Əllə yazmaq bacarığı məhv olurmu...


Digərləri 18 Noy 2017 21:35:00 356 0

Əllə yazmaq bacarığı məhv olurmu...

Deyirlər ki, əl yazısı sıradan çıxır. Hazırda rabitənin böyük əksəriyyəti klaviatura, planşet və smartfonların köməyilə həyata keçirilir.

Nəyi isə əllə imzalamaq hallarına artıq çox az rast gəlinir.

İndi sadəcə qeyd aparan qurğuya bank kartını qoymaq yetərlidir. Bizim uşaqlarımız sensor ekranında əməliyyatlar aparmaq üçün vacib olan vərdişlərə az qala doğularkən sahiblənirlər.

Bəlkə "yaxşı xətt" anlayışı yeni nəsil üçün artıq qəbuledilməz bir şey olacaq?

Kağız üzərində əllə yazı bacarığı hansısa üstünlük verirmi? Və ya bu qabiliyyət yaxın gələcəkdə həmişəlik itiriləcəkmi?

Qələm? O nəyə lazımdır?

Bir zamanlar əllə səliqəli, aydın yazmağı məktəbdə məcburi qaydada öyrədirdilər. İndi çox şey dəyişib. Finlandiya kimi ölkələrdə, məsələn yazılı dərslər tamamilə ləğv edilərək makinə yazıları dərsi ilə əvəzlənib.

ABŞ-da isə 2013-cü ildə əllə yazmağı öyrənmək tələbi təhsilin başlıca standartlarından çıxarılıb. Bəzi ştatlarda, məsələn Arizonada uşaqlara əvvəlki kimi kağız üzərində əllə yazmağı öyrədirlər. Lakin belə ştatların sayı azdır.

Yeri gəlmişkən, bəzi mütəxəssislər iddia edirlər ki, yazılı dərslərin dolayısı ilə müəyyən faydaları var.

"Tarix və əllə yazmaq bacarığının qeyri-müəyyən gələcəyi" (The History and Uncertain Future of Handwriting) adlı kitabın müəllifi Anne Trubek-in fikrincə, bu cür dərslər avtomatik bacarıqların inkişafına kömək edir.

Burda bu nəzərdə tutulur: siz nəyisə etməyi yaxşı öyrənən zaman bunu fikirləşmədən edirsiniz. Sərbəst zəka ehtiyatları digər məsələlərdə isitfadə edilə bilər.

Trubek-in fikrincə, yazını sürücülüklə müqayisə etmək olar: "Əgər siz avtomobili idarə etmək bacarığını avtomatik hala gətirmizsinizsə, onu sürməyi hər dəfə özünüzə bunu təkrar öyrənmirsiniz: bax burda qaz əyləcinə basmaq lazımdır, burda isə sükanı bir az fırlatmaq lazımdır. Siz sadəcə bunu edirsiniz".

"Biz uşaqlardan məhz bunu istəyirik. Onlar yazmağı öyrəndikdən sonra bir daha hər hərfin hansı elementlərdən ibarət olması barədə düşünməyəcəklər. Onların beyni bu cür fikirlərdən kənar olacaq və daha mühüm işlərlə məşğul ola biləcək. Avtomobildə olduğu kimi - bizim əllərimiz və ayaqlarımız avtomatik lazımı hərəkətləri yerinə yetirir və biz bu zaman yola diqqət edirik".

Bəzən nə isə sadəcə bloknota yazmaq istəyirsən

Trubek bu barədə çoxlu esse və kitab yazıb. Onun fikrincə, əllə yazmaq bacarığı yaxın vaxtlarda, "bəlkə də heç vaxt" sıradan çıxmayacaq. Lakin o, hesab edir ki, klaviaturadan istifadə edən məktəblilər avtomatik bacarıqları daha tez mənimsəyirlər.

Erkən yaşlarından uşaqlar kor-koranə yazmağı öyrənir və əllə yazmaqdan daha tez klaviaturada yığmaları onlara düzgün söz seçimi və ya cümlənin quruluşu barədə daha çox düşünmək vaxtı verir.

Ötən il New York Times qəzetində dərc edilən məqalədə Trubek hazırkı uşaqların mətni daha tez yığmaq bacarığı sayəsində bir-biriylə daha yaxşı ünsiyyət qurduqları ehtimalını söyləmişdi. Lakin bu fikirlə heç də coxları razılaşmamışdı.

Trubek izah edir ki, klaviaturaya keçidin əleyhdarlarının iki başlıca arqumenti bunlardır.

Onların fikrincə, əllə yazmaqdan imtina etmək ilk növbədə tarixin itirilməsinə, ikincisi isə fərdi yanaşma itkisinə gətirib çıxaracaq.

Sonuncuya qarşı o, əks-arqumentlər göstərir: tarixi əlyazmaların 95%-i onsuz da adi insan oxuya bilmir: "bunun üçün xüsusi mütəxəssislər - paleoqraflar lazımdır". (Paleoqrafiya yazının tarixini və qədim abidə yazılarını ona görə öyrənir ki, biz onları oxuya bilək, müəllifi, vaxtı və mətnin yazıldığı yeri müəyyən edə bilək.)

"Fərdi yanaşma"ya gəldikdə isə burada bir qayda olaraq əllə yazılan şəxsi məktublar nəzərdə tutulur.

Məsələn, təbrik açıqçaları (və ya hansı ki, Britaniyada göndərilməsi nəzərdə tutulan minnətdarlıq açıqçaları - tərcüməçinin qeydi).

"Belə hallarda biz açıqçanın yazılmasına vaxt sərf etdiyimizi, bunun bizdən bir az güc tələb etdiyini və buna görə də bizim üçün əhəmiyyətli olduğunu anlatmağa çalışırıq", - deyə Trubek qeyd edir.

"Buna mən cavab verirəm: əgər sizin xəttiniz pisdirsə, münasibətinizi və diqqətinizi göstərməyin müxtəlif yolları var. Məsələn siz bir peçenye qutusu və ya bir dəstə gül göndərə bilərsiniz.".

Təhsil məsələləri ilə bağlı ekspertlərin bir qismi Trubek-lə qismən razıdırlar. Təhsilin inkişafı üsullarının tətbiq edilməsi məsələlərində Finlandiya çox şeydə digər Avropa ölkələrinə yol açır.

2014-cü ildə qəbul edilmiş təhsil standartları və tələblərinin nəzərdən keçirilməsi yazı öyrənməyə qarşı münasibətin dəyişilməsini də nəzərdə tuturdu.

Üstünlük mətnin klaviatura ilə yığılmasına və digər rəqəmsal rabitə üsullarına verilmişdi. Finlandiyanın Milli Təhsil Agentliyinin əməkdaşı Minna Harmanen deyir ki, dəyişikliklərə olan münasibət əsasən müsbətdir.

"Müəllimlər, valideynlər və uşaqlar tərəfindən hansısa şikayət daxil olmayıb", - o bildirir.

Bəzən əlyazmanı müəllifin özü də oxuya bilmir

Onun sözlərinə görə, dəyişikliklərə səbəb əllə yazıdan artıq heç bir yerdə istifadə edilməməsi olub.

"Siz böyüyən zaman işdə demək olar ki, bütün mətnləri kompüterdə yığırsınız və belə ki bunu tez və təbii bir şəkildə etmək daha vacibdir", - Harmanen qeyd edir.