Suriya kürdləri ümidlərini Rusiyaya bağlayıblar
Dünya 19 Noy 2017 13:05:24 264 0
PKK-ya yaxın sayılan "Suriya Demokratik Gücləri" (SDG) adlı təşkilat Suriyada ələ keçirdikləri ərazilərdə muxtariyyat qurulmasının Dəməşq tərəfindən qəbul edilməsini istəyir.
Musavat.com xəbər verir ki, Fransanın "Le Monde" qəzetinin icmalçısı Allan Kaval mövzu ilə bağlı xüsusi yazı qələmə alıb.
"Suriyada döyüşə biləcək sadəcə iki qüvvə qalıb: biz və rejim. Ya konfrontasiya və xaos olacaq, ya da biz siyasi həllin tapılması üçün dialoqa başlamalıyıq. Biz dialoqu seçirik", - "Suriya Demokratik gücləri"nin rəhbərlərindən, "yoldaş" Badran üstüörtülü hədə notları ilə yazı müəllifinə bildirib.
"Türkiyəyə qarşı mübarizə aparan PKK (terrorçu-red.) təşkilatının Suriyadakı davamı YPG-nin dəstələrindən formalaşan "Suriya Demokratik Gücləri" ölkədə federal sistemin qurulmasını tələb edir. Burada əsas məqsəd muxtar bölgənin əsasən kürdlərin kompakt yaşadığı ərazilərlə bərabər, işğal olunan ərəb və türkmən torpaqlarında qurulmasıdır. Hələ ki, müstəqilliklə bağlı tələblər səsləndirilmir", - yazıda qeyd olunur.
Daha öncə İŞİD-ə qarşı mübarizədə məcburi birlik içində olan "SDG" ilə rəsmi Dəməşqin arasının Raqqanın SDG tərəfindən ələ keçirilməsindən sonra pozulduğu vurğulanır. Yazı müəllifinin fikrincə, əvvəllər can dərdi kürdlərə muxtariyyat verəcəyini söylyən Bəşər Əsəd indi bu barədə kəlmə eşitmək istəmir. Noyabrın 7-də isə Suriya prezidenti Deyr əz Zor uğrunda gedən döyüşlərdən sonra müharibənin "ölkənin zəifləməsinə və parçalanmasına çalışan bütün qüvvələrə" qarşı davam etdiriləcəyini bildirib. Bəşər Əsədin bu bəyanatı İran Ali dini şurasının xarici məsələlər üzrə müşaviri Əli Əkbər vilayəti ilə görüşdən sonra səsləndirməsi xüsusilə diqqət çəkir. Bundan daha öncə, noyabrın 3-də Əli Əkbər Vilayəti Beyrutda (Livan) Suriya rejiminin Raqqanı da "SDG"-nin əlindən alacağını demişdi.
"İranın bütün ərazilərin rejimin ixtiyarına geri qaytarılması barədə mövqeyi dəyişməzdir. Lakin Rusiya bu məsələdə daha açıqdır. Suriya məsələsinin federativ ruhda həlli bütün kartların Moskvanın əlinə keçməsinə yardım göstərəcək", - yoldaş Badran Rusiyanı şirnikləndirəcək sözlər söyləyir.