Kəraçidə AzərbaycanPakistan diplomatik münasibətlərinin 25ci ildönümü qeyd edilib FOTO


Siyasət 18 Noy 2017 18:00:00 337 0

Kəraçidə AzərbaycanPakistan diplomatik münasibətlərinin 25ci ildönümü qeyd edilib  FOTO

Pakistanın Kəraçi şəhərində Azərbaycan-Pakistan diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümünə həsr olunan rəsmi qəbul keçirilib.

Son.az bildirir ki, Azərbaycanın bu ölkədəki səfirliyindən Trend-ə verilən məlumata görə, səfirlik tərəfindən Kəraçi şəhərinin "Marriott" mehmanxanasında təşkil olunan mərasimə Sind əyalətinin Baş naziri Murad Əli Şah və əyalətin digər nazirləri, Kəraçi Xarici Əlaqələr Şurasının sədri, sabiq dəniz qüvvələri komandanı Şahid Kərimullah, Kəraçidəki diplomatik korpusun duayeni və Türkiyənin Kəraçidəki baş konsulu Murat Mustafa Onart, digər ölkələrin baş konsulları və diplomatları, Azərbaycanın Pakistandakı səfirliyinin əməkdaşları, media mənsubları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Pakistanın dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə möhkəm təməllər üzərində qurulan, köklü tarixə və mədəni dəyərlərə söykənən Azərbaycan-Pakistan dostluq və qardaşlıq münasibətlərinin son 25 ildə sürətlə inkişaf etdiyini vurğulayıb. Diplomat hər iki ölkənin regional və beynəlxalq məsələlərdə həmrəylik nümayiş etdirdiyini, Pakistanın daim erməni təcavüzünü birmənalı şəkildə qınadığını, Ermənistanı bir dövlət kimi tanımadığını, Azərbaycanın da daim Pakistanı dəstəklədiyini diqqətə çatdırıb.

Səfir hər iki ölkənin dövlət başçılarının diqqəti ilə ikitərəfli əlaqələrin siyasi, iqtisadi, mədəni, elmi, sosial, humanitar və digər sahələrdə uğurla genişləndirildiyini bildirib. O, Azərbaycanda 2017-ci ilin yanvar ayından "ASAN Viza" elektron viza xidmətinin tətbiqi ilə ölkəmizi ziyarət edən pakistanlı turistlərin sayında 4-5 dəfədən çox artım olduğunu deyib.

Yüksək səviyyəli qarşılıqlı səfərlərin mütəmadi olaraq həyata keçirildiyini vurğulayan Əli Əlizadə ölkələrimiz arasında iqtisadi, ticari, müdafiə sənayesi, enerji, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın daha da inkişafı istiqamətində müzakirələrin daim aparıldığı barədə iştirakçıları məlumatlandırıb.

O, qarşılıqlı səmimi etimad və hörmətə əsaslanan Azərbaycan-Pakistan əlaqələrinin daha da genişlənəcəyinə əminliyini bildirib və diplomatik münasibətlərinin 25-ci ildönümü münasibətilə Pakistan hökumətini və xalqını bir daha təbrik edib.

Qədim dövrlərdən Azərbaycan ilə Pakistan arasında dostluq əlaqələrinin, o cümlədən ticarət və mədəniyyət mübadiləsinin olduğunu bildirən Murad Əli Şah Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu bildirib. O, ölkələrimizin 25 illik diplomatik tarix ərzində demək olar ki, bütün məsələlərdə bir-birini dəstəklədiyini vurğulayıb. Pakistanın Dağlıq Qarabağ məsələsinin həllində Azərbaycan ilə həmrəylik nümayiş etdirdiyini deyən Sind əyalətinin Baş naziri Azərbaycanın da Kəşmir məsələsində Pakistanı dəstəklədiyini söyləyib.

Azərbaycan hökumətinin Pakistana maliyyə yardımı göstərdiyini vurğulayan Murad Əli Şah, həmçinin 2010-cu və 2011-ci illərdə Pakistanda, eyni zamanda, Sind əyalətində baş verən daşqın zamanı da Azərbaycanın 2 milyon dollar maliyyə yardımı etdiyini xatırladıb və təşəkkürünü çatdırıb.

Baş nazir Azərbaycanın iş adamlarını Sind əyalətində həyata keçirilən alternativ və bərpaolunan enerji layihələrinə, həmçinin kömür mədənlərinə sərmayə qoymağa dəvət edib, onların səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılacağını deyib və Sind əyalətinin iş adamlarını da Azərbaycanla əlaqələri artırmağa çağırıb.

Azərbaycanda müşahidə olunan sürətli inkişafın onda xoş təəssüratlar yaratdığını qeyd edən Şahid Kərimullah vəzifədə olduğu zaman Azərbaycana etdiyi səfərdən, hərbi dəniz qüvvələrinin formalaşdırılması istiqamətində Azərbaycan-Pakistan əməkdaşlığından danışıb, sonrakı dövrlərdə də bu sahədə birgə fəaliyyətin davam etdirildiyini bildirib. O, Azərbaycan-Pakistan münasibətlərinin səmimi xarakterə malik olduğunu, müxtəlif sahələr üzrə əlaqələrin birgə əməkdaşlığın artırılması ilə daha da genişlənəcəyindən əminliyini ifadə edib.

Murat Onart çıxışında Azərbaycan, Türkiyə və Pakistanın münasibətlərinin xoş niyyət və səmimi dostluq təməli üzərində qurulduğunu və birgə mühüm tərəqqiyə nail olunacağına inandığını söyləyib.

Çıxışlardan sonra Azərbaycanın iqtisadi nailiyyətlərindən və turizm potensialından bəhs edən müxtəlif videoçarxlar nümayiş olunub. Tədbir iştirakçılarına ölkəmiz və Azərbaycan həqiqətlərinə dair müxtəlif məzmunlu kitablar, bukletlər, CD, DVD disklər və digər əyani materiallar paylanıb.

Rəsmi qəbul Pakistan mətbuatında geniş işıqlandırılıb.

Pakistanın qəzetlərində və digər nüfuzlu kütləvi informasiya vasitələrində qəbulla bağlı materiallar dərc edilib, Əli Əlizadənin Pakistan telekanallarına verdiyi müsahibəsi yayımlanıb.


Xəbərə aid fotolar