Kişmiş qutularının arasında gizlədilən yarım ton heroin: məhkəmənin bəraət hökmü FOTO


Digərləri 18 Noy 2017 16:48:00 292 0

Kişmiş qutularının arasında gizlədilən yarım ton heroin: məhkəmənin bəraət hökmü  FOTO

"Ömür boyu zəhmətkeş insan olmuşam, halal yolla pul qazanmışam. 54 yaşım var, uşaq deyiləm. Heç bir ağıllı adam avtomaşına yarım ton heroin yükləyib gömrükdən keçməyə cəsarət etməz. Yaşımın bu çağında özümü təhlükəyə atan vaxtım deyil. Günahsız yerə həbs olunmuşam. Yükü aparmaq üçün mənimlə qiymət danışan, pul ödəyən adamlar məlumdur. Amma onlar istintaqa cəlb edilməyiblər. Sadəcə məni həbs etməklə kifayətləniblər".

Bu sözləri yarım ton heroini qaçaqmalçılıq yolu ilə sərhəddən keçirməkdə ittiham olunan və məhkəmənin hökmü ilə bəraət alan şəxs deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda və külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Bakı şəhər sakini 54 yaşlı Hacıbala Tağıyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Son.az virtualaz.org-a istinadən xəbər veirr ki, prosesə hakim Mirzə Xankişiyev sədrlik edib. Prosesdə hökm oxunub.

Hökmə əsasən, H.Tağıyev 15 noyabr 2014-cü ildə "Sınıq Körpü" gömrük postunu qanunsuz keçdiyinə görə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Eyni ittihama görə, H.Tağıyev ötən ilin mart ayında İran İslam Respublikasının şəxsiyyətləri istintaqa məlum olmayan vətəndaşları ilə əlbir olaraq, yarım tona yaxın narkotik vasitə olan heroini qaçaqmalçılıq yolu ilə Ukraynaya daşımaqla bağlı razılığa gəlib. İdarə etdiyi "DAF" markalı, 90 ZV 438/99 ZC 154 dövlət nömrə nişanlı yük maşını ilə Azərbaycan Respublikasından "tranzit" qaydada keçməklə tranzit yük gömrük bəyannaməsi ilə bəyan edilən 17800 kq çəkidə "kişmiş" yükünü İrandan Ukraynaya apararkən həmin nəqliyyat vasitəsi Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun terminalındakı stasionar-rentgen qurğusundan keçirilib və "kişmiş" yükünün arasında əks olunmuş görüntü şübhə doğurduğundan yükə baxış keçirilməsi qərara alınıb.

Avtomaşının yük yerinə keçirilmiş baxış zamanı orada 918 bağlamada 1800 qutu "kişmiş" yükünün 114 ədəd qutusunda sellofan paketə qablaşdırılmış, üzərilərinə qırmızı istiot səpələnmiş, dördkünc formalı bağlamalarda ağ, sarımtıl rəngli, spesifik qoxuya malik narkotik maddə olan heroin aşkar olunub. Həmin bağlamalar hal şahidlərinin iştirakı ilə elektron tərəzidə çəkilib və qablaşdırma ilə birlikdə ümumi çəkisinin 486 kq 698,88 qram olduğu məlum olub.