IDEA Heyvanlara Qayğı Mərkəzində sahibsiz itlərin sterilizasiyası üzrə aksiya keçirilir


Digərləri 17 Noy 2017 16:48:53 237 0

IDEA Heyvanlara Qayğı Mərkəzində sahibsiz itlərin sterilizasiyası üzrə aksiya keçirilir

Sahibsiz itlərinin kütləvi sterilizasiya edilməsi, peyvəndlənməsi və birkalanması üzrə aksiyaya start verilib.

Bakı. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsünə əsasən, IDEA Heyvanlara Qayğı Mərkəzi İctimai Birliyinin təşkilatçılığı və Təmiz Şəhər ASC-nin dəstəyi ilə Bakının Balaxanı qəsəbəsində yerləşən sahibsiz itlərinin kütləvi sterilizasiya edilməsi, peyvəndlənməsi və birkalanması üzrə aksiyaya start verilib. IDEA-dan Trend-ə verilən məlumata görə, tədbirdə Almaniyadan ölkəmizə könüllü əsaslarla səfər etmiş baytar həkimlər də iştirak edir. Noyabrın 24-nə kimi davam edəcək aksiya IDEA Heyvanlara Qayğı Mərkəzinin baytarlıq klinikasında keçirilir. Bakı şəhərinin Balaxanı qəsəbəsi, xüsusən də Təmiz Şəhər ASC-yə məxsus olan məişət tullantıların poliqonu və Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sahibsiz itlər üçün sığınacağı küçə itlərinin ən sıx olduğu ərazilərdir. Bu baxımdan, təşkil edilən aksiya zamanı məhz bu ərazilərdə mövcud olan itlər sterilizasiya ediləcək. Bakı və onun ətraflarında sahibsiz ev heyvanların populyasiyasının sürətlə artması bir çox problemlərə səbəb olur, o cümlədən insanların və heyvanların sağlamlığına təhlükə təşkil edir. Qeyd edilməlidir ki, cəmi bir dişi it və onun balaları cəmi 7 il ərzində dünyaya 67000-ə qədər bala gətirə bilər. Bir çox ölkələrdə tətbiq edilən CVNR üsulu (tut-axtala-peyvəndlə-burax) sahibsiz küçə heyvanlarının sayının tənzimlənməsi və rifahının təmin edilməsinin ən effektiv və humanist yoludur. Buna görə, IDEA Heyvanlara Qayğı Mərkəzi fəaliyyətə başladığı gündən heyvanların intensiv şəkildə sterilizasiyası və peyvəndlənməsi ilə məşğuldur ki, bununla həmin heyvanların nəzarətsiz çoxalması və quduzluğa yoluxmasının qarşısı alınmış olur. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin