlə Fransanın "Alstom" şirkəti təchiz edib və lokomotivlərin birincisinin verilməsi çox güman ki, bu ilin dekabr ayında baş tutacaq. Azərbaycanın gələcək inkişafını və iqtisadiyyatının şaxələndirilməsinı təmin edəcək belə böyük missiyanı reallaşdırmaq üçün Azərbaycan hökumətinin göndərdiyi siqnalların sayı-hesabı yoxdur.

Azərbaycan və Fransa arasında humanitar və mədəni əlaqələr

Təhsil və mədəniyyət sahəsində ikitərəfli tərəfdaşlıq mühüm əhəmiyyətə malikdir və keyfiyyətlidir. Bu, yüksək səviyyəli, çoxdilli azərbaycanlı məzunların yeni bir nəslinin yaranmasına kömək edir. Bildiyiniz kimi, təhsil naziri Mikayıl Cabbarovun iştirakı ilə Fransız-Azərbaycan Universitetinin (UFAZ) yeni binasının açılışı üçün 15-16 sentyabr tarixlərində Avropa və Xarici İşlər nazirliyi yanında Dövlət katibi, Jan Batist Lömuən Bakıya rəsmi səfər etmişdi. Bu universitetin təsis olunması Azərbaycan və Fransa Prezidentləri tərəfindən rəsmən 2014-cü ilin may ayında elan edilib və o, UNISTRA ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında tərəfdaşlıq sayəsində yaranıb. Beləliklə, 2017-ci ilin sentyabrı Fransız-Azərbaycan Universiteti (UFAZ) üçün yeni bir mərhələ oldu, gözəl təmir edilmiş binalar tələbələrin yeni və çox parlaq bir nəslini qəbul etdi. Kimya, geofizika, informatika və neft sahələri, Strasburq Universiteti ilə Renn Universiteti və Neft və Sənaye Universiteti arasındakı gözəl əməkdaşlıq sayəsində tədris edilir.

Parlament səviyyəsində ikitərəfli dialoqun gözəl bir gələcəyi var. Azərbaycan hakimiyyətinin dəvəti ilə "république en marche" partiyasının Essondan seçilmiş deputatı və Milli Assambleyada Fransa-Azərbaycan dostluq qrupunun yeni sədri, Pyer Alən Rafan noyabrın 2-dən 4-dək Bakıda rəsmi səfərdə olub. Azərbaycanın Fransadakı səfiri Mustafayev tərəfindən müşayiət olunan Rafan, Azərbaycan respublikasının Prezidenti, Birinci vitse-prezidenti, Milli Məclisin sədri və xarici işlər naziri tərəfindən qəbul edilib. O, həmçinin Bakıda Fransız Liseyini və Fransız-Azərbaycan Universitetini ziyarət edərək təhsil sahəsində əməkdaşlığımızın mükəmməlliyini vurğulayıb. Mədəniyyət və idman ilə bağlı inkişaf məsələləri ilə çox yaxından məşğul olan Pyer Alən Rafan Gənclər və İdman naziri Azad Rəhimovla görüşüb.

Mən bunu da qeyd etmək istərdim ki, mədəniyyət sahəsində Fransa ilə Azərbaycan arasında tərəfdaşlıq həm Bakıda, həm də əyalətlərdə inkişaf edir. Bu, xüsusilə Azərbaycandakı Fransız İnstitutunun (İFA) fəaliyyətinin nəticəsidir, onun vəzifəsi fransız dilini inkişaf etdirmək, Azərbaycanla Fransa arasında tədbirlər təşkil etmək və mədəniyyət sahəsində mübadilələr aparmaqdır.

Bakı şəhəri ictimaiyyəti qarşısında böyük müvəffəqiyyət qazanmış üç tədbiri: Avropa İttifaqı nümayəndəliyinin üzv ölkələrin yaxından əməkdaşlığı ilə təşkil etdiyi birinci "Imagine Euro Tolérance" Festivalı çərçivəsində nümayiş etdirilən "Xüsusi müxbir Tomas Peske" filmi, fransız akkordeonisti Rişar Qalianonun Yalçın Adıgözəlovun dirijorluq etdiyi "Baku Sinfonietta" orkestrinin müşayiəti ilə Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirak etdiyi və Fransa ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyi parlaq qeyd olunan konserti, və Bakıda Avropa filmləri festivalının 8-ci buraxılışında məşhur kinoşünas və Kan Festivalının baş direktoru Tyerri Fremonun arxiv materialları əsasında çəkdiyi və kinematoqrafiyanın yaranmasına həsr olunmuş "Lumiyer qardaşları" filmi ilə açılışını yada salmaq kifayət edər.


Xəbərə aid fotolar