Cəlilabad-Yardımlı yolunun tikintisinin davam etdirilməsi ilə bağlı yenidənqurma işlərinə start verilib


İqtisadiyyat 20 Noy 2017 02:56:49 324 0

Cəlilabad-Yardımlı yolunun tikintisinin davam etdirilməsi ilə bağlı yenidənqurma işlərinə start verilib

Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur

Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin sərəncamına əsasən "Azəravtoyol" ASC tərəfindən yenidənqurma işlərinə start verilib.

"Azəravtoyol" ASC-dən "Report"a verilən məlumata görə, avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla, 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Yol yatağının eni 10 metr təşkil edir. Bura 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyin hissələr daxildir.

Avtomobil yolunun ümumi uzunluğu 72 km təşkil edir. Yolun 51 km-i Cəlilabad rayonu, 21 km- isə Yardımlı rayonu ərazisindən keçir.

Bundan öncə yolun Cəlilabad rayonu ərazisinə düşən 51 km-lik hissəsinin 35 km-də yenidənqurma işləri aparılaraq yekunlaşdırılıb. İki rayonu birləşdirmək baxımından mühüm əhəmiyyətə malik avtomobil yolunun tikintisinin 2-ci mərhələsi hazırda Cəlilabad rayonu ərazisində qalan 16 km-lik hissədə aparılır.

Cəlilabad rayonu ərazisində aparılan yenidənqurma işlərinin bu ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılıb. Növbəti, 2018-ci ildə isə yolun digər hissəsinin, yəni Yardımlı rayonu ərazisinə düşən 21 km-lik hissəsinin tikintisi nəzərdə tutulub.

Qeyd edək ki, Cəliabad və Yardımlı rayonları arasında yeni bir bağlantı yaradacaq yolun yenidən qurulması ilə 59 yaşayış məntəqəsinin 60 mindən çox əhalisinin gediş-gəlişi rahatlaşacaq, yük və sərnişin daşınması isə asanlaşacaq.