8 dəfə əməliyyat olunan Ramiz Əzizbəyli: "Anam gərək məni bu dünyaya gətirməyəydi" FOTO


Kriminal 18 Noy 2017 15:42:00 383 0

8 dəfə əməliyyat olunan Ramiz Əzizbəyli: "Anam gərək məni bu dünyaya gətirməyəydi"   FOTO

Əslində, onunla çoxdan görüşməliydik. Hər dəfə də təxirə düşən bu görüşdə günahkar mən idim: onu xəstə halda yorğan-döşəkdə görmək istəmirdim. Elə uzaqdan-uzağa maraqlanır, müalicə olunduğunu, hətta bunun üçün tez-tez Türkiyəyə getdiyini də bilirdim.

Bu dəfə isə səsi gümrah gəldi: "Ay qardaşqızı, bəs sən bizə nə vaxt gəlirsən?" deyə, soruşanda tərəddüd etmədən "elə bu gün", dedim.

... Zəngi basıram. Yerə dəyən çəlik səsi eşidilir və... qapını özü açır. Ümidsiz və çarəsiz halda Türkiyəyə yola salınan Ramiz Əzizbəyli gələn qonağına özü qapı açmışdı. Sevincim hədsiz idi...

Son.az yenicag.az-a istinadən aktyor-rejisor Ramiz Əzizbəylinin müsahibəsini təqdim edir:

- Həmişə ayaq üstdə sənətkar. -Demə, demə... Sənətkar yaman yıxılmışdı, amma göydə Allahın, yerdə də türk həkimlərinin köməkliyi ilə həyata qayıtdım. Bir də bax, bu qızın sayəsində... ( həyat yoldaşı Zümrüd xanımı göstərir - red.) Xoş gəlmisən, ay qardaşqızı, keç otur. (Ramiz Əzizbəyli rəhmətlik atamla dost olduğu üçün mənə həmişə "qardaşqızı" deyir - red.).

"Qardaşqızı" olmağıma baxmayın, Ramiz Əzizbəylinin evinə ilk gəlişimdir. Qonaq otağına keçirəm. Divardan aktyorun yağlı boya ilə çəkilmiş iki şəkli boylanır. Ortalıqda şirniyyatlar düzülmüş masa var. "Gəl burda otur, - deyir, - bayaqdan çay içmirəm ki, Zakirə gələcək".

- Çayı neynirəm, səni görməyə gəlmişəm. - Əlhəmdülillah yaxşıyam. Bu günə min şükür. Hər gün Allahla danışıram. Deyirəm, ömür ver, yarımçıq işlərimi tamamlayım.

- Hansı yarımçıq işin qalıb ki? - Xəstəxanada olanda 80-nə yaxın məqalə yazdım. İndi o yazıları yığıb, 3-cü kitabımı çıxartmaq fikrindəyəm.

- Demək, xəstəxanada darıxmırdın... - Nə darıxmaq? Bütün günü yazırdım, özü də sol əllə...

- Bəs Zümrüd xanım neynirdi? - Məni bəhanə edib getmişdi. Arvadı yanımda tapmırdım, bütün günü Bursanı gəzirdi . (söhbətə Zümrüd xanım da qoşulur)

Zümrüd xanım - O qədər gözəl yerdir ki... İnan, böyük məmnuniyyətlə orda yaşamaq istərdim. İnşallah, bir aya yenə qayıdırıq ...

- Ramiz müəllimin müalicəsi yarımçıq qalıb deyəsən... - Hə, Bakıya qayıtmağa məcbur olduq. Qızım ana olacaq, oğlan nəvəm gəlir.

- Ay gözünüz aydın, demək, tezliklə, Ramiz Əzizbəyli doğulacaq?

Ramiz müəllim: - (gülür) İki qızım var, 1 qız nəvəm... İndi də oğlan nəvəm gəlir. Amma adını Mirzə qoyacaqlar, Ramiz adını qardaşım öz nəvəsinə qoyub. Körpənin 2 ayı tamam olan kimi yenə dönürük Bursaya...

- Deyəsən, bu gedişlə elə birdəfəlik köçüb orda qalacaqsız... - Bursa cənnət guşəsidi. Heç qayıtmaq istəmirdik. İnsanları o qədər mehribandır ki... Xəstəxanada olanda avqustun 2-də məni Milli Kino günü münasibətilə təbrik etdilər. Hətta baş həkim mənə üçayaqlı əsa da bağışladı.

- Bu suala görə məni bağışlayarsız yəqin... Deyirlər, insan hansısa xəstəlikdən əziyyət çəkəndə bunu, günahının əvəzi kimi dəyərləndirir. Ramiz Əzizbəyli hansı günahının cəzasını çəkir? - (gülümsünür) Ramiz Əzizbəyli "vışşı" oğlandı. Ramiz Əzizbəyli elə-belə kişi deyil ey... Gör kimin nəticəsiyəm. Mənim soyadım ulu babam Əziz bəyin adı ilə bağlıdır. Onu Bakıda az qala hamı tanıyırdı. Çox dövlətli olub. Gəmiçiliklə məşğul imiş. Abşeronun böyük bir ərazisində meyvə bağları, Bakıda xeyli mülkləri, dəyirmanları olub Əziz bəyin...

- Deyəsən, o boyda var-dövlətdən sizə ancaq soyadınız qalıb. - Necə də düz dedin. Sovet hökuməti hər şeyi bizimkilərin əlindən alıb. Ağlım kəsəndən atamı əli Quranlı görmüşəm. Çox sonralar öyrəndim ki, o, Təzə Pir məscidindəki indiki Ruhani məktəbinin əsasını qoyanlardan olub. Təsəvvür edin ki, o boyda bəy nəslinin, o boyda var-dövlətin yeganə varisi olan atam Hacıağa ömrünün son illərinə qədər 11 uşaqlı ailəsini Yasin oxumaqla dolandırıb.


Xəbərə aid fotolar